Dəyanət Sədullayev: Azərbaycan və İtaliya birgə sənaye və investisiya layihələri həyata keçirə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəyanət Sədullayev: Azərbaycan və İtaliya birgə sənaye və investisiya layihələri həyata keçirə bilər

1news Redaksiyası11:13 - Bu gün
Dəyanət Sədullayev: Azərbaycan və İtaliya birgə sənaye və investisiya layihələri həyata keçirə bilər

Azərbaycan İnvestisiya Holdinqi İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə birgə investisiya layihələrinin həyata keçirilməsi, sənaye istehsalının lokallaşdırılması və yeni texnologiyaların ölkəmizə gətirilməsi istiqamətində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

1news.az xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini vəzifəsini icra edən Dəyanət Sədullayev Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Onun sözlərinə görə, enerji sektorunda mühüm nəticələr əldə edən ölkələr indi əməkdaşlığı yeni sahələrə genişləndirməli və birgə investisiyaları təşviq etməlidirlər.

"Bu gün əsas vəzifələrimiz tərəfdaşlığımızın mövcud imkanlarından istifadə edərək əməkdaşlığı yeni sahələrə genişləndirmək, birgə investisiyaları təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaqdır".

Dəyanət Sədullayev qeyd edib ki, 2020-ci ildə Prezidentin sərəncamı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqinin əsas məqsədi idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini artırmaq, korporativ idarəetməni təkmilləşdirmək və dayanıqlı inkişafını təmin etməkdir.

O vurğulayıb ki, Holdinqin beynəlxalq əməkdaşlıq istiqamətində əsas hədəfləri xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli istehsalın genişləndirilməsidir.

"Bizim üçün beynəlxalq əməkdaşlıq yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmır. Əsas hədəflərimiz qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradılmasıdır".

Dəyanət Sədullayev bildirib ki, son dövrlərdə İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə konkret əməkdaşlıq müzakirələri aparılıb.

"İtaliyanın ən böyük dövlət investorlarından biri olan Cassa Depositi e Prestiti ilə Azərbaycanın sənaye sektorunda birgə layihələrin müəyyənləşdirilməsi və maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirmişik. Valvitalia şirkəti ilə enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması, Mina SPA ilə isə mövcud alüminium və soyuq yayma avadanlıqlarının təmiri, eləcə də yeni soyuq yayma xəttinin quraşdırılması məsələlərini müzakirə etmişik".

O bildirib ki, əsas prioritet İtaliyanın texnologiya və istehsal təcrübəsindən istifadə etməklə Azərbaycanda yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirməkdir.

"Bu təşəbbüslər yalnız Azərbaycan bazarının ehtiyaclarının qarşılanması baxımından deyil, həm də Mərkəzi Asiya və digər regional bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Hesab edirik ki, bu əməkdaşlıq gələcəkdə konkret investisiya layihələrinə və birgə istehsal müəssisələrinin yaradılmasına zəmin yarada bilər".

Dəyanət Sədullayev əlavə edib ki, Azərbaycan İnvestisiya Holdinqi İtaliya şirkətləri və institusional investorları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

"Xüsusilə sənaye istehsalı, enerji, logistika və texnologiya sahələrində birgə investisiya imkanlarının araşdırılmasını vacib hesab edirik. Əminik ki, Azərbaycanın iqtisadi potensialı ilə İtaliyanın sənaye və texnoloji imkanlarının birləşdirilməsi hər iki ölkə üçün yeni inkişaf perspektivləri açacaq. Məqsədimiz mövcud dialoqu konkret layihələrə çevirmək və qarşılıqlı investisiyaları artırmaqdır".

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər