Azərbaycan Prezidenti: Gələn ilin iyul ayından başlayaraq biz investorları qəbul etməyə hazır olacağıq
Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır.
Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq. O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır”.
Prezident deyib ki, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək.
“Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın”, - deyə Prezident İlham Əliyev əlavə edib.