Ermənistanla sərhəddə DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başlayıb - FOTO
Aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) 1news.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.
Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkilinin böyük əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layiqincə gələcəklərinə əminlik ifadə olunmuşdur.
Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirmişlər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilmişdir.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunmuşlar.