Cavanşir Feyziyev: “Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir” | 1news.az | Xəbərlər
Siyasət

Cavanşir Feyziyev: “Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir”

12:14 - 04 / 12 / 2020
Cavanşir Feyziyev: “Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir”

"Tarixə qovuşmaqda olan Dağlıq Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən bir münaqişə oldu”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Deputatın sözlərinə görə, keçirilən yüksək səviyyəli görüşlərdən və müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin, o cümlədən ATƏT-in Minsk Qrupunun məqsədi bölgədə sülhə nail olmaq idi, amma nədənsə 30 ildir ki, bu səylər heç bir nəticə vermirdi.

“Nəhayət, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında sülh əldə olundu. Bu sülh ilk növbədə münaqişə tərəflərini qane etsə də, nə qədər təəccüblü görünsə də ondan narazı qalan üçüncü tərəflər də oldu. İlk narazılıq Emmanuel Makronun işğalçını dəstəkləyən çılğın çıxışında özünü büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı və anlaşılmaz vəziyyət yaratdı. Vəziyyətin anlaşılmazlığı isə Minsk Qrupunun həmsədrləri kimi Fransanın və ABŞ-nın tənzimləmə proseslərindən kənarda qalması və məhz Rusiyanın dəstəyi və Türkiyə ilə birgə səyləri nəticəsində bölgədə hərbi əməliyyatlara son qoyulmasını Makronun heç cür həzm edə bilməməsi ilə bağlıdır. Qətnamə layihəsinin hakim partiyanın təmsilçiləri tərəfindən irəli sürülməsi də partiya lideri Makronu Minsk Qrupu prosesində düşdüyü outside vəziyyətindən çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzası ilə əldə olunmuş real sülhə qarşı çıxmaq heç bir baxımdan məntiqli görünmür. Çünki bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük qələbədir, lakin bu Fransanın iştirakı olmadan əldə olunub”.

“İndi sülhün əldə olunmasına hansısa bir şəkildə öz adını yazdırmaq cəhdləri Fransanı nə yolla olur olsun Minsk Qrupunun fəaliyyətinin bərpasına vadar edir. Minsk Qrupunun görəcəyi bir işin qalmadığı da göz önündədir” - deyə, C Feyziyev sözlərinə əlavə edib: 

“Belə olan halda sülh prosesini əngəlləmək və uzatmaq üçün Ermənistan dəst-xətti ilə “Türkiyə hərbiçiləri” və “Suriya muzdluları” kimi saxta və yalan məlumatlar əsasında yeni problemlər yaratmaqdan başqa Fransanın çarəsi qalmır. Məhz bu uydurma iddialar da Senatın Qətnaməsində öz əksini tapıb.

Senatın ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında Fransanın maraqlı olmadığını və Avropa miqyasında bu sülhə mane olmaq cəhdlərini göstərir. Lakin digər Avropa ölkələrinin parlamentlərində Makronun (oxu: Ermənistanın) siyasi xətti dəstək qazana bilmir. Almaniya, İtaliya və Niderland parlamentlərində analoji müzakirələr və qəbul olunmuş qətnamələr yumşaq olmasa da, Azərbaycana və Türkiyəyə qarşı şər-böhtanla dolu olsa da hər halda Fransa Senatının qəbul etdiyi Qətnamənin irəli sürdüyü tələbləri təkrar etmədi. Eyhamı başa düşən Makron və Fransanın bir sıra hökümət rəsmiləri Senatın qətnaməsində təklif olunan addımların atılmasının mümkünsüz olduğunu etiraf etdilər”.

Deputat qeyd edib ki, bunlarla yanaşı Belçika “makronçuları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar:

“Bu da təsadüfi deyil, bir tərəfdən Belçika Avropada Fransaya ən yaxın olan yeganə fransız dilli ölkədir, digər tərəfdən, hazırda Belçikada hakimiyyətdə olan siyasi qüvvələr məhz Makronun partiyasının tərəfdaşları olan liberallardır. 14 oktyabrda müzakirə edilən qətnamə layihəsində Azərbaycandan hərbi əməliyyatların dərhal dayandırılması və geri çəkilməsi tələb olunur, xarici muzdlulardan istafadə olunması kəskin pislənilir, Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması haqqında tələblər irəli sürülürdü.

18 noyabr Qətnamə layihəsinin müəllifləri isə bir qədər də irəli gedərəkParisdə olduğu kimi Brüsseldə də qondarma “Arsax Respublikasının” diplomatik nümayəndəliyinin yaradılmasını, Kosovo presedentinə əsaslanaraq qeyri-qanuni rejimin tanınmasını və 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq qondarma rejimlə diplomatik əlaqələr qurulmasını tələb edirdi. Qətnamə layihəsinin təşəbbüsçülərinin bu mövqeyi yeni deyil. Onlar özlərinin separatçılıq mövqeyinə uyğun olaraq əvvəllər də beynəlxalq birlik tərəfindən tanınmamış bütün digər qeyri-qanuni qurumların tanınması təşəbbüsü ilə çıxışlar ediblər”.

C.Feyziyevin sözlərinə görə, hər iki qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş və adları Azərbaycan XİN-in qara siyahısında yer alan, anti-Azərbaycan fəaliyyəti üçün Belçikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var. 

“Qətnamə layihəsində yer alan “Türkiyənin və xarici muzdluların dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağa təcavüzü” kimi ifadələr isə ermənilərin saxtakar qara təbliğatını təkrarlayır və mətnin erməni lobbisinin diktəsi ilə yazıldığını aydın göstərir.

14 oktyabr və 18 noyabr qətnamə layihələri Belçika parlamentinin beynəlxalq məsələlər komissiyasında müzakirə olunaraq rədd edilib. Buna baxmayaraq sadəcə bu layihələrin komissiyada müzakirəyə çıxarılması faktı yalançı erməni siyasətçiləri tərəfindən guya Azərbaycanı təcavüzkar kimi tanıyan və qondarma rejimin “legitimliyini” tanıyan sənəd kimi Ermənistan mediasında bu günlərədək təbliğ olunurdu.

2 dekabrda həmin komissiyanın sədri tərəfindən irəli sürülən sayca 3-cü Qətnamə layihəsi müzakirə olunub və plenar iclasın müzakirəsinə təqdim olunması haqqında qərar səs çoxluğu ilə qəbul olunub. Komitə sədri özü də Azərbaycanda “persona non- grata” elan olunmuş ermənipərəstdir. Bu layihənin mətnində BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 Qətnaməyə, 30 sentyabr 2020-ci il tarixli BMT TŞ-nın hərbi əməliyyatların dərhal dayandırılmasına və sülh prosesinə qayıtmaq haqqında çağırışına, 6 oktyabr 2020-ci il tarixli BMT Baş katibinin çağırışına, Avropa Şurasının 1 oktyabr tarixli Qərarına, Aİ xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsinin 11 oktyabr 2020-ci il tarixli Bəyanatına və Aİ adından 19 noyabr 2020-ci il tarixli Bəyanatına, eləcə də 10 noyabr tarixli Birgə Bəyanata istinad edərək Azərbaycan hərbi əməliyyatlara başlamaqda günahlandırılır, atəşkəsə əməl olunmasına çağırış edir və bölgədə hələ də davam edən qeyri-sabitlikdən narahatlıq bildirilir. Parlament Belçika hökümətindən beynəlxalq qanunlara hörmət olunmasına nəzarət mexanizmlərini dəstəkləməyi, münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırmağı və münaqişənin birdəfəlik həlli üçün Minsk Qrupunun səylərini dəstəkləməyi tələb edir”.

“Beynəlxalq komissiyada qəbul olunmuş son qətnamə layihəsi dekabrın 17-də plenar iclasın müzakirəsinə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Layihənin mətnində erməni təbliğatının Azərbaycana və Türkiyəyə qarşı yaydığı çoxsaylı saxta ittihamlar yer alsa da, qondarma rejimin tanınması və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir təklif irəli sürülmür və bu baxımdan Fransa Senatının qəbul etdiyi qətnamənin əsas ideyasını dəstəkləməkdən uzaqdır” - deyə, deputat əlavə edib: 

“Beləliklə, bu günədək Fransa Senatı tərəfindən irəli sürülmüş təşəbbüsün Avropa siyasi məkanında dəstəklənmədiyini, Fransanın öz məntiqsiz təşəbbüslərində növbəti dəfə təkləndiyini görürük.

Bu Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransa siyasətinin birinci məğlubiyyəti deyil. Bundan əvvəl də Fransa xarici siyasətinin Suriyada, Liviyada, Livanda və Şərqi Aralıq dənizində iflasa uğraması, Türkiyə, ABŞ və NATO ilə münasibətlərdə dəfələrlə qalmaqallar yaşanması bu ölkənin beynəlxalq qanunlara zidd addımlarının və siyasi məntiqə sığmayan təşəbbüslərinin lideri olmağa iddia etdiyi Avropanın özündə də qəbul olunmadığını göstərir. Növbəti dəfə Fransa siyasətinin özünə ən yaxın ölkələrdən birində - Belçikada dəstəklənməməsi Fransanın beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə uyğun siyasət aparmadığını və bu səbəbdən beynəlxalq siyasət meydanında getdikcə nüfuzdan düşməsini nümayiş etdirir”.

Qafar Ağayev 

Paylaş:
803

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər