Pianoçu Müşfiq Quliyev: “Daha çox insanın klassik musiqini sevməsi və ona qulaq asması məgər pisdir?” – FOTO – VİDEO
İstedadlı azərbaycanlı pianoçu, beynəlxalq və yerli müsabiqələrin laureatı Müşfiq Quliyev klassik musiqiyə olan sevgisi, musiqiçi kimi təşəkkül tapması və yaradıcılıq planları haqqında “First News Media”ya danışıb.
28 yaşlı pianoçu ömrünün 24 ilini musiqiyə həsr edib: “Mən Buzovna qəsəbəsində böyümüşəm və lap uşaqlıqdan bilmişəm ki, həyatım musiqi ilə sıx bağlı olacaq. O vaxt məndən soruşanda ki, “Böyüyəndə kim olacaqsan?”, düşünmədən pianoçu olacağımı deyirdim və gördüyünüz kimi elə də oldu”.
Muşfiq Quliyev deyir ki, ailəsində musiqiçilərin sayı az deyil, lakin onların əksəriyyəti xalq musiqisi ilə məşğuldur. Elə o özü də Azərbaycan xalq musiqisi ilə böyümüş və sonradan klassik musiqiyə vurulmuşdur: “Ən çox konkret hansı bəstəkarı və ya əsəri sevdiyimi deyə bilmərəm, çünki hər şey mənim əhvalımdan və ruh halımdan asılıdır. Lakin onu deyə bilərəm ki, ümumilikdə klassik musiqi mənim böyük sevgimdir. Mənim proqramıma Baxın, Bethovenin, Bramsın, Debüssinin, Şopenin və dünyaca məşhur digər bəstəkarların əsərləri daxildir, lakin konsertlərimdə hər zaman Qara Qarayevin, Fikrət Əmirovun, Vaqif Mustafazadənin və əlbəttə ki, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin əsərləri səslənir”.
Pianoçu ilk gündən etibarən ona dəstək verən və inanan bütün müəllimlərinə minnətdar olduğunu bildirir. Xatırladaq ki, M.Quliyev peşəkar təhsilini həm Azərbaycanda, həm də Avropada almışdır: “7-ci sinifdə oxuyanda Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. Orada mənim müəllimim gözəl musiqiçi, Azərbaycan Respublikasının əməkdar müəllimi Dilarə Mirzəquliyeva olmuşdu. Bakı Musiqi Akademiyasının tələbəsi olduqda da onun sinfində dərs almışam”.
M.Quliyev 2,5 il akademiyada təhsil almış və 3-cü kursda ikən Yozef Haydn Konservatoriyasına daxil olduğu Vyanaya köçmüşdür. Qeyd edək ki, musiqiçinin Avstriyadakı təhsilinin bütün xərclərini Azərbaycanın Avstriyadakı səfiri olmuş, mərhum Fuad İsmayılovun adını daşıyan “Gələcəyə doğru” xeyriyyə fondu öz üzərinə götürmüşdür. Eyni zamanda o paralel olaraq Bratislavada, Tələbə mübadiləsi proqramı üzrə İfaçılıq Sənəti Akademiyasında təhsil almışdır.
“Bu çox möhtəşəm idi. Bəzən bir gündə ən məşhur musiqiçilərin 4 konsertinə gedirdim. Həm də Vyananın mərkəzində, ən əsas musiqi meydançalarının yaxınlığında yaşadığımdan tez-tez artistlərin səhərlər məşqlərə getdiklərini görürdüm. Vyanada yaşayıb-təhsil almaq, həmçinin dünya şöhrətli Stanislav Tixonovun tələbəsi olmaq bir musiqiçi kimi mənim üçün inanılmaz şans və böyük nailiyyət idi”, - deyə M.Quliyev bildirir.
Daha sonra Müşfiq Quliyev “Santa-Çeçiliya” Akademiyasına qəbul olur və İtaliyaya köçür. Bununla da o, bu nüfuzlu musiqi təsisatında təhsil alan ilk azərbaycanlı olur. Akademiyaya qəbul olmazdan öncə gürcü pedaqoq Esma Kiriyadan dərs alması ona öz istedadını daha da təkmilləşdirmək imkanı verir.
“Hər bir müəllimim mənim üçün doğma və əzizdir. Biz daim əlaqə saxlayırıq. Mənə çox şey öyrətmiş bu cür peşəkarları qarşıma çıxardığına görə taleyimə minnətdaram”, - pianoçu vurğulayır.
Müsabiqələri musiqiçilər üçün çox vacib və gərəkli hesab edən Müşfiq Quliyev çoxsaylı beynəlxalq müsabiqələrdə iştirak etmişdir: “Mənəvi cəhətdən güclüsənsə, müsabiqədə hər hansı uğursuzluq səni sındıra bilməz, əksinə, öz üzərində daha çox işləməyə və yeni yaradıcılıq zirvələri fəth etməyinə rəvac verə bilər, eləcə də qələbə səninçün bir çox qapıları aça bilər. Əsası budur ki, uğursuzluğa düçar olduqda hər şeydən və hər kəsdən küsüb, depressiyaya düşməyəsən. Sadəcə, irəli hərəkət edib, çətinliklərə baxmayaraq, yeni-yeni yaradıcılıq zirvələri fəth edəsən. Bundan başqa, hər bir müsabiqə təkcə musiqiçilərlər deyil, həm də yeni artistlər axtarışında olan və maraqlı təkliflər edə biləcək beynəlxalq menecerlərlə yeni tanışlıqlar deməkdir. Bu səbəbdən, müsabiqələrə marağım var və onlarda iştirak etməkdə davam edəcəyəm”.
Pianoçu qeyd edir ki, bu və ya digər müsabiqədə hər bir iştirak yaradıcılıq təcrübəsini artırmağa imkan verir. Məsələn, İtaliyada keçirilmiş müsabiqələrdən birində qalib gəlməklə o, məşhur “Yamaha” studiyasında səs yazmaq imkanı qazanmışdır: “Bu hələ Bakıda təhsil alarkən baş vermişdi. Bu, mənim üçün əla şans və çox dəyərli yaradıclıq təcrübəsi oldu”.
“Klassika hamı üçün deyil, hamı onu sevmir və heç sevməli də deyil. Lakin, mənə elə gəlir ki, musiqiçilər gənc nəslin diqqətini daha çox klassik musiqiyə cəlb etməyə və bununla da öz auditoriyalarını genişləndirməyə çalışmalıdırlar. Amerika və Avropada, əsasən də açıq havada çoxlu festivallar təşkil edilir. Bu festivallarda müxtəlif musiqi üsublarının və janrlarının balansı qorunur. Burada hər bir dinləyici özü üçün nəsə tapır və eyni zamanda yeni nə iləsə tanış olur. Bizdə də festivalların və konsertlərin sayı az deyil, lakin onlar həddən artıq klassik yönümlüdür. Son 20 il ərzində bu dəyişmir və müvafiq olaraq da yeni auditoriya cəlb etmir. Gənclərə bu maraqlı deyil və bu normal haldır. Bəzən mən özüm də klassik musiqidən yoruluram”, - deyə Müşfiq Quliyev fikrini davam etdirir.
M.Quliyev bildirir ki, klassik əsərlər ona özünü rahat hiss etmək imkanı verir. Bununla belə, o qeyd edir ki, ona maraqlı olan digər musiqi istiqamətlərini də dinləyir: “Əvvəllər Azərbaycan estradasına çox qulaq asırdım, lakin indi, düzü, bir o qədər də dinləmirəm, çünki əvvəllər musiqi daha maraqlı və keyfiyyətli idi. Musiqini dinləyiciyə necə çatdırmaqdan çox şey asılıdır. Bu yaxınlarda dostum İsmayıl Zeynalovla birlikdə İstanbulda İohan Bramsın əsərlərindən birinə klip çəkdirmişik. İşimiz çox ürəyəyatımlı alındı. Müasir formada çəkilmiş video gənclərin diqqətini cəlb etdi. Həm bu, həm də bir çoxlarının məhz bu klip sayəsində Bramsla tanış olması və bəlkə də onun yaradıcılığının pərəstişkarına çevrilməsi çox sevindiricidir”.
Pianoçu xatırlayır ki, Bakıdakı ilk böyük konsertindən öncə o, yenə də İ.Zeynalovla birlikdə maraqlı üslublu konsert tizeri hazırlamışdı. Həmin tizer klassik musiqidən uzaq auditoriyanın diqqətini cəlb etmişdi: “Vətənimdəki ilk konsertimə təkcə klassik əsər həvəskarlarının deyil, həm də klassik musiqi ilə məhz mənim konsertimdə tanış olmuş şəxslərin gəlməsi mənə çox xoş təsir bağışlamışdı. Gənclərin diqqətini klassik musiqiyə çəkmək asan deyil və çox şadam ki, məndə bu alınır. Heç də hamı klassikanı dinləməlidir, yəqin ki, buna heç gərək də yoxdur. Bu hər zaman belə olub. Hər kəs klassik musiqini dərk edə bilmir. Lakin o gözəldir və bu, danılmaz faktdır. Daha çox insanın klassik musiqini sevməsi və ona qulaq asması məgər pisdir? Əsas budur ki, bunu məcburi etməyəsən. Nəyisə sevməyə məcbur etmək mümkün deyil. Dinləyici musiqini özü seçir. Musiqini diqqəti cəlb edən və ürəyəyatımlı şəkildə təqdim etmək bizdən asılıdır”.
Musiqiçi hesab edir ki, klassik musiqinin böyük kütlə arasında məşhurlaşdırılmasına populyar artistlərlə musiqi kollaborasiyaları da təsir edir: “Dünyada bu cür nümunələrin sayı çoxdur. Mənim də belə bir kollaborasiyam var. Söhbət, pop-ifaçı Tomris Naibli və vokalçı İsmayıl Zeynalovla birlikdə təqdim etdiyimiz Sevda Ələkbərzadənin “Ulu Vətən” mahnısının ortaq versiyasından gedir. Çoxları bizim əməkdaşlığımızı təəccüblə qarşıladı, lakin məhz onun sayəsində hər birimizin dinləyicisi özü üçün yeni adlar kəşf etdi və biz öz auditoriyamızı genişləndirə bildik. Hər zaman bu cür layihələrdə məmnuniyyətlə iştirak etməyə hazıram!”
“Musiqi mənim həyatım, hər şeyimdir. Hər zaman və musiqi ilə bağlı hər şeydə mənə hər cür dəstək verdiklərinə görə, valideynlərimə, müəllimlərimə, dostlarıma və yaxınlarıma böyük təşəkkürü bildirmək istəyirəm. Bu dəstək mənim üçün çox qiymətlidir. Musiqi malik olduğum ən dəyərli şeydir, musiqi mənim özümdür”, - deyə M.Quliyev bildirir. O qeyd edir ki, özünü qavradığı vaxtdan bəri hər zaman özünü musiqidə, musiqini isə özündə hiss edib.
“Özümü musiqidən kənarda hiss etmirəm və hesab edirəm ki, hər kəsin daxilində musiqi var”, - deyə pianoçu əlavə edir. – Dostlarım, tanışlarım, sosial şəbəkələrdəki izləyicilərim mənim yaradıcılığım vasitəsilə musiqiyə aşiq olduqda və özləri üçün yeni nəsə öyrəndikdə, daha sonra isə bu və digər məsələlərlə bağlı mənimlə məsləhətləşməklə, notları və sərbəst şəkildə musiqi alətlərində ifa etməyi öyrənməklə, qeyri-peşəkar şəkildə olsa da, musiqiçi olduqda uşaq kimi sevinirəm. Bu cür hallarda mənəvi rahatlıq hiss edirəm və bir daha əmin oluram ki, musiqi bizim hər birimizin daxilində yaşayır və hər kəs musiqini özünəxas şəkildə hiss edir və göstərir”.
Müşfiq Quliyev özünün də musiqi bəstələdiyini, lakin onu hələ geniş auditoriyaya təqdim etmək niyyətində olmadığını bildirib: “Bəzən musiqi bəstələyirəm, lakin bunu ilk növbədə ictimaiyyət üçün deyil, özüm üçün edirəm. Hər halda hələlik bəstələdiyim musiqini dinləyicilərlə paylaşmaq istəmirəm. Lakin yaxın zamanlarda nəyisə təqdim edə biləcəyimi istisna etmirəm. İndi isə mənim bəstələdiyim musiqi, açıqlamaq istəmədiyim yaradıcılıq sirrimdir”.
Yaradıcılıq motivasiyası haqqında danışarkən M.Quliyev qeyd edir ki, onu yaxşı musiqi və yaxşı musiqiçilər, xüsusilə də əməkdaşlıq və dostluq etdiyi musiqiçilər ruhlandırır: “Hazırda İstanbul Opera Teatrında pianoçu kimi fəaliyyət göstərirəm. Hələ ki, karantinlə bağlı məhdudiyyətlər səbəbindən yalnız bir tamaşayla çıxış edə bilmişik, lakin bu inanılmaz bir tamaşa idi. İlk dəfə balet pianoçusu rolunda çıxış etdim və səhnədə baş verənlərdən sözlə ifadə edilə bilməyən emosiyalar yaşadım. Bu isə yaradıcılıq baxımından məni daha çox ruhlandırdı”.
Hazırda pianoçu baletlə bağlı bir neçə maraqlı musiqi layihələri üzərində çalışır. Planda, klassik əsərlər üzərində qurulmuş musiqili balet şousu var. Hazırda həmin klassik əsərlər seçilməkdədir: “Bundan başqa, Azərbaycan, Rusiya və Avropa klassiklərinin yaradıcılığına müraciət etməklə silsilə studiya yazıları hazırlamaq istəyirəm. Baletlə bağlı layihələrə gəlincə, burada təkcə klassika deyil, həm də müasir musiqidən də istifadə ediləcək. Bütün bunlar da balet artistləri ilə müzakirə edilir. Çox istəyirəm ki, balet musiqisi yazım. Hazırda bunun üzərində çalışıram”.
Motivasiya mövzusunu davam etdirən M.Quliyev bildirir ki, valideynləri və doğmaları da onu ruhlandırırlar: “Bəzən qardaşım mənə zəng edib soruşur ki, niyə bu və ya digər melodiyanı ifa etmirəm. Onu repertuarıma daxil etməyi məsləhət görür. Mən də bu məsləhətə qulaq asıram, çünki başa düşürəm ki, doğmam mənim yaxşılığımı istəyir. Mənim yaxın dostum var – İsmayıl Zeynalov. Onunla biz çoxsaylı maraqlı musiqi layihələrində işləmişik, işləyirik və işləyəcəyik. Ümumilikdə, yaradıcı insanın yanında ona inanan və hər zaman dəstək olan yaxşı insanların olması çox vacibdir və mən şadam ki, ömür və yaradıcılıq yolumda yanımda məhz belə insanlar olub”.