Vüqar Rəhimzadə: Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq
“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı da edirdi ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır. Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasına nümunə göstərilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki nitqində yer alan fikirlər yalnız ölkəmizin deyil, eyni zamanda, türk dünyasının bu günü və gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. »
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi Onun növbəti dəfə bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur: “Prezident İlham Əliyev Zirvə görüşündəki nitqində Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə faktlar əsasında diqqət yönəltdi. Ermənistanın sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın sabiq müdafiə nazirinin yeni əraziləri işğal etmək anonslarını bir daha diqqətə çatdıran cənab İlham Əliyev ardıcıl təxribatlara cavab olaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin baş verdiyini bildirdi. Bir daha qeyd etdi ki, Ermənistanın xarici dəstək olmadan Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması mümkünsüz idi. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması işğalçı dövlətin danışıqlar prosesini imitasiya naminə aparması ilə müşayiət olunurdu. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri –ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri, dünyanın aparıcı dövlətləridir, 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qətnamələrə məhəl qoymamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına görə hansısa bir sanksiyanın tətbiq edilməməsi daim sual doğuran məqamlardan olub. Ərazisinin 20 faizi işğal altında, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan Azərbaycan haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üz-üzə qalanda Ermənistanın işğalçılıq, etnik təmizləmə, soyqırımı və sair kimi cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilməsi aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları qətiyyən düşündürmürdü. Dövlətimizin başçısı İlham Əliyev nitqində səslənən “Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi» kimi bəyanatlar 30 ilə yaxın dövrdə Ermənistana maddi və mənəvi dəstək göstərən, bu kasıb, hətta mən deyərdim ki, dilənçi ölkəyə ən müasir, alınması böyük məbləğdə vəsait tələb edən silahlar hədiyyə edən dövlətlərə ciddi dərs olmalıdır. Bəyanatlar kağız üzərində qalıb saraldıqca dünya dövlətləri özlərinə qarşı inamsızlıq mühiti yaratmaqla yanaşı, beynəlxalq hüquq probleminin yaşandığını da təsdiqləmiş olurdular. Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu müddətdə edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.»
Baş redaktor bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı tarixlə regionda və dünyada yeni reallıqlar yaratdı. Bu gün həmin reallıqların ölkəmizin qarşısında geniş imkanlar açdığının şahidiyik: «Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının nitqində yer alan digər məqam - Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» fikirləri perspektivlərin aydın mənzərəsini yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən müddət ərzində qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib. Cənab İlham Əliyev Türk Şurasının qeyri-formal Zirvə görüşündə bugünümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd etdi ki, Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq. Verilən hər bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi. Bununla bir daha bəyan etdi ki, dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Bu əminlik də ifadə olundu ki, növbəti canlı təmaslar əsnasında bu məsələni daha geniş formatda müzakirə edəcəyik.»
Vüqar Rəhimzadə bildirib ki, göründüyü kimi, hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzunun aktuallığı ilə yanaşı, quruma üzv dövlətlərin malik olduğu imkanların, həmçinin bir-birinə münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır: «Ən əsası bu reallıq bir daha önə çəkilir ki, səylər birləşdiriləndə, məsələyə ədalətli yanaşma olduqda hədəfə tez və lazımi səviyyədə çatmaq mümkündür. Azərbaycan-Türkiyə birliyini önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Türkiyə Prezidenti dünyaya bu mesajı çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə daim onun yanındadır. Azərbaycan bu dəstəyi Vətən müharibəsi başlanandan bu günə, işğalandan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin aparılmasınadək hiss edir. Türk Şurasının Zirvə görüşündə “Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən qısa zamanda - Ramazan bayramından sonra özünün dediyi kimi, qardaşı, dövlətimizin başçısı İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək arzusu da bu birliyin uğurlu davamının, sarsılmazlığının göstəricisidir.»