Xəyanətin qurbanı olan Şuşa zəfərimizin simvoluna çevrildi – TƏHLİL

Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsas hədəflərindən biri, hətta birincisi Şuşa şəhərinin ələ keçirilməsi idi. Bu isə səbəbsiz deyildi. Belə ki, əlverişli coğrafi mövqeyə malik olan Şuşa Dağlıq Qarabağın mərkəzi Xankəndinin cəmi on kilometrliyində yerləşirdi. Buna görə də ermənilər nəyin bahasına olursa olsun Şuşa üzərində nəzarəti ələ keçirməyə çalışırdılar.
Sıldırım qayada yerləşən Şuşanın alınması mümkünsüz hesab edilirdi. Düşmən uzun müddət şəhəri mühasirədə saxlasa da, istəyinə nail ola bilmirdi. Lakin Şuşa şəhərinin müdafiə olunması üçün isə cəmi 24 ağır hərbi texnika var idi. Hərbi rabitə pis vəziyyətdə idi, şəxsi heyətin hazırlıq səviyyəsi, nizam-intizam pozulmuşdu. Silahlı qüvvələr arasında narazılıq başlanmış, eləcə də dəstələrdə parçalanma şiddətlənmişdi. Şuşanın mühasirəsini yarmaq üçün bir neçə əməliyyat təşkil edilsə də, uğursuzluqla nəticələndi.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Şuşa şəhərini güclü artilleriya atəşinə tutdular. Səhərə yaxın şəhərətrafı postlar düşmən tərəfindən ələ keçirildi. Şuşanın özünümüdafiə dəstələri qəhrəmancasına müdafiə olunsalarda da düşmən həm hərbçilərin sayı, həm də hərbi texnika baxımından böyük üstünlüyə malik idi. Nəticədə köməksiz qalan, xəyanətin qurbanı olan Şuşa ermənilər tərəfindən işğal edildi.
Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərinin işğalı məsələsinə də toxunub.
Şuşanın 1992-ci il mayın 8-də itirilməsinin böyük faciə olduğunu deyən dövlət başçısı bu faciənin günahkarlarının AXC-Müsavat cütlüyü olduğunu söyləyib:
“O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına.
AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.
Milli Məclisin deputatı, birinci Qarabağ müharibəsi veteranı Elman Məmmədov da 1news.az-a açıqlamasında Şuşa faciəsinin əsas səbəbi kimi hakimiyyət uğrunda gedən mübarizəni göstərib. Onun sözlərinə görə, həmin illərdə Azərbaycanın başına gələn fəlakət və faciələrin əksəriyyətinin səbəbi o dövrdə ölkəmizdə mövcud olan hakimiyyət böhranı və boşluğu idi:
“Bəzən insanlarda müəyyən bir unutqanlıq yaranır, yaxud da, yaxın tarixi keçmişimizdə baş verən hadisələr bir qədər fərqli təqdim edilir. Bu cür hallar təbii ki, yolverilməzdir. Ona görə də cənab Prezident Şuşa haqqında danışarkən tarixçilərimizə də səsləndi ki, tarixi olduğu kimi, düzgün yazmaq lazımdır. Heç bir hadisə təhrif olunmamalı, prosesləri təqdim edəndə malalamamalıdırlar. Bəli, bu bir faktdır ki, həmin illərdə Azərbaycanın başına gələn fəlakət və faciələrin əksəriyyətinin səbəbi o dövrdə ölkəmizdə mövcud olan hakimiyyət böhranı və boşluğu idi”.
Həmin dövrün siyasi proseslərinin canlı şahidi olan deputat deyib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda siyasi idarəetmədə çox ciddi zəiflik və boşluqlar yaranmışdı. Müəyyən güc mərkəzlərinin vasitəsilə ölkəmizdə hakimiyyətə yiyələnmək fikrində olan qruplar peyda olmuşdu:
“Təbii ki, həmin yeni qruplar da hər kəsə bəlli olan müəyyən güc mərkəzləri tərəfindən məqsədli şəkildə yaradılmışdı, bəzi dairələr onlara müəyyən ideyalar verərək qrupları idarə edirdilər. Yəni bütün bunlar tarixi faktlardır və bu xaotik dövr yaxın keçmişdə olduğu üçün şahidlər də çoxdur. İndi hadisələri gizlətmək, malalamaq mümkün deyil. O dövrdə hakimiyyətə gəlmək üçün mübarizə aparan qrupların kimlərdən ibarət olması artıq bütün xalqa məlumdur. Bu sırada AXC-Müsavat cütlüyü və digər başqa qüvvələr dayanırdı. Həmin qüvvələri idarə edən güclər, Ermənistana havadarlıq edən mərkəz, İrəvanda oturanlar çox məharətlə ölkəmizdə yaradılmış xaotik durumdan istifadə edirdilər, daxilimizdəki xəyanətkarların əli ilə məqsədlərinə asan şəkildə çatırdılar. 80-ci illərin sonundan başlayaraq torpaqlarımızın işğal olunması düşmən üçün bir nömrəli prioritet idi və ermənilər zaman-zaman bu hədəfə doğru irəliləyirdilər”.
E.Məmmədovun sözlərinə görə, işğalçı ölkənin siyasi elitası məqsədinə nail olmaq üçün əlindən gələni edirdi, daxili çaxnaşmalardan yararlanırdı. Düşmənin öz mənfur niyyətlərini reallaşdırmaq, hədəfinə çatması üçün ölkəmizdə formalaşmış qruplar isə göydən düşmə şans idi. Qısası, 90-cı illərin əvvəllərində Azərbaycanda olan hakimiyyət böhranı, kreslo davası bir növ ermənilərin köməyinə çatdı:
“Xatırlayıram ki, Bakıda hakimiyyət uğrunda mübarizəyə baş qarışdığı bir vaxtda torpaqların müdafiəsi, millətin, ac, əliyalın qalan əhalinin taleyi arxa plana keçirdi. Qeyd edim ki, təkcə Şuşa faciəsi zamanı deyil, Xocalı soyqırımı baş verərkən də belə bir vəziyyət yaranmışdı. Hətta həmin soyqırımdan əvvəl bu cür situasiya yaradılmışdı, sonrakı dönəmlərdə də heç nə dəyişmədi. Yəni ölkədə Şuşanın işğalı zamanı əvvəlki oxşar proseslər davam etdi. İndiki gənclər xatırlamazlar, amma tez-tez telekanallarda göstərilən həmin kadrlara baxıb anlaya bilərlər ki, biz o dövrdə hansı anormal proseslərə şahidlik edirdik.
Məsələn, Şuşanın işğalı ərəfəsidir, kadrlarda görünür ki, mitinqdə çıxış edən Rəhim Qazıyev qəribə fikirlər səsləndirir. O aşkar deyir ki, “mənim nə qədər hərbi texnikalarımı əsgərlərimiz çağırıb Bakıya gətirmisiniz”. Özü də mənim ha! Təbii ki, paytaxtda hakimiyyəti ələ almaq üçün bunu edirdilər. Qeyd edilirdi ki, onlar təcili şəkildə cəbhələrə qayıtmalıydı, müdafiə zəifləyib və s. Bu tarixi faktlardır, belə hadisələr elə zamanda baş verirdi ki, hər şey lentə alınırdı, ortada videogörüntülər var. Bütün bunların hamısı, o dövrdə hakimiyyət uğrunda savaşan səbatsız qrupların hələ də bir-birinə ittihamlar yağdırmaqda davam etməsi sübut edir ki, həqiqətən də cənab Prezidentin dediyi sözlərdə böyük həqiqətlər var. Bu hadisələri inkar etmək, malalamaq mümkün deyil.
Bəli, o dövrdə tarixi və əzəli torpaqlarımızın işğala məruz qalmasında, Şuşa kimi strateji ərazinin satılmasında, Laçının da sonradan el dili ilə desək, “yıxılmasında” çox mühüm səbəb və amillərdən biri hakimiyyət uğrunda gedən biabırçı mübarizə idi. Bu arzuolunmaz daxili çəkişmələr, vəzifə mübarizələri ilə Azərbaycanda dövlətçilik, ordu quruculuğu, torpağın, ölkənin müdafiəsi, əhalinin taleyi sanki hakimiyyət uğrunda gedən mübarizəyə qurban verilmişdi. Təki kimlərsə hakimiyyətə gələrək vəzifə sahibləri olsunlar, torpaq, millət necə olur-olsun onların vecinə də deyildi. Bax, belə faciəvi vəziyyətlə üz-üzə qalmışdıq. Düşünürəm ki, ölkə başçısının tariximizi, bu reallığı insanlara bir daha xatırlatması, tarixçilərə xəbərdarlıq etməsi təqdir edilməlidir”.
Bəli, Qarabağın incisi olan Şuşa xəyanətin, satqınlığın qurbanı olsa da, müzəffər Ordumuzun qəhrəmanlığı, rəşadəti, şücaəti sayəsində artıq möhtəşəm qələbəmizin, zəfərimizin simvoluna çevrilib. Bu gün üçrəngli bayrağımız Şuşamızda qürurla dalğalanır. Azadlığın mübarək olsun Şuşam!
1news.az