Zəngəzur dəhlizi mütləq açılacaq: Paşinyanın blefi və rəsmi Bakının qətiyyəti - TƏHLİL
Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatda yer alan əsas şərtlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Lakin Ermənistan rəhbərliyi hər vəchlə buna mane olmağa çalışır.
Noyabrın 23-də Facebookda canlı yayımda izləyicilərin suallarını cavablandıran Baş nazir Nikol Paşinyan qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edib. O, bununla öz fikrini əsaslandırıb ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Bununla bərabər, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur.
N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın koridoruna münasibətdə işlədilib. Amma o bununla yaddan çıxarır ki, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə toxunaraq sözügedən dəhlizin mütləq açılacağını vurğulayıb:
“Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.
Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.
Göründüyü kimi, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması məsələsində çox qətiyyətlidir. Digər tərəfdən Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var.
Qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub.
Paşinyan Zəngəzurun tarixi ilə bağlı da sərsəm fikirlər səsləndirib. Onun iddiasına görə, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür.
Halbuki Azərbaycanda adların coğrafi və tarixi əsasları var. Məsələn, dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi-coğrafi adlar var. Heç kim onların mövcudluğunu şübhə altına qoymur. Əgər bu ərazinin adı Zəngəzurdusa, onu başqa adla niyə adlandırmalıyıq? Və ən əsası, danılmaz faktdır ki, nəinki Zəngəzur, bütünlüklə indiki Ermənistan ərazisi əzəli Azərbaycan torpaqlarıdır.
Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüş dekabrın 15-də keçiriləcək İlham Əliyevlə Nikol Paşinyanın Brüssel danışıqlarına müqəddimənin hazırlanmasıdır, çünki müharibə bitdikdən sonra onlar yalnız Moskvanın təşəbbüsü ilə görüşüblər. Çox güman ki, görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, müharibənin başa çatmasından və Ermənistanın Azərbaycanın qalib tərəf kimi irəli sürdüyü şərtlərlə barışaraq kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, baş nazir Nikol Paşinyan və ətrafı hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistanın siyasi hakimiyyəti bölgəyə davamlı sülhün gəlməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı təxribatlar törətməklə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır:
“Nikol Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir. Onun iddialarına görə, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi yer almayıb.
Şübhəsiz ki, Nikol Paşinyanın bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb”.
E.Mirzəbəyli ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın sonuncu – 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməsi ilə şərti xatırladıb. Bildirilib ki, bu bəndə əsasən, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
“Üçtərəfli Bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas gətirdiyim hissəsindən göründüyü kimi, burada söhbət nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Bu xüsusda, beynəlxalq konvensiyalara istinad etmək niyyətində deyiləm. Çünki bütün konvensiyalarda dövlətlərarası razılaşmalar əsas götürülür və ötən il noyabrın 10-da imzalanmış Bəyanatda həm də üçüncü – zəmanətçi tərəf var ki, bu, həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana Konvensiyasının, həm də Beynəlxalq Hüququn prinsipləri haqqında Bəyannamənin müvafiq müddəalarına uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öhdəliklərini yerinə yetirməyə borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur.
Nikol Paşinyanın başqa bir iddiası “Laçın dəhlizi” ilə bağlıdır. Ermənistanın baş nazirinin qənaətinə görə, üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi yalnız “Laçın dəhlizi”nə münasibətdə işlədilir. Qeyd edim ki, üçtərəfli Bəyanatın “Laçın dəhlizi” ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur və bu baxımdan, “Laçın dəhlizi” mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə, qarşılıqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir”, - deyə siyasi ekspert diqqətə çatdırıb.
Onun özlərinə görə, digər tərəfdən, üçtərəfli Bəyanatın mahiyyətini regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpası, davamlı sülhün və təhlükəsizliyin təmin olunması təşkil edir. Bu isə qonşulara qarşı yürütdüyü aqressiv ekspansionist siyasət nəticəsində dalana dirənmiş Ermənistanın müstəqil hüququn real subyekti kimi mövcudluğunu qoruması və inkişafı üçün həyati əhəmiyyət kəsb edən məsələdir:
“Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, şübhəsiz ki, mövcud reallıqlardan daha ağır bir yükün altında əzilməkdə davam edəcək. Bunun ağır nəticəsinə isə Ermənistan vətəndaşları qatlanmalı olacaqlar. Çünki Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkə ərazisini beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissəsinə və habına çevirməklə, eyni zamanda, logistik alternativlər yaratmaqla dünyanın ən müxtəlif nöqtələrinə maneəsiz və səmərəli çıxış imkanlarını təmin etməyi bacarıb.
İndiki şəraitdə, xüsusilə də Azərbaycan torpaqlarının, o cümlədən İranla Ermənistanı birləşdirən Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hissəsinin işğalına son qoyulduqdan sonra kommunikasiyaların açılmaması məğlub ölkəni daha ağır duruma sala bilər. Bunun ilkin təzahürləri artıq nəzərə çarpmaqdadır. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulmasının nəticələri və Ermənistan vətəndaşlarının bu ərazidən keçdikləri zaman rüsum ödəmək məcburiyyətində qalmaları, əslində, rəsmi İrəvan, o cümlədən Nikol Paşinyan üçün dərs olmalı idi... Amma görünür, Nikol Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq və öz xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək iqtidarında deyil”.
1news.az