Azərbaycanın səfirindən Paşinyana: “Əgər razı deyilsənsə, oyuncaq rejim üçün Ermənistanda ərazi ayıra bilərsən”
Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə həmin qəzetlərin redaksiyalarına məktublar göndərib.
AZƏRTAC xəbər verir ki, səfirin məktubunun xülasəsi “Corriere della Sera” qəzetində dərc olunub. Eləcə də Azərbaycan diplomatının aidiyyəti qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar səfirliyin sosial şəbəkə profillərində yerləşdirildikdən sonra İtaliyanın “Politicamente Corretto” və “Agenzia Nova” kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən tam şəkildə dərc edilib.
Məktublarında erməni baş nazir Nikol Paşinyanın müsahibələrini oxumağın nağıllar aləminə səyahət etmək demək olduğunu bildirən Azərbaycan səfiri deyib. “Görəsən, o, doğrudan da özünü nə qədər gülünc vəziyyətə qoyduğunu anlamır? Anlamır ki, biz orta əsrlərdə yaşamırıq? Anlamır ki, dünyanın əsas mətbuat orqanları vasitəsilə müraciət etdiyi oxucular və tamaşaçılar 2018-ci ildə ölkədəki ağır vəziyyətdən bezərək son ümid yeri kimi İrəvanın meydanına toplaşmış, Paşinyanın nağıllarına və sehirli çubuğuna inanaraq Sarkisyan-Köçəryan kriminal-hərbi xuntasını devirən çarəsiz və sadəlövh kütlə deyil? Anlamır ki, Azərbaycan indi 1990-cı illərdəki informasiya blokadasında olan və dünyaya həqiqəti söyləyə bilməyən ölkə deyil? Əsas sual isə ondan ibarətdir ki, görəsən, erməni xalqı özünün absurd fikirləri və gülünc danışıq tərzi ilə öz xalqını bütün dünyaya biabır edən bir liderə görə xəcalət çəkmir? Yəni, erməni xalqı hələ də anlaya bilməyib ki, Paşinyan dünya ilə danışmaq və dünyanı erməni yalanlarına inandırmaq bacarığına malik şəxs deyil?”.
Səfir oxucuları Paşinyanın nağıllar dünyasından həqiqətlər dünyasına dəvət edərək vurğulayır: “Ermənistanın tarixi səhvi 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları qaldırması ilə başladı ki, bu da sonradan ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlıya qarşı onların tarixi torpaqlarında etnik təmizləməyə, mülki azərbaycanlılara qarşı müharibə cinayətlərinə, Xocalı soyqırımına gətirib çıxardı. Əgər Ermənistan Azərbaycana qarşı bu addımları atmasaydı, biz bu gün nəinki Ermənistanda, bütün Cənubi Qafqazda sabitlik, inkişaf və əməkdaşlıq nöqteyi-nəzərdən tamamilə başqa bir mənzərənin şahidi olardıq. Ermənistanın təcavüzkar siyasəti bu ölkənin bütün regional layihələrdən kənarda qalmasına, onu dünyanın ən kasıb, geridə qalmış və borclanmış ölkələrindən birinə çevrilməsinə, eləcə də istər erməni, istərsə də Azərbaycan xalqına böyük faciələr yaşatmasına gətirib çıxardı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın reallığı qəbul etməsinə və Azərbaycana qarşı siyasətindən əl çəkməsinə təsir göstərə bilmədi”.
Diplomat qeyd edir ki, Ermənistanın bu səhvlər zəncirinin sonuncu həlqəsi isə dövlət idarəetmə sahəsində heç bir təcrübəsi olmayan Nikol Paşinyan kimi bir “siyasətçi”ni hakimiyyətə gətirmək oldu. “Hakimiyyətə gəlmək və onu qoruyub saxlamaq üçün öz xalqına yalan danışan Paşinyan indi də beynəlxalq səviyyədə yalan danışır. İndi isə bunu öz uğursuzluqları və bacarıqsızlığı səbəbindən edir. Bu günlər biz erməni tərəfindən Azərbaycana qarşı saxta iddialarla dolu kəskin hücumların şahidi oluruq: Azərbaycan tərəfində guya sirli türk əsgərlərinin, xəyali islamçı cihadçı muzdluların olması, İslam terrorizminin Ermənistanı məhv etmək və onu soyqırımına məruz qoymaq niyyətləri, bu səbəbdən də Qərb ölkələrinin özünü “xristianlığı ilk qəbul etmiş dövlət” elan edən Ermənistanı müdafiə etməli olduqları kimi şizofrenik iddialar. Erməni yalanlarının həddi-hüdudu yoxdur, amma onların fantaziya qabiliyyətinə həsəd aparmaq olar! Ermənilər onları tutub Marsa aparmaq üçün döyüş meydanında marslıların da olması kimi növbəti iddialar irəli sürsələr, heç təəccüblənmərəm”, - deyə səfir istehza ilə bildirib.
M.Əhmədzadə qeyd edir ki, erməni tərəfinin iddialarının heç birinin sübutu yoxdur, hamısı sözdən başqa bir şey deyil. “Sentyabrın 27-dən bir neçə gün sonra üçüncü bir ölkənin dövlət başçısı erməni tərəfinin bu yalan iddialarını bəyan etdi, lakin bu iddiaların saxta olduğunu anladıqdan sonra həmin şəxs artıq bu mövzuya qayıtmır. Buna baxmayaraq, erməni tərəfi hələ də həmin şəxsə istinad etməyə davam etməklə, əslində, özünü biabır edir. Mən son günlər çoxsaylı müsahibələrimdə erməni tərəfinin iddialarını ifşa etmiş, eləcə də erməni tərəfinin xaricdən muzdlular cəlb etməsi və Ermənistan ordusunun istifadə etdiyi silahların maliyyə mənbələrinin qeyri-müəyyən olması faktları barədə danışmışam”, - deyə səfirin məktubunda qeyd olunur.
Diqqətə çatdırılır ki, Ermənistan rəhbərliyi münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində azərbaycanlı mülki əhalini hədəfə alaraq törətdiyi müharibə cinayətlərinə görə xəcalət çəkməlidir. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh istəmir və nəyin bahasına olursa-olsun Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz suveren ərazisində vuruşan və torpaqlarımızı hərbi işğaldan azad etməyə qadir güclü orduya malikdir.
Fikirlərinə davam edən diplomat qeyd edir: “Qanunsuz oyuncaq rejim olan “Dağlıq Qarabağ respublikası”nın tanınması üçün dünyaya çarəsiz şəkildə yalvaran Paşinyana sual vermək lazımdır ki, nəyə görə Ermənistanın bu rejimi tanımağa cəsarəti çatmır. Bu qeyri-qanuni rejim Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləməni malalamaq üçün yaratdığı kreaturadan başqa bir şey deyil. Bölgədə sülh yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması və azərbaycanlıların öz torpaqlarına qayıtması ilə təmin oluna bilər. Əgər Paşinyan son həftələrdə baş verənlərin fonunda bunu anlamırsa, erməni xalqı belə bir şəxsi özünə lider seçdiyinə görə təəssüf etməlidir. Öz vətəndaşlarını başqa bir ölkənin ərazisinə bilərəkdən ölümə göndərən lider həmin xalqa rəhbərlik etməyə layiq deyil”.
Eyni zamanda, diplomat qeyd edir ki, Dağlıq Qarabağda yaşamaq nəinki ermənilərin, eləcə də oradan qovulmuş və 30 ildir o torpaqlara qayıda bilməyən azərbaycanlıların da haqqıdır. Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduğunu, bizim onlarla həmişəki kimi, yenə də birgə yaşamağa hazır olduğumuzu, hazırda ölkəmizdə Dağlıq Qarabağdan kənarda 30 min erməninin yaşadığını, eləcə də çoxsaylı sinaqoqlar, katolik, pravoslav, protestant kilsələrlə yanaşı, Bakının mərkəzində erməni kilsəsinin də olduğunu bildirib. “Əgər Paşinyan razı deyilsə və belə səxavətlidirsə, ağır iqtisadi və sosial vəziyyətə görə əhalisinin yarısı ölkəni tərk etmiş və boş qalmış Ermənistanın öz daxilində oyuncaq rejim üçün ərazi ayıra bilər. Paşinyan əgər bu utancverici məğlubiyyətdən sonra hakimiyyətdə qala biləcəksə, Ermənistanın daxilində ikinci erməni dövlətini yaratmaq üçün kifayət qədər ərazi tapa biləcəkdir”, - deyə M.Əhmədzadə bildirir.
Azərbaycanın Ermənistanı sülhə məcbur etmək və öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarını Ermənistanın dünyaya soyqırımı kimi satmaq istədiyini deyən diplomat vurğulayıb: “Ermənistanın Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etməsini və orada yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsini, dünya ictimaiyyətinin buna susmasını nə adlandırmaq olar? Əgər erməni tərəfinin bu yalan mesajlarına inanacaqlarsa, bu, ikili standartların növbəti təzahürü olacaq”.
Paşinyanın sözlərinə II Qareginin də qoşulmasının təəssüf doğurduğunu qeyd edən diplomat bildirib: “Tanrının adından danışan dini lider həqiqəti deməli, Azərbaycana qarşı dezinformasiya yayaraq münaqişəni qızışdırmamalıdır”.
S.Xankişiyeva