Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.
Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi.
Görüşdə Vətən müharibəsində əldə etdiyimiz Qələbənin önəminə toxunularaq, bunun bütün türk dünyası tərəfindən böyük sevinc hissi ilə qarşılandığı bildirildi. Müharibənin ilk günlərindən Türkiyə dövlətinin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın və türkiyəli parlamentarilərin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi olaraq vurğulandı.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.
1news.az