AZƏRTAC-ın “Xarıbülbül” musiqi festivalı haqqında məqaləsi ondan çox ölkənin informasiya portallarında dərc olunub - FOTO
Dünyanın bir sıra KİV-ləri AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalından bəhs edən “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli analitik məqaləsini yaymaqda davam edir.
Son günlər məqalə ABŞ-ın “Eurasia Ahoy”, Türkiyənin “TRT Ajans”, Pakistanın “National Herald Tribune (NHT)”, İndoneziyanın “Gpriority” kimi nüfuzlu informasiya portallarında da yayımlanıb. Beləliklə, məqaləni dərc edən ölkələrin sayı 11-ə, KİV-lərin sayı isə 14-ə çatıb.
Qeyd edək ki, “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli analitik məqalədə Şuşada işğaldan sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının əhəmiyyətindən danışılır. Müəllif, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya tarixi səfərlərindən bəhs edir, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, Şuşada, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söhbət açır.
Məqalədə Qarabağın tacı olan Şuşadan dünyaya musiqinin dili ilə verilən önəmli mənəvi-siyasi mesajların təhlilinə də geniş yer ayrılır. “Xarıbülbül” musiqi festivalında Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi multikultural dəyərlərin, milli və dini dözümlülüyün təntənəsi kimi səciyyələndirilir.
Xatırladaq ki, sözügedən məqalə bundan əvvəl ABŞ-ın “Foreign Policy News”, Belçikanın “EU Politics”, Rumıniyanın “News 24 hours”, Ukraynanın “Asmedia”, Moldovanın “Tribuna”, Qırğızıstanın “Golden Bridge” və “Türktoday”, Misirin “Asia Al-Youm”, Əlcəzairin “Nayrouz” və “Al-Hariri” saytlarında da dərc olunub.