Çin Ayda iki yeni mineral kəşf edib | 1news.az | Xəbərlər
Dünya

Çin Ayda iki yeni mineral kəşf edib

Qafar Ağayev10:31 - Bu gün
Çin Ayda iki yeni mineral kəşf edib

Ay səthindən gətirilmiş nümunələrdə iki yeni mineral aşkarlanıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çinli alimlər bu barədə Sıçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində məlumat veriblər.

Bildirilib ki, “Çanqe-5” missiyası çərçivəsində toplanmış qaya və torpaq nümunələrində fosfat mənşəli iki yeni mineral müəyyən olunub. Onlara “magnezioçanqizit-(Y)” və “çanqizit-(Ce)” adları verilib.

Nadir torpaq fosfatları qrupuna aid olan bu minerallar Beynəlxalq Mineralogiya Assosiasiyasının müvafiq komissiyası tərəfindən təsnif edilərək təsdiqlənib.

Qeyd olunub ki, bu tapıntılar Çinin Ay nümunələrində aşkar etdiyi ikinci və üçüncü minerallardır. Daha əvvəl, 2022-ci ilin sentyabrında “çanqizit-(Y)” adlı mineralın kəşfi açıqlanmışdı.

Son kəşflərlə Ayda müəyyən edilən mineral növlərinin sayı 8-ə çatıb. Bundan əvvəl bu sahədə əsas araşdırmalar ABŞ və Rusiya tərəfindən aparılıb.

Xatırladaq ki, Çin Ay səthindən nümunələr toplamaq məqsədilə “Çanqe-5” aparatını 2020-ci ilin noyabrında kosmosa göndərib. Aparat 1,73 kiloqram qaya və torpaq nümunəsi ilə 2020-ci ilin dekabrında Yerə qayıdıb.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər