“Qlobal Bakı forumları Azərbaycanın regionda söz və güc sahibi olduğunu göstərir” - Deputat

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
1news.az-ın məlumatına görə Forumun açılış mərasimində çıxış edən ölkə başçısı bir neçə məsələyə toxunub. Prezident Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılmasının Azərbaycan və qonşularımız, habelə Avropa üçün tarixi nailiyyət olduğunu, azad edilmiş ərazilərdə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, Qoşulmama Hərəkatının sədri olaraq 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdiyimizi, Ermənistanla Azərbaycan arasında münaqişənin artıq həll olunduğunu bir daha Forum iştirakçılarının diqqətinə çatdırıb.
Bakıda belə forumların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov 1news.az-bildirdi ki, Azərbaycan iqtisadi göstəriciləri və imza atdığı layihələri ilə, ən əsası 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə bir daha göstərdi ki, bölgədə güc və söz sahibidir:
“Cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı postkonflikt dövrü üçün Azərbaycanın əhəmiyyətli təkliflərinə və bölgədə sülhün, əməkdaşlığın təmin olunması ilə bağlı səylərinə diqqəti cəlb etdi. Nəzərə alsaq ki, Azərbaycan müstəqillik elan etdikdən sonra ilk günlərdə demək olar ki, Ermənistanın təxribatçı və yalançı təbliğatı, Ermənistanı himayə edən dövlətlərin ədalətsiz yanaşma nümayiş etdirməsi, tamamilə dezinformasiyadan ibarət informasiya müharibəsi ilə üzləşmişdi. Cənab Prezident də hər çıxışında dəfələrlə Ermənistanın ölkəmizə qarşı mənfur niyyətini, ata-baba torpaqlarımızda terror törətməsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Baxın, müharibə zamanı Azərbaycan hakimiyyəti imkan vermədi ki, biz təklənək və kənar müdaxilələrə məruz qalaq. Döyüş meydanında Azərbaycanla üzbəüz qalan Ermənistanı himayə edən dövlətlərin yardımları artıq məhdud idi. Amma Azərbaycan isə bu problemlə üzləşmədi. Biz öz gücümüzə torpaqlarımızı işğalçılardan təmizlədik”.
Deputat bildirdi ki, məhz bu forumlar vasitəsilə biz dünyada Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirən ölkələrin müsbət münasibətinə nail olmuşuq:
“Məlumdur ki, Azərbaycan bu gün Ermənistana qarşı sülh əlini uzadıb, sərhədlərinin dəqiqləşdirilməsini, kommunikasiyaların açılmasını təklif edib, ölkədə əməkdaşlığın bərpa olunması ilə bağlı çıxış edib. Bu kimi həqiqətlərin dünyaya çatdırılması vacibdir. Forumda iştirak edən nüfuzlu siyasətçilər, eyni zamanda Roma papasından tutmuş, İngiltərənin baş nazirinə kimi bu forma təbrik məktubları göndərilib. Ümumiyyətlə deyə bilərəm ki, Qlobal Bakı Forumlarının keçirilməsi Azərbaycanın regionda söz və güc sahibi olduğunun göstəricisidir”.
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Aytən Sakitqızı