Məmurlar Prezidentin sərt tənqidindən dərs çıxaracaqmı? – TƏHLİL
“Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib. Dövlət başçısı qeyd edib ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar:
“Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Görünür Prezident İlham Əliyevin bu tənqidlərindən heç də bütün məmurlar nəticə çıxartmayıblar. Belə olmasaydı fevralın 2-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edən dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində yenidən məmurların ünvanına kəskin iradlarını bildirməzdi.
Prezidentdən sərt xəbərdarlıq: “Buna son qoyulmalıdır”
Xatırladaq ki, dövlət başçısı bəzi məmurların işğaldan azad edilmiş ərazilərdə regional ofis, idarə və digər bu kimi mərkəzlər açmaq istəmələrini sərt şəkildə tənqid edərək onlara öz işləri ilə məşğul olmalarını tövsiyə edib:
“Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır”.
“İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin”
Məmurların əsasən Şuşada ofis açmağa can atdıqlarını da diqqətə çatdıran dövlət başçısı bunun yolverilməz olduğunu vurğulayıb:
“Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir.
Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy, Azərbaycan vətəndaşları bilsinlər. “Azəravtoyol”. Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada “Azəravtoyol” qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?
“Şuşanı məmurlar yox, mədəniyyət paytaxtı elan etmişəm”
Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.
Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.
“Bürokratik idarəetmə ilə uğur qazanmaq olmaz”
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 1news.az-a açıqlamasında Prezidentin məmurları tənqid etməsinə münasibət bildirərkən qeyd edib ki, uzun müddətdir ki, Azərbaycan ictimai rəyində dövlət məmurlarının obrazı ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirilir:
“Hazırda Azərbaycanda islahatlar elə bir mərhələyə gəlib çatıb ki, köhnə yanaşma ilə, bürokratik idarəetmə ilə hansısa bir işdə uğur qazanmaq olmaz. Bir tərəfdən dərin islahatlar gedir, digər tərəfdən isə hələ də bəzi məmur korpusu tam ağırlığı ilə bu islahatların həyata keçirilməsində bir maneəyə çevrilirlər, tormozlayıcı funksiyanı yerinə yetirirlər. Azərbaycan Prezidentinin də sərt tənqidi bu ağır, bürokratik idarəetmə aparatına və bəzi özbaşına qərarlar qəbul edən məmurlara etirazı və xəbərdarlığı idi”.
Bəzi məmurların özbaşınalığının bu vaxta qədər idarərtmədə tətbiq olunan qüsurlu yanaşmadan qaynaqlandığını deyən deputat digər səbəb kimi bəzi məmurların müasir çağırışlarla ayaqlaşmamasını qeyd edib:
“Yeni idarəetmə hər şeydən öncə yeni təfəkkür, səmərəli idarəetmə, eyni zamanda koordinasiyalı sinxron hərəkət etmək deməkdir. Fikir verdikdə görərik ki, bəzi məmurların davranışında və yaxud onların idarəetmə ilə bağlı fikirlərində ardıcıllıq da yoxdur. Prezidentin də dediyi kimi, ilk növbədə təhlükəsizlik təmin olunmalı, infrastruktur yaradılmalı, xüsusi layihələr hazırlanmalı və yalnız nəyin necə olacağı ilə bağlı aydın təsəvvür yarandıqdan sonra bu layihələrin icrasına başlanmalıdır”.
“Yeni idarəetmə ənənələri gətirməliyik”
H.Babaoğlu Prezidentin bəzi məmurların əsas məqsədlərinin Şuşada torpaq zəbt etmək, iqamətgah tikmək olduğu ilə bağlı söylədiklərinə də münasibət bildirib:
“Bütün bunlar Azərbaycan təcrübəsində yaşanmış hadisələrdir. Əsla izn vermək olmaz ki, yeni idarə institutunun tətbiq olunduğu bir əraziyə köhnə ənənələri də daşıyaq. Bu qətiyyən yolverilməzdir. Məhz bürokratik aparatdan, ağır məmur strukturu yaratmaqdan yayınmaq üçün Prezident Şuşaya özünün xüsusi nümayəndəsini təyin etdi.
Hər kəsə aydın olmalıdır ki, Azərbaycanda yeni bir mərhələ başlayıb. Biz qalib xalq kimi yaşamağı öyrənməli, yeni idarəetmə ənənələri gətirməliyik. Hər kəs anlamalıdır ki, hər hansı bir qurum, məmur korpusu Azərbaycan xalqına xidmət etməlidir. Bunu Azərbaycan Prezidenti dəfələrlə deyib. Əgər hansısa məmur başqa bir məqsəd güdürsə və yaxud başqa bir missiyasını görürsə bu artıq Azərbaycanın keçmişi olmalıdır, gələcəyi yox”.
B.Cahandarov












