Rəhman Hacıyevin Qarabağda vəhşicəsinə dağıdılmış abidələr haqqında fikirləri – FOTO
Müəllif: Rəhman Hacıyev
Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Ermənistanın siyasət meydanında David Babayan adlı qəribə bir şəxs var.
Bu şəxs uzun illər boyu iddia edirdi ki, Azərbaycan Şuşa şəhərini yalnız yuxuda görə bilər, Qarabağa isə biz yalnız o torpaqlarda konsulluq və ya səfirlik açdıqda qayıda bilərik.
Bu gün Rusiyanın “Sputnik” Dövlət İnformasiya Agentliyinin Ermənistan nümayəndəliyi tərəfindən Qarabağın “xarici işlər naziri” kimi təqdim edilən bu şəxs Azərbaycanı (diqqət!) azad edilmiş ərazilərdə Böyük Vətən Müharibəsi (1941-1945) abidələrini məhv etməkdə ittiham edib.
Babayanın bu bəyanatını diqqətdən kənar qoya bilmərəm və bu səbəbdən, irəli sürülən ittihamlara mahiyyəti üzrə cavab vermək istəyirəm.
Lakin, öncə dərc edilmiş xəbərin digər aspektinə toxunmaq istəyirəm.
“Qarabağın xarici işlər naziri” kimi qələmə verilməsi yəqin ki, həm Babayanın özünə, həm də onun İrəvandakı bosslarına xoş gəlib. Axı azı 100 ildir ki, ermənilər “Dağlıq Qarabağ” termininə siyasi məna yükləməyə çalışırlar.
Məhz bu məqsədlə onlar, Çar Rusiyasının məqsədyönlü siyasəti nəticəsində ermənilərin etnik çoxluğa çevrildiyi Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsinə muxtariyyət verilməsinə çalışırdılar. Elə bu səbəbən də onlar öz oyuncaq və heç kim tərəfindən tanınmamış rejimini “Dağlıq Qarabağ Respublikası” adlandırmışdılar.
Budur, ildırımsürətli 44-günlük müharibədə parlaq qələbə ilə Azərbaycan ermənilərin səmərəsiz cəhdlərinə son qoymuş oldu – Dağlıq Qarabağ artıq mövcud deyil (məlumatı olmayanlar üçün qeyd edim ki, Azərbaycan Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında qərarı ilə o hələ 1991-ci ilin noyabr ayında hüquqi olaraq öz mövcudluğunu itirmişdir).
Bu məsələdə son nöqtəni Ali Baş Komandan İlham Əliyev qoydu. Onun başçılığı altında Müzəffər Azərbaycan ordusu düşməni darmadağın etdi.
26 fevralda jurnalistlərin suallarını cavablandırarkən o bu barədə aşağıdakıları bildirmişdi:
“[…] status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik”.
Bilmirəm “Sputnik” agentliyinin İrəvan filialı Moskvadakı mərkəzi ofisdən tapşırıq alıb, yoxsa özünü sığortalamaq istəyib... Yalnız bir şey deyə bilərəm – onların düşüncə tərzi xoşuma gəlir.
Artıq heç bir Dağlıq Qarabağ yoxdur (görbagör oldu!), uydurulmuş “Arsax” da yoxdur, bundan başqa, bu ərazinin heç bir “xarici işlər naziri” də yoxdur.
Cinayətkarlar vardır ki, onlardan biri də Vətən müharibəsi dövründə Vladimir Solovyovun efirlərinin birində (qiyabi də olsa) diskussiya apardığım Samvel Babayandır.
Həmin vaxt Babayan məyus görünür, səhv etmirəmsə, 1915-ci il hadisələri haqqında boş-boş danışır və gözlərindəki qorxunu qətiyyən gizlədə bilmirdi.
Babayanın ittihamlarına gəlincə, qeyd etmək istəyirəm ki, son həftələr ərzində həmkarlarımla birlikdə internet-platformanın yaradılması layihəsi üzərində işləyirik. Bu platforma ermənilərin tarixi torpaqlarımızda törətmiş olduqları dəhşətli dağıntıların sübutlarının əks olunduğu bir növ saxlanc olacaq.
Hər birimiz azad edilmiş torpaqlarda yerləşən çoxsaylı yaşayış məntəqələri, şəhərlər və kəndlərdə (sözün həqiqi mənasında!) daşın-daş üstə qalmadığını əks etdirən görüntüləri dəfələrlə görmüşük.
Erməni işğalçıları memarlıq abidələrinə də rəhm etməyiblər. Bu torpaqlarda yüzilliklər boyu mövcud olmuş məscidlər və məbədlər dağıdılmış və xarabazara çevrilmiş, Azərbaycan xanlarının və bəylərinin saray və iqamətgahları eybəcər hala salınmış və ya daşlarınadək sökülmüşdür. Azərbaycan xalqı bu dağıntıların çoxunu günümüzə gəlib çatmış şəkillər və çertyojlar əsasında bərpa etməli olacaqdır. Demək olar ki, hər bir kənddə və şəhərdə evlər və qəbristanlıqlar məhv edilmişdir.
Erməni vandalları psevdo-nazir Babayanın ağzı köpüklü şəkildə haqqında danışdığı abidələrdən də yan keçməyiblər. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin şərəfinə ucaldılmış memoriallar heç də Ağdam və digər rayonların məscid və qəbristanlıqlarından az zərər çəkməmişdir.
Sözlərimin sübutu kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın fotoqrafları tərəfindən azad edilmiş ərazilərdə çəkilmiş bir neçə şəkli təqdim edirəm.
Bu yazının altında Böyük Vətən Müharibəsində qələbənin şərəfinə Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında ucaldılmış abibələrin şəkillərini görə bilərsiniz.
İnanın ki, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən hazırda qeydiyyatı və qiymətləndirməsi aparılan dağıntıların miqyası ilə müqayisədə bu sadəcə dənizdə bir damla kimidir.
Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Azərbaycan xalqı Qarabağı dirçəldəcək və onu dünyanın ən gözəl guşələrindən birinə çevirəcək. Çünki işğaladək bu ərazi məhz belə olub.
Torpağın əsl sahibləri haqqında yaddaşı məhv etmək məqsədilə Qarabağda abidələrin və maddi sərvətlərin dağıdılması haqqında həqiqəti dünyaya çatdırmaq və onun unudulmasına imkan verməmək üçün bu barədə uzun illər boyu yazmaq, danışmaq və göstərmək lazımdır.
Bizim nəsil bütün bunları sənədləşdirəcək və mütləq gələcək nəslə danışacaq ki, illər keçdikdən sonra onlar unutqanlığın gətirib çıxardığı iztirablar və bədbəxtliklər barədə unutmasınlar.
Dirçəliş təkcə yenidən qurma (reconstruction) və təmir (repair) demək deyil. Bu həm də islahatlar (reform) və şübhəsiz ki, irəli getməyin əsasını təşkil edən yaddaş (remember) deməkdir.
Gələcəkdə yenidən bu mövzuya qayıtmağa çalışacağam. Babayana cavab vermək üçün isə 2 səhifə də kifayətdir.
Bundan artığına o layiq deyil.