Rusiyada qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı
Xilasedicilər iyulun 6-da Kamçatkada qəzaya düşmüş "An-26" tipli sərnişin təyyarəsinin "qara qutu"sunu aşkar ediblər.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, axtarışlar zamanı tapılmış "qara qutu"nun şifrəsi Moskvada açılacaq.
Fövqəladə qüvvələrdə olan bir mənbənin verdiyi məlumata əsasən, ilkin baxış zamanı "qara qutu"da ciddi zədələnmələr qeydə alınmayıb. O əlavə edib ki, ikinci "qara qutu"nun axtarışları davam edir.
Palana qəsəbəsinin rəhbərliyi də "qara qutu"lardan birinin tapılması xəbərini təsdiqləyib.
Qeyd edək ki, iyulun 6-da Kamçatkada Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarə radarlardan itib. Daha sonra təyyarənin Palana yaxınlarında qəzaya düşdüyü məlum olub.
Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olmaqla 28 nəfər olub. Hadisə nəticəsində sağ qalan olmayıb.
1news.az