Vətən müharibəsinin beynəlxalq çarçısı İlqar Mikayıloğlu: “Biz jurnalist olaraq da qalib gəldik” - FOTO

Onunla Real TV-də çiyin-çiyinə çalışmışıq. İlk baxışdan sərt, kobud görünən İlqar Mikayıloğlu, əslində mərhəmətli və ürəyiyumşaq biridir.
Amma əgər söhbət müharibədən düşdüsə, mərhəmət də, ürəyiyumşaqlıq hissi də İlqarın cismini tərk edib, yerini düşmənə qarşı amansız qəddarlıq və daş ürəklə əvəzləyir. İlqar da ailəsini arxa cəbhədə qoyaraq, Vətən savaşına yollanan həmkarlarımızdandır. Bu yolda o şəhid olmağı da gözə almışdı, qazi olmağı da. “Təki Vətən sağ olsun” şüarı İlqarın döş nişanıdır. O, həm I, həm də II Qarabağ savaşının iştirakçısıdır. Özü də elə-belə yox, düz müharibənin mərkəzindən xəbəri dünayaya operativ şəkildə çatdıran informasiya döyüşçüsüdür. Çünki II Qarabağ müharibəsində döyüşlər həm də informasiya savaşı seqmentində gedirdi. Həmkarım Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda layiqli carçılarından biri olsa da, özü demiş daha çox iştirakçı olmaq istəyib. Böyük təəsüf hissi ilə bildirdi ki, yaşı imkan vesəydi, müharibəyə repartyor kimi deyil, döyüşçü kimi yollanacaqdı. Amma onun silahının da əks-sədası dünyanın o başına qədər gedib çıxdı.
İlqar Mikayıloğlu müharibə şahidi olaraq gözü ilə gördüklərini 1news.az-a danışdı.
“ İstər I, istərsə də II Qarabağ savaşında iştirak etmək hər birimizin vəzifə borcu idi. Nə etsək də, biz bu müharibədə iştirak etməliydik. Mən çox istədim ki, döyüşçü kimi gedim, amma çox təəssüf ki, bu alınmadı. Yaşım buna imkan vermədi. Ona görə də repartyor kimi getdim və orada həmkarlarımla birlikdə işləməyə başladım. Burada söhbət kimin yaxşı işləməyindən getmirdi, burada söhbət düşməndən yaxşı işləməkdən gedirdi. Əgər döyüşçülərimiz düşməndən yaxşı döyüşüb qalib gəlirdisə, biz də düşmən jurnalistikasından yaxşı işləyib, onlara qalib gəlməli idik. Faktiki olaraq bu alındı. Çünki Real TV-nin adı düşmənin siyahısında idi və onlar Real-ın çəkiliş komandalarından zəhlələri gedirdi. Hər birimizi vursaydılar, bu onlar üçün böyük bir bayram olardı. Bu bayramı onların gözündə qoyduq. İkinci tərəfdən mən istər I, istərsə də II Qarabağ savaşında qorxdum. Bir var qorxub arxaya qayıdasan, bir də var ki, bu qorxu sənə sağ qalmağa və işləməyə köməklik edir. Niyə görə də bu qorxudan istifadə etməyəsən?!”
II Qarabağ savaşında İlqarın silahı onun mikarafonu idi. Həmkarım informasiya müharibəsinin ən öncül repartyorlarından biri olaraq, erməni işğalçılarının törətdiyi vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı, həyatını təhlükəyə ataraq.
“Bilirsiniz, sosial şəbəkələrdə bəzi ürəkbulandırıcı məlumatlar yayılır. Deyirlər bizim jurnalistlərimiz guya yaxşı işləməyib. Bu dezinformasiyadır. Çünki bütün tamaşaçılar gözünü məhz Azərbaycan TV –lərinə dikmişdi. Böyük əksəriyyəti Real TV-yə baxırdı ki, görək nə baş verib, nə olacaq?!. Hamı bizdən xəbər gözləyirdi, biz də bacardığımızı yox, bacarmadığımızı etdik. Bizə verilən məhdud imkan daxilində biz bacarmadıqlarımızı edə bildik və müharibənin hər bir məqamını göstərdik. Elə buna görə də mən əminəm ki, Azərbaycan jurnalistikası II Qarabağ müharibəsində özünü yaxşı göstərdi və bacardı. Əgər hansısa Azərbaycan jurnalisti gedib hansısa ölkənin jurnalistikasında işləsə orada bəlkə də zəif işləyə bilər. Amma bu konkret olaraq bizim öz doğma torpağımız olduğundan burada mənəvi və peşəkar hislər bir-birinə qarışdı və hamı çalışdı ki, öz işini layiqincə görsün. Biz bunu bacardıq və fakt faktlığında qalır. Biz qalib gəldik həm də jurnalist olaraq!”.