“Azərbaycanın haqq səsinə səs verənlər bizim dostumuzdur!”-Siyasi ekspert
Bəli, indi bütün dünya Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmləndiyinin bir daha şahidi oldu. Hamıya bəlli oldu ki, iki ölkə arasındakı genişmiqyaslı əlaqələr əslində regional tərəqqiyə mühüm töhfələr verir.
1news.az-ın məlumatına görə hər iki ölkənin eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu əlaqələri daha da sarsılmaz edir. Cənab Prezident öz çıxışlarında dəfələrlə bəyan edir ki, Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Bu əlaqələri daha da möhkəmləndirən 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin dəstəyi oldu. Elə qarşılıq olaraq Türkiyədəki yanğınlarda da Azərbaycanın FHN –nin yanğınsöndürənlərini şücaəti bütün türk qardaşlarımız tərəfindən rəğbətlə qarşılandı
Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmliyindən danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov 1news.az-a açıqlamasında bildirdi ki, bu birliyə kimsə kölgə sala bilməz:
“1 il öncə 44 günlük II Qarabağ müharibəsi dönəmində Azərbaycan xalqı Prezidentin ətrafında “Dəmir yumruq” kimi sıx birləşərək, birlik nümayiş etdirdilər. Azərbaycan tarixi reallığı bərpa edərək münaqişəyə son qoydu. İndi də Azərbaycan Ordusunun 44 günlük müharibə dövründə işğalçılardan təmizlədiyi torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Dövrü olaraq həmin ərazilərdə Cənab Prezident tərəfindən vətəndaşlar üçün lazımi obyektlərin təməlqoyma və açılış mərasimləri təşkil olunur. Elə götürək Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Qarabağın “Hava qapısı” sayılan Füzuli Beynəlxalq Hava LimanınIn istifadəyə verilməsini. Bu böyük bir tarixi hadisədir, siyasi diplomatik mesajdır. Türkiyə və Azərbaycan daima bir- birlərinə dəstək olublar. Biz Türkiyənin dsətəyini sadəcə problemlər dönəmində deyil, yaxşı günlərdə də bu hiss etmişik”.
Siyasi şərhçi dünya coğrafiyasında analoqu olmayan bu tarixi yaxınlığın təməlinin tarixi köklərə əsaslandığını bildirdi:
“Biz entik olaraq da qardaş xalqlarıq, əsrlər boyu bu bağlılıq mövcud olub. Biz 44 günlük Vətən müharibəsi dönəmində də, ən yaxın müttəfiqimiz olan Türkiyənin siyasi və diplomatik cəhətdən tarixi yaxınlığını hiss etdik və indi də edirik. Qələbədən 1 il keçməsinə baxmayaraq, Türkiyə prezidentinin Azərbaycana artıq 3-cü dəfə səfər etməsi, Şuşa bəyannaməsinin imzalanması, Füzulidə Hava Limanının açılışında birlikdə olmaq əslində beynəlxalq aləmə Azərbaycanla-Türkiyə arasındakı bu yaxınlığın daimi olması ilə bağlı bir mesajdır. Heç kim unutmasın ki, Azərbaycanın haqq səsinə səs verənlər bizim dostumuzdur!”.
Aytən Sakitqızı