Zəfər tariximiz: Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər tariximiz: Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür

01:20 - 25 / 11 / 2021
Zəfər tariximiz: Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür

Bu gün Azərbaycan xalqı növbəti Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir.

Qeyd edək ki, digər şəhər və rayonlarımız kimi Kəlbəcər rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.

Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Kələbəcər rayonu 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunmuşdu.

İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. 53.340 nəfər sakin öz dədə-baba torpaqlarından qovulub.

İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən dağıdılaraq xarabazara çevrilib.

İşğal zamanı 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika və s. talan edilib, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Məlumat üçün bildirək ki, ümumi sahəsi 3054 kvadrat kilometr olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Qərbdə Ermənistan Respublikası (Qərbi Azərbaycan), şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəddir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Əhalisinin sayı işğal ərəfəsində 60 mindən çox idi. Hazırda isə 94 mindən artıqdır. İşğaldan əvvəl əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdu.

Zəngin fauna və floraya malik təbiət muzeyi olan rayon böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir.

Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında deyib: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom, civə yataqları və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı var.

Kəlbəcər rayonu mineral su yataqlarına görə də şöhrət qazanıb. İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

Kəlbəcər rayonu tarixi və memarlıq quruluşu ilə seçilən abidələrlə və tikililərlə də zəngindir. Rayon ərazisində qədim tarixə malik bir çox abidə var. Buna misal olaraq Alban memarlığının incilərindən hesab olunan Xudavəng monastır kompleksini, Gəncəsər monastır kompleksini, Kəlbəcər tarix diyarşünaslıq muzeyini, Lev qalasını, Şahmat məktəbini, Qayaüstü təsvirləri və s. göstərmək olar.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, Kəlbəcərin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna baxmayaraq ermənilər Azərbaycanın bu humanist addımına yenə nankorluqla cavab verdilər. Belə ki, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirdi, ərazini tərk edən zaman azərbaycanlılara məxsus olan evlərlə yanaşı meşələri də yandırdı.

Noyabrın 25-də erməni silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etdi. Beləliklə uzun müddət düşmən əsarətində qalan Kəlbəcər işğaldan azad edildi.

Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Kəlbəcər rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddətdə Kəlbəcər bərpa ediləcək və ölkəmizin ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcək.

B.Cahandarov

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər