Zəfər tariximiz: Ağdamın işğaldan azad edilməsindən 1 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər tariximiz: Ağdamın işğaldan azad edilməsindən 1 il ötür

00:10 - 20 / 11 / 2021
Zəfər tariximiz: Ağdamın işğaldan azad edilməsindən 1 il ötür

Bu gün adi gün deyil – bu gün növbəti Zəfər günü, Qarabağın giriş qapısı hesab olunan, Birinci Qarabağ müharibəsində erməni silahlı qüvvələri tərəfindən işğal edilən Ağdamın işğaldan azad edilməsinin ildönümüdür.

Xatırladaq ki, Ağdamın azad edilməsi xəbəri ölkəmizdə böyük sevinc və coşğu ilə qarşılanmış, böyükdən kiçiyə hər kəs küçələrə axışaraq Ağdamın işğaldan azad edilməsini qeyd etmişdi. Bu gün bu sevinci yenidən yaşayırıq.

Digər şəhər və rayonlarımız kimi Ağdam rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib.

Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, 1993-cü il iyulun 23-də böyük qüvvə ilə hücuma keçən düşmən Ağdam şəhərini və rayonun ərazisinin xeyli hissəsini - 846,7 km²-ni, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etmişdi.

Birinci Qarabağ müharibəsi dövründə ən çox şəhid verən rayon da məhz Ağdam rayonu olub. Erməni işğalçılarına qarşı mərdliklə mübarizə aparan rayonun 5897 sakini şəhid olub, 3531 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1871 uşaq yetim qalıb, 126 mindən çox ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb.

Ağdamlıların müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətləri ölkə rəhbərliyi tərəfindən də yüksək qoymətləndirilib. 16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 21 nəfər “Azərbaycan bayrağı” ordeni, 7 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Ermənilərin Ağdamda törətdikləri dağıntıların miqyası beynəlxalq təşkilatları da dəhşətə gətirib. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə”nin internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

Məlumat üçün bildirək ki, Ağdam rayonu inzibati vahid kimi 1933-cü il avqustun 8-də yaradılıb.

Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Bəzi mənbələrdə Ağdam şəhərinin rəsmi olaraq salınması 1741, bəzilərində isə 1752-ci il kimi qeyd olunub.

Sovet dövründə Ağdam rayonu ölkəmizin əsas iqtisadi mərkəzlərindən biri olub. Rayonda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq daha çox inkişaf etmişdi. Meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tuturdu. Eyni zamanda şərabçılıq və xalçaçılıq da aparıcı sahələrdən idi.

İşğala qədər Ağdamda mərmər, mişar daşı zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, ət kombinatları fəaliyyət göstərirdi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, tikinti materialları da istehsal olunurdu.

İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərib.

Rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi olub, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.

Ağdam rayonu böyük turizm potensialına görə də seçilirdi. Abdal-Gülablı və Şelli kəndlərində sanatoriyalar fəaliyyət göstərirdi. Şahbulaqdakı turizm bazasına SSRİ-nin bütün ölkələrindən istirahət üçün gəlirdilər.

Ağdam həm də Azərbaycan mədəniyyətinə, elminə bir çox görkəmli şəxsiyyətlər bəxş edib.

Gözəl Qarabağın ürəyi sayılan, özündə çox qədim mədəni-tarixi irsi daşıyan Ağdamın ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Cümə məscidi (XIX əsr), Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu gümbəzi (1314-cü il), Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid məscid və türbələr, Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), xan qızı Xurşidbanu Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və karvansara tarixi memarlıq abidələrindəndir.

Rayonun Qiyaslı kəndindəki eyniadlı məscid də öz əhəmiyyətinə görə seçilir. Ermənilər işğal müddətində məscidi dağıdıb, minarələrini uçurublar. XVIII əsrə aid olan Qiyaslı məscidi də 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

1983-cü ildə şəhərin mərkəzində yaradılan Ağdam Çörək Muzeyi, 1986-cı ildə Şərq üslubunda tikilən üç mərtəbəli, ağ dəmir günbəzli “Çay evi” də xüsusi qeyd edilməlidir.

Təəssüf ki, işğal dövründə rayonun ərazisindəki abidələrin əksəriyyəti, maddi-mədəniyyət nümunələri erməni barbarları tərəfindən ya tamamilə məhv edilib, ya da dağıdılaraq yararsız hala salınıb.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. Beləliklə Qarabağın döyünən ürəyi Ağdam işğaldan azad edildi.

Bu gün Ağdamda yeni dövr – dirçəliş, inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də növbəti dəfə Ağdama səfəri zamanı Qarbağda bərpa prosesinin ilk irimiqyaslı layihəsinə, Ağdam şəhərinin bərpasının baş planının icrasına start verildi. Artıq heç kim şübhə etmir ki, çox qısa müddət ərzində Ağdam yenidən bərpa ediləcək və tək Azərbaycanın deyil, dünyanın ən gözəl, çiçəklənən bölgələrindən birinə çevriləcək.

B.Cahandarov

Paylaş:
1027

Son xəbərlər

Bütün xəbərlər