Vüqar Rəhimzadə: Ölkə Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə öz sahiblərinə qovuşan torpaqlarımız bu gün sevincli günlərini yaşayır.
Artıq 30 ilə yaxın dövrdə bu ərazilərdə ermənilərin dağıntılarını, vəhşiliklərini yenidənqurma və bərpa işləri əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri də bir sıra obyektlərin təməlinin qoyulması ilə yadda qaldı. Torpaqlarımızda başlanan yeni həyat 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Zəngilanda birinci «Ağıllı kənd» layihəsinin təməlinin qoyulmasını Böyük Qayıdışın məhz bu gün başlanması kimi dəyərləndirən Prezident İlham Əliyev bütün kəndlərin, yaşayış məntəqələrinin bərpa olunacağını bildirdi.
Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilanda, həmçinin beynəlxalq hava limanının təməli qoyuldu. Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanının inşası Füzuli rayonu ərazisində uğurla davam etdirilir. Qeyd edək ki, Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara verilməsi nəzərdə tutulur.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə bildirib ki, yenidənqurma və bərpa işlərində əsas istiqamətlərdən biri dini və tarixi abidələrimizin bərpasıdır. Ermənilər bu abidələrimizi yerlə-yeksan etməklə tariximizi silməyə, onları özününküləşdirməyə səy göstərmişdilər. Amma zaman göstərdi ki, bu dağıntılar tarixi silmək iqtidarında deyil. Dost ölkələrin şirkətləri bu prosesə də cəlb edilib. Artıq Zəngilan məscidinin bərpasına başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin binanın bərpası, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflər və layihə hazırlanıb.
Diqqəti Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanatlara yönəldən V.Rəhimzadə bir daha Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan bəhs edib: «Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində bir an belə geri çəkilmədi. 44 günün hər günü tariximizə Zəfər günü kimi yazıldı. Ermənistan silahlı qüvvələri ordumuzun gücünün, qüdrətinin qarşısında geri çəkildi, hərbi texnikalarını, silah sursatı qoyub qaçdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü texnikalar ziyarətçilərə təqdim olunur. Bu park, ümumilikdə, Azərbaycan Ordusunun hansı çətinliklər, qəhrəmanlıqlar sayəsində torpaqlarımızı işğaldan azad etdiklərinin təqdimatıdır. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilmədilər. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açdı. Hazırda müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Sərhədçilərimiz işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib.»
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə elə bir dərs verib ki, tarix boyu yaddan çıxarmaq imkanında deyillər» söyləyən V.Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər: «Ölkə Prezidenti İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edir ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. O da vurğulandı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.»
Baş redaktor daha sonra vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da Vətən müharibəsinin qarşıdakı dövr üçün perspektivləri geniş müzakirə olunur. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi də öyrənilir və təqdir edilir. Ermənistana havadarlıq edən dövlətlər ikili siyasətlərinə son qoyub 44 günün dərsindən nəticə çıxarsalar Azərbaycanın yaratdığı yeni əməkdaşlıq mühitindən bəhrələnər, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və daimi olmasına dəstək olarlar.