Frida Kalonun avtoportreti hərracda rekord məbləğə satılıb
Meksikalı rəssam Frida Kalonun (1907-1954) "Dieqo və mən" avtoportreti Nyu-Yorkun "Sotheby's" auksionunda 34,8 mln. dollara satılıb ki, bu da Latın Amerikası rəssamlarının rəsm əsərləri üçün rekord məbləğ sayılır.
1news.az xəbər verir ki, bu barədə hərrac evinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Frida Kalonun 1949-cu ilin iyun ayında yaratdığı əsərdə rəssamın alnında onun əri və həmkarı olan Dieqo Rivera (1886-1957), Dieqonun alnında isə üçüncü göz təsvir edilib. Ölçüsü 30x22,4 sm olan portretin yuxarı sağ küncündə onun yaranma ili və rəsmin adı yazılıb.
Əsər əvvəlcə rəssamın dostları - Rusiya əsilli amerikalı fotoqraf Florens Arkin və onun əri Sem Uilyams tərəfindən alınıb, şəklin arxa tərəfində "Fridadan Florens və Semə sevgi ilə" imzası əks olunub. Son auksiondan əvvəl rəsm əsəri şəxsi kolleksiyada idi. Uzun illər ərzində əsər Madrid, Frankfurt, Dallas və Mexikoda Kalonun əsərlərinin sərgilərinə nümayiş olunub.
1news.az