Qəzzada can itkisi artır: ölənlərin sayı 72 min 568-ə çatdı
Qəzza zolağında davam edən münaqişənin ağır nəticələri fonunda mülki itkilərin sayı artmaqda davam edir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan son məlumatlara görə, bölgədə ölənlərin sayı 72 min 568 nəfərə yüksəlib.
Qurumun açıqlamasında bildirilir ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 6 mülki şəxsin meyiti və 18 yaralı gətirilib. Eyni zamanda qeyd olunub ki, İsrail ilə Hamas arasında əldə olunan atəşkəs qüvvəyə mindikdən sonra dağıntılar altından çıxarılanların sayının artması ümumi statistikanı yüksəldir.
Açıqlamada vurğulanıb ki, atəşkəsin tətbiq olunduğu 10 oktyabr tarixindən indiyədək 791 nəfər həyatını itirib. Onlardan 761 nəfəri dağıntılar altından çıxarılıb. Bu müddətdə yaralıların sayı isə 2 min 235 nəfərə çatıb.
Məlumatda həmçinin qeyd edilir ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən baş verən hücumlar nəticəsində ümumi yaralı sayı 172 min 338 nəfərə yüksəlib. Regionda humanitar vəziyyətin ağır olaraq qaldığı və xilasetmə işlərinin davam etdiyi bildirilir.












