İlham Əliyev: Azərbaycan hazırda Avropa bazarında təbii qazın etibarlı təchizatçısı kimi öz rolunu oynayır
Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıdır, indi isə təbii qazın etibarlı təchizatçısı kimi öz rolunu oynayır.
Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Avropaya təbii qaz ixracı ilə bağlı danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”.
Prezident qeyd edib ki, bu qış üçün ixracın artırılması texniki və kommersiya baxımından mümkün deyil: “Cəmi bir və ya iki ay qalır. Lakin, əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpaolunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik”.
Azərbaycan Prezidenti vurğulayıb ki, gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.