HƏMAS və İsrail arasında atəşkəs rejimi mayın 21-də qüvvəyə minə bilər
Qəzza sektoruna nəzarət edən HƏMAS hərəkatı və İsrail hakimiyyəti arasında atəşkəs rejimi mayın 21-də qüvvəyə minə bilər.
1news.az AZƏRTAC-a stinadla xəbər verir ki, bu barədə Amerika və digər xarici mənbələr məlumat verib. Onların məlumatına görə, Misir hakimiyyəti HƏMAS hərəkatı ilə danışıqlarda irəliləyişə nail olub. Eyni zamanda, İsrail hərbi rəhbərliyinin nümayəndələri fərdi söhbətlərdə yəhudi dövlətinin öz məqsədlərinə yaxınlaşdığını etiraf edib. Bu həftə ərzində atəşkəs rejiminin bərqərar olması fikrini ABŞ Prezidenti Cozef Bayden administrasiyası da dəstəkləyir.
Bir müddət öncə FƏTH hərəkatının mərkəzi komitəsinin icra katibi Cibril Racub HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında atəşkəs sazişinin 24 saat ərzində əldə edilə biləcəyini bildirib. Axios portalı isə öz növbəsində İsrail hökumətindəki mənbələrə istinad edərək, İsrailin hərbi əməliyyatları tamamlaması üçün bir neçə gün lazım gələcəyini yazıb.
Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb. Son məlumata görə, qarşılıqlı raket zərbələri nəticəsində İsrail tərəfdən ölənlərin sayı 12 nəfəri keçib, Fələstin tərəfdən isə aralarında 60 uşaq və 30 qadın olmaqla 250-dən çox insan həyatını itirib.