Elman Nəsirov: “İlham Əliyev İƏT-in Zirvə toplantısında mühüm məqamlara toxundu”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının onlayn formatda Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısındakı çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib:
“İlk növbədə cənab Prezident Azərbaycanın Vətən müharibəsində qələbəsindən söz açdı. Bu qələbənin əldə olunmasında müsəlman ölkələrinin həmrəyliyi və onların dəstəyi, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəyin xüsusi qiymətləndirildiyini vurğuladı. Eyni zamanda 2016-cı ildə Ermənistanın Azərbaycan qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq çərçivəsində Təmas Qrupu yaradıldı. Prezident Həmin qrup çərçivəsində də Azərbaycanın haqq işinin müdafiə olunduğunu vurğuladı.
Azərbaycan dövləti islam həmrəyliyinə hər zaman böyük töhfə verir. 2017-ci ildə ölkəmiz İslam Həmrəyliyi ili elan olundu, 2017-ci ildə Azərbaycanda 4-cü İslam Həmrəyliyi oyunları keçirildi. Bütün bunlar müsəlman dünyasında çox böyük ehtiyac olan birliyin və həmrəyliyin əldə olunması mənafeyinə xidmət edir.
Eyni zamanda cənab Prezident onu da vurğuladı ki, Azərbaycan dövlətinin ərazisi 30 il ərzində Ermənistanın işğalındaydı və Ermənistan bu müddət ərzində Azərbaycanın tarixi, mədəni və dini irsini məhv etmişdi. Xüsusilə də ibadətgahlarımız, məscidlərimiz darmadağın edilib. 67 məsciddən 65-i tamamilə məhv edilib, ikisi isə yarıya qədər dağıdılıb, məscidlərdə donuzlar, inəklər saxlanılıb. Bu da Ermənistanın müsəlman dünyasına həqarətin, düşmən münasibətin ifadəsidir. Bu tək Azərbaycana deyil, bütün İslam dünyasına nifrətin göstəricisidir. Əgər bir ölkə ki, müsəlman abidələrinə, məscidlərə qarşı belə hərəkət həyata keçirirsə, o necə müsəlman ölkələrinin dostu ola bilər”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası ilə bağlı da önəmli çıxış edib.
“Bu dövrdə Azərbaycan dövləti həm yerli səviyyədə, həm regional, həm də beynəlxalq səviyyədə bu bəlaya qarşı mübarizə prosesinə böyük töhfə verir. Ölkə Prezidentinin də qeyd etdiyi kmi, keçən ilin may ayında Qoşulmama Hərəkatının zirvə görüşü məhz pandemiyayla mübarizə məsələlərinə həsr olundu. Həmsədr dövlət kimi Qoşulmama Hərəkatının COVID-19 virusuna həsr olunmuş zirvə görüşünü keçirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT baş məclisinin pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət göstərən xüsusi iclası keçirildi. Azərbaycan dövləti koronavirusa qarşı vaksinlərin ədalətsiz paylanmasına da toxunub. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə bu sferada sıx əməkdaşlıq edib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilarına 10 milyon dollar civarıda ianə ayırıb. Həmçinin Qoşulmama hərəkatının üzü olan 30-dan çox dövlətə maliyyə və tibbi yardım həyata keçirib. Azərbaycan pandemiya ilə mübarizədə əlindən gələni edib”.
“Bütün bu məqamları diqqətə çatdırandan sonra ölkə Prezidenti eyni zamanda bu konfransın profilinə uyğun olaraq elm və texnologiya sahəsində Azərbaycanın atdığı addımlardan danışdı” – deyə, deputat fikilərinə əlavə edib:
“Cənab Prezident bildirdi ki, Azərbaycanda rəqabətli insan kapitalının formalaşması və innovanasiya mərkəzlərinin yaradılması sahəsində də kifayət qədər ciddi işlər görülüb. Azərbaycanın 3 peyki var, onlardan 2-si telekommunikasiya , 1-də yer səthinin izlənməsi ilə bağlıdır. Bu da onu göstərir ki, Azərbaycan müasir texnoligiyalardan istifadə məsələlərinə önəm verir. Azərbaycan dünyada çox məhdud sayda ölkələrin üzv olduğu kosmik qrupun üzvüdür. Bu, ölkəmizin elmə və müasir texnologiyalara yanaşmasının bir təzahürüdür. Eyni zamanda Azərbaycan 2022-cci ildə Ümumdünya Konmovavtika və Astronavtika konqresinə də ev sahibliyi edəcək. Bu bir daha onu göstərir ki, Azərbaycan elm, texnologiya, onun inkişafı, müasir texnologiyaların inkişafı üçün xüsusi diqqət və önəm ayırır".
E.Nəsirov onu da deyib ki, Prezident İlham Əliyevin çıxışı, ölkəmizin həm beynəlxalq sülhün və təhlükəsizliyin təminatına, regional sülhün formalaşmasına, həm də bölgədə əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə biləcək addım atdığını göstərir.