Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir

Qafar Ağayev09:41 - 04 / 03 / 2021
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir

Martın 3-də Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb.

1news.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev və "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir.

Niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub.

Belə ki, “Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” istiqaməti üzrə birgə fəaliyyətə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi, həmçinin “Microsoft” korporasiyasının formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı daxildir. Tərəflər eyni zamanda, “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdaşlıq etməyə razılıq əldə ediblər. “Tədris və öyrənmə” istiqaməti üzrə əməkdaşlıq nəticələrə əsaslanan şagird mərkəzli öyrənmə, tədrisdə fərdi yanaşma, XXI əsr bacarıqları, gələcəyin müəllim modeli və analitik düşüncənin formalaşması üzrə birgə fəaliyyəti əhatə edir. Tərəflər pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin işə qəbuldan əvvəl texnoloji biliklərinin artırılması üçün xüsusi proqramların tətbiqini planlaşdırırlar. Eyni zamanda, bütün təhsil pillələri üzrə sənaye məzmununun və sertifikasiyanın tədrisə tətbiqi üzrə əməkdaşlıq ediləcək. “Rəqəmsal mühitin formalaşdırılması” istiqaməti bulud texnologiyaları və təhlükəsiz proqram təminatlarının bütün təhsil pillələri üzrə tətbiqini özündə ehtiva edir. Qeyd olunan istiqamət üzrə xüsusi yer tutan fəaliyyətlər “Microsoft” süni intellektin Azərbaycan dilini tanıması və təhsildə qərarvermənin təkmilləşdirilməsi üçün yeni nəsil təhlil alətlərinin tətbiqi üzrə birgə əməkdaşlığın qurulmasıdır. “Təhsilalan və məktəbin uğuru” istiqaməti üzrə isə “Microsoft” korporasiyasının STEAM üzrə məzmunun inteqrasiyası, istənilən məkan, zaman və tempdə təhsilverənlərin texnologiyalar üzrə ixtisaslarının artırılması və sertifikatlaşdırması, yenilikçi fikirlərin, texniki həllərin yerli və beynəlxalq mühitdə təqdimatı, innovativ ekspert modelləri üzrə təhsil almaq imkanlarını özündə ehtiva edir.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər