Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü | 1news.az | Xəbərlər
Siyasət

Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü

S.Xankişiyeva17:11 - 02 / 04 / 2021
Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü

Beş il əvvəl - 2016-cı il aprelin 2-5-də Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı.

Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin əks-sədası beynəlxalq aləmdə də dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bu fikirləri AZƏRTAC-açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

2003-cü ildən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaratdı.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2019 il aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında bildirdi ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, hərbi hissələrimiz yenidən qurulur və tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.

2016-cı ilin Aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandıran dövlət başçısı İlham Əliyev deyib: “...Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik... Əgər Aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, Aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Qeyd etmək vacibdir ki, 2016-cı il aprelin əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırıb. Bunun davamı olaraq, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Nəticədə, minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalandı.

Ali Baş Komandan hərbi potensialımıza yüksək diqqət göstərdiyimizi və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd edib ki, bizim ordumuzun döyüş qabiliyyəti artmış, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut etmiş və bu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə sahib olmuşdur: “Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin həlli haqqında danışan dövlətimizin başçısı bizim mövqeyimizdə heç bir dəyişiklik olmadığını bildirərək vurğulayıb ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağın bizim əzəli, tarixi torpağımız olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşadığını, qurub, yaratdığını bildirən Ali Baş Komandan Azərbaycanın mövqeyinin həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslandığını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söylədiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Eyni zamanda, Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün konkret faktlarla təcavüzkarı ifşa etdi.

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bir daha dünya birliyinin diqqətinə çatdırıb ki, Ermənistan Beyrutdakı partlayışdan sonra vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə qanunsuz məskunlaşdırma siyasəti ilə məşğuldur və bu da 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır, eləcə də müharibə cinayətidir. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onlardan Azərbaycana qarşı istifadə edir, eləcə də erməni ASALA terror təşkilatının işğal edilmiş Azərbaycan ərazilərində olması ilə bağlı etibarlı məlumatlar var.

Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasətini bütün beynəlxalq platformalarda, eləcə də mühüm görüşlərdə ifşa edən Azərbaycan Prezidenti təcavüzkara Aprel döyüşlərini yaddan çıxarmamağı hər dəfə xatırladırdı. Ancaq bütün bu xəbərdarlıqlara həm Ermənistan, həm də beynəlxalq birlik tərəfindən heç bir reaksiya olmadı, Ermənistana qarşı heç bir tədbir görülmədi. Elə bu səbəbdən, cəzasızlıqdan istifadə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu.

Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəmi 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Nəticədə, hərbi-diplomatik uğurlar informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Ümumilikdə, qeyd etmək lazımdır ki, Aprel döyüşləri – Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi, həmçinin 44 gün ərzində düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və bu da Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Paylaş:
375

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər