Tarix və müasirliyin vəhdəti: İslam Səfərli küçəsinin yeni siması – VİDEOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakıda İslam Səfərli küçəsinin genişmiqyaslı yenidən qurulması başa çatıb.
1news.az xəbər verir ki, uzunluğu bir kilometrdən artıq olan ərazi kompleks şəkildə yenilənərək tamamilə piyadaların istifadəsinə verilib. Görülən işlər çərçivəsində kommunikasiya xətləri dəyişdirilib, müasir işıqlandırma sistemləri quraşdırılıb, rahat oturacaqlar yerləşdirilib və yaşıllıq zolaqları salınıb. Bir sözlə, paytaxt sakinlərinin və şəhər qonaqlarının rahat istirahəti üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, hələ yaxın keçmişdə bu küçə intensiv avtomobil hərəkəti səbəbindən gəzinti üçün ən əlverişsiz məkanlardan biri hesab olunurdu.
Artıq küçə tamamilə yeni görkəm alıb və bu dəyişikliklərlə bağlı paytaxt sakinləri və şəhərimizin qonaqları ilə söhbət etdik.
Həmsöhbətlərimizin hamısı yekdilliklə bildirir ki, yeni estetik görünüş göz oxşayır, xoş və rahat mühit yaradır, gəzinti və istirahət üçün cəlbedici şərait formalaşdırır.
Ərazinin xüsusi dəyərini onun tarixi irsi – XIX–XX əsrlərə aid binalar, o cümlədən məşhur “Fantaziya” hamamı artırır. Aparılan işlər bu tarixi koloritin qorunmasına imkan verib və onu müasir şəhər dizaynı elementləri ilə harmonik şəkildə tamamlayıb.
Bundan əlavə, yenilənmiş küçə Qış parkı ilə Fəvvarələr meydanını vahid şəhər məkanında üzvi şəkildə birləşdirib.
FOTO+VİDEO: Nadir İbrahimli























