“Elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - Emin Hüseynov
Müsahibimiz Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdur.
–Emin müəllim, ötən il Azərbaycanın Ermənistan üzərində 44 gündə qazandığı Qələbədən sonra imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq üç rayonumuz, o cümlədən Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamı tarixi Zəfər kontekstində necə dəyərləndirərdiniz ?
–Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bizim igid oğullarımız “dəmir yumruğu” düşmənin başına elə vurdu ki, işğalçı ölkə kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu, şanlı zəfər tarixidir, 30 illik işğal dövründə biz torpaq itkisinin acısını-ağrısını ürəyimizdə, yaddaşımızda daşıdıq. Bu zəfərin mahiyyətini, mənasını bütövlükdə gələcəkdə daha yaxşı dərk edəcəyik.
Zəfər tarixindən bu günədək insanlar bizə çoxsaylı suallar verir. Vətəndaşlarımızın qayıdışı, bərpa-quruculuq işlərinin nə vaxt yekunlaşacağı ilə maraqlanırlar. Bu, hər birimizi düşündürən məsələdir və işğaldan azad edilmiş torpaqlarda aparılan proseslər əyani şəkildə onu sübut edir ki, qayıdışın gerçəyə çevrilməsi labüddür.
Qeyd edim ki, Ağdam rayonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır. Bu rayon uğurlu hərbi əməliyyatlarımızdan sonra imzalanmış Üçtərəfli Bəyənata uyğun olaraq bir güllə atılmadan bizə təhvil verilib. Mənfur düşmənin məğlubiyyətindən sonra və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biri kimi Ağdam, Laçın və Kəlbəcər bizə qaytarıldı. İndi biz həmin andan etibarən indiyə qədər olan dövrə nəzər salsaq görərik ki, 23 noyabr tarixində yəni Ağdamın Azərbaycan tərəfinə təhvil verilməsindən 3 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər etdi və burada üçrəngli bayrağımızı qaldırdı. Ondan sonra Ağdamda böyük quruculuq işlərinə start verildi. Ağdamın bugünkü vəziyyətini görəndə insanın ürəyində ağrılı hisslər yaranır. Şəhərin görüntüsündən də aydındır ki, ermənilər burada daşı-daş üstündə qoymayıblar, şəhəri yerlə-yeksan ediblər. Yeganə salamat bina Ağdam məscididir ki, o da heyvanların saxlandığı yer olub, hərbi cəhətdən bizim təmas xəttini müşahidə etmək üçün istifadə edilib, məscidin divarlarına nalayiq sözlər yazılıb. Yəni bütün bunların hamısı qəsdən törədilib. Çünki onlara çox gözəl məlum idi ki, bura müqəddəs bir yerdir. Bizim paytaxtımızın mərkəzi hissəsində yerləşən erməni kilsəsinə münasibətimiz göz qabağındadır. Müqayisə edə bilərik. Bu millətin müqəddəs inanc yerləri baxın necə təhqir olunub, dağıdılıb. Qiyaslı məscidi, Pənah xanın imarəti və yaxud bizim ağdamlıların xatırladığı digər gözəl məkanlar da dağıdılıb. Bunların arasında Çörək muzeyini, məşhur Çay evini göstərmək olar. Çay evindən pilləkənin bir hissəsi qalıb. Yəni bu vandallara insan deməyə adamın dili gəlmir. Məscidin salamat qalması da humanizmdən irəli gəlmir. Məscid bir daha qeyd edirəm ki, minarələri ilə birgə hərbi məqsədlər üçün istifadə edilib. Nə mümkündürsə talamışdılar, nəyi talan edə bilməyiblərsə təhqir ediblər, dağıdıblar. Bura o yerlərdir ki, ermənilər həmişə torpaq iddiası ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bu torpaq sizindirsə niyə bu vəziyyətə qoymusunuz? Deməli, bura sizin deyil ki, onunla belə vandalcasına davranmısınız. Deməli bu torpaqların sizin olduğuna dair özünüzün də inamınız yoxdur. Ancaq Azərbaycan xalqı multikultural xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də qurucu xalqdır. Təsadüfi deyildir ki, böyük zəfərdən bir il keçməsinə baxmayaraq, qısa müddətdə Azərbaycan dövləti sadəcə öz gücünə arxalanaraq, bu torpaqlarda böyük quruculuq işlərini həm sürətlə, həm də yüksək keyfiyyətlə həyata keçirməkdədir. Regionda infrasturktur layihələrinin, yol tikintisinin icrası, hətta insan ayağının dəymədiyi yerlərdən elektrik xəttinin çəkilməsi, Zəfər yolunun inşası strateji uğurlardır. Bizim igid oğullarımızın müharibə vaxtı irəlilədiyi həmin yerlərdən indi Zəfər yolu çəkilib. Bu, çox heyranedicidir. Füzuli Beynəlxalq Hava limanının tikintisi və təhvil verilməsi qürur doğurur. Həmin ərazinin qısa müddətdə minalardan təmizlənməsi ilə beynəlxalq standartlara uyğun hava limanı tikilib. Ağdamda da böyük quruculuq işləri gedir. Bilirsiniz ki, bu rayon birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ən çox şəhid vermiş bir rayon kimi burada gedən şiddətli döyüşlər, Xocalı soyqırımının dəhşətləri insanların yaddaşında silinməz izlər qoyub. Qeyd edim ki, birinci Qarabağ müharibəsində Ağdamda çox ciddi döyüşlər gedib. Bu küçələrdə, bu dağlarda gəzən, bu bulaqlardan su içmiş insanların yenidən buraya qayıtdıqları zaman keçirdikləri hissləri dərk eləmək çox çətindir. Əvvəl biz bu yerlərə müxtəlif vasitələrdən baxırdıq və müşahidələrimiz içimizdə kədər, qüssə neqativ hisslər yaradırdı. İndi isə vandalizm aktlarına, viran qalmış xarabalıqlara baxanda bir tərəfdən ürəyimiz sızıldasa da, digər tərəfdən başımızı dik tuturuq ki, doğma torpaqlarımızı azad etdik. Milli qürurumuzun bərpa olunduğu üçün fəxr edirik, özümüzü böyük bir xalqın, millətin nümayəndəsi kimi hiss edirik. Bütün bunları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, bizim igid oğullarımıza minnətdarıq. İnanın ki, biz bu torpaqda yeriyərkən o məsuliyyəti hər dəqiqə, hər an hiss edirik. Ağdam əlbəttə, dağıntılara məruz qalan şəhər olsa da, buranın gələcəyi artıq indidən gözümüzün qabağında canlanır və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
–Ağdamın azad edilməsindən sonra dövlət başçısı mühüm sərəncamlar imzaladı. Bu sərəncamlardan biri də Ağdamda, Şuşada Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi oldu. İstərdim ki, xüsusi nümayəndəlik institutunun yaradılmasının vacibliyini, əhəmiyyətini izah edəsiniz...
–Biz hamımız bərpa-quruculuq işlərinə fokuslanırıq. KİV-də əsas diqqət buna yönəlir və bu, təbiidir. Ancaq bu məsələlərə həm də ölkədə bərpa-quruculuq prosesinin idarə olunması və yerli özünüidarəetmə institutlarının islahatı prizmasından baxmaq lazımdır. Bu gün Azərbaycanda bərpa prosesinə tətbiq olunan yanaşma özü də bir innovasiyadır. Bunu hətta bizim kimi oxşar problemləri olan digər ölkələr də görür və bizdən bu təcrübəni öyrənməyə çalışır. Müxtəlif meqalayihələr həyata keçirib Azərbaycan. Biz də buna spesifik bir layihə kimi, baxa bilərdik. Burada müəyyən tikinti layihələri həyata keçirə bilərdik. Ancaq cənab Prezidentin müdrik siyasəti nəticəsində elmi əsaslandırılmış bir yanaşma tətbiq olundu. Ümumiyyətlə yeni idarəetmə sistemi formalaşdı. Əlaqələndirmə qərargahı yaradıldı. Əlaqələndirmə qərargahı Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli fərmanına əsasən yaradılıb. Əlaqələndirmə qərargahının rəhbəri Prezident Adminstrasiyasının rəhbəri hörmətli Samir Nuriyevdir. Qərargahın tərkibində idarələrarası mərkəz yaradılıb. İdarələrarası mərkəzə demək olar ki, bütün icra hakimiyyəti orqanlarının idarələri daxildir. Bu mərkəzin daxilində 10-dan çox müxtəlif tematik mövzularda işçi qrupları yaradılmışdır. Bu işçi qruplarda işləyən həmin icra hakimiyyəti orqanlarının nümayəndələri həm müvafiq səlahiyyətlərə malikdir, həm də qərarların sürətli, operativ şəkildə qəbul edilməsinə, yerlərdə icrasına köməklik göstərirlər. Bu mexanizm onu göstərir ki, azad edilmiş torpaqlarımızda işlər düzgün şəkildə əlaqələndirilməli, xalq ifadəsi ilə desək, “yüz ölçülüb, bir biçilməli” və elmi əsaslar tətbiq olunmaqla kollegial şəkildə qərarlar qəbul olunmalıdır. Yəni burada ən nümunəvi proseslər aparılmalı, ən qabaqcıl texnologiyalar tətbiq olunmalı, bir sözlə, Azərbaycan dövlətinin nəyə qadir olduğu göstərilməlidir. Təsadüfi deyildir ki, 2021-ci il mayın 28-də dövlət başçısı cənab İlham Əliyev Ağdama səfər zamanı rayon ictimaiyyəti ilə görüşərkən məhz bu ifadəni bəyan etmişdir. Həmin ifadəni xüsusi nümayəndəliyimizin girişində həkk etdirmişik: “Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun.” Xüsusi nümayəndəliyin yaradılması da məhz bu məqsədə xidmət edir. Xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir. Eyni zamanda, bizim komandamız çox kompakt və çevik idarəetmə metodlarına əsaslanan iş həyata keçirir. Nümayəndəlik mən daxil olmaqla cəmi 10 nəfərdən ibarətdir. Biz dünyanın əsas inkişaf etmiş ölkələrində də tətbiq olunan “Agile menegment” yəni çevik idarəetmə üsullarını tətbiq etməklə burada bütün işlərin əlaqələndirilməsini təmin etməyə çalışırıq. Hesab edirəm ki, bu institut yeni mexanizmdir və qarşıya qoyulan hədəflərə çatmaqda etimadı layiqincə doğruldacaq.
–Məlumdur ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də Ağdamda fəaliyyət göstərir. Mərkəzin Ağdamda yaradılmasının üstünlüklərini nədə görürsünüz ?
–Fikrimcə, çox düzgün bir seçimdir. Ağdam Azərbaycanın mərkəzi bir regionudur. Qarabağın da həmçinin... Yəni bu ərazilərə coğrafi olaraq diqqət yetirsək görərik ki, Ağdamdan Xocavəndə, Ağcabədiyə, Füzuliyə, Bərdəyə məsafələr aşağı-yuxarı eynidir, təxminən 41-48 kilometr. Ağdamdan Yevlaxa, Tərtərə, Qubadlıya, Ağdamdan Kəlbəcərə, Zəngilana, Şuşaya məsafələrə diqqət yetirsək yenə yaxın məsafələr alınır. Yəni Ağdam elə bir rayondur ki, həm coğrafi, həm iqtisadi, həm də tarixi baxımdan Azərbaycanın mərkəzində yerləşən strateji bir bölgədir. Bu birinci faktordur. İkinci faktor ondan ibarətdir ki, bilirsiniz ki, Monitorinq Mərkəzi Mərzili kəndində yerləşir. Bu kənd işğal altında olmayan ərazidə yerləşirdi. Bu mərkəzin operativ, tez bir zamanda yaradılması vacib idi. O zaman ərazidə baza infrastruktur şərtləri yox idi. Monitorinq Mərkəzi elə bir yerdə yaradılmalı idi ki, onun işığı olsun, suyu olsun, kommunikasiya xəttləri olsun. Ona görə də işğal altında olmayan, keçmiş təmas xəttinə ən yaxın yerdə qurulması praktiki baxımdan çox düzgün addım idi. Sırf praktiki olaraq bu işin effektiv şəkildə təşkil olunması üçün ən optimal məkan Ağdam rayonu idi.
– Prezident İlham Əliyev Ağdamın baş planının təqdimetmə mərasimində iştirak etdi. Həmin sənədə əsasən Ağdam tamamilə yenidən qurulacaq. Şəhərin yeni simasını müəyyənləşdirəcək həmin baş plan barədə məlumat verməyi xahiş edirik... Ümumiyyətlə, köhnə Ağdamdan hansı hissənin saxlanılması qərara alınıb?
–Bəli, Baş plan cənab Prezident tərəfindən 28 may 2021-ci il tarixində təsdiq olundu və ictimaiyyətə təqdim olundu. Baş plan 2040-cı ilədək Ağdam şəhərinin əsas planıdır. Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artır. 1750 hektara yaxın ərazi nəzərdə tutulub. Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci böyük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq. Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan. Onu da deyim ki, baş planın hazırlanmasında yerli memarlarla yanaşı, xarici ölkələrin tanınmış layihələndirmə institutları birgə çalışmışlar. Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq. Dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərinin küçələridir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avtobus, piyada və velosiped yolları. Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanlar fərdi maşınları olsa da belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın. Şəhərin ekologiyasını qorumaq üçün istifadə olunan ictimai nəqliyyat daha çox təmiz yanacaq üzərində fəaliyyət göstərsin. Burada həm elektrik, həm təmiz dizel və ya sıxılmış qazdan istifadə edən nəqliyyat vasitələri olsun. Eyni zamanda şəhərdə yeni elementlərlə yanaşı, mövcud elementlər də yer alacaq. Biz istəyirik ki, vaxtilə Fərhadın buradakı məşhur, əzəmətli heykəlini bərpa edək. Ora tamamilə darmadağın olunub. Dram teatrının önünü siz də gördünüz. Onu bərpa etmək istəyirik. Digər əlamətdar obyektlərdən biri məşhur çay evidir ki, onu da bərpa etmək istəyirik. Sonra məşhur Ağdam bazarını bərpa etmək istəyirik. Eyni zamanda futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq. Hal-hazırda burada layihələndirmə işləri gedir. Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərədə tutulur. Onu da qeyd edim ki, şəhərin bir mərkəzi hissəsi olacaq. Necə ki, Bakıda İçərişəhər var. Ağdam şəhərində də belə tarixi-mədəni hissə yer alacaq. Bu hardasa 22.5 hektarlıq ərazini əhatə edir. Bu hissənin əsas komponentləri Pənahəli xanın İmarət kompleksi, çörək muzeyi, dram teatrı, yaradılacaq İşğal və Zəfər muzeyi kompleksi olacaq. Bu muzeylər haqqında daha geniş danışmaq istəyirəm. Belə ki, cənab Prezident mayın 28-də Ağdama səfəri zamanı həmin kompleksin təməlini qoydu. Həmin kompleks üç komponentdən ibarətdir. Kompleks, İşğal Muzeyində başlayır, Zəfər Muzeyində bitir. Onların arasında 18 hektarlıq bir bağ var. O bağı memorial bağ adlandırmışıq. Bu bağ açıq səma altında olacaq. Biz bütün şəhəri müasir şəkildə bərpa etsək də, həmin o bağda xarabalıqlar, dağıdılmış binalar olacaq. Biz oranı restavrasiya deyil, konservasiya edəcəyik. Onları olduğu kimi saxlayacağıq ki, gələcək nəsillərə bir örnək kimi, nümunə kimi qalsın və mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr bilinsin, eyni zamanda müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anlada bilsin. Əlbəttə ki, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal Muzeyi, Memorial Bağ və Zəfər Muzeyi Azərbaycan xalqının birinci və ikinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq. Təsəvvür edin, işğal muzeyindən çıxan insan memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alır. Yəni insanlar o dağıntıların arasından keçərkən sanki həmin zamandan keçir və gözlərinin qarşısında həmin proses canlanır. Bağın sonuna yaxınlaşdıqca Zəfər Muzeyi, Bayraq Meydanı və Zəfər arenasının olduğu əraziyə daxil olurlar. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə olacaq.
–Ermənistan vaxtilə işğalda saxladığı bölgələrimizdə saysız-hesabsız minalar yerləşdirib. Bu yaxınadək mina xəritələrinin yalnız 25 faizi verilmişdi. Mina xəritələrinin tam verilməməsi aparılan tikinti-quruculuq işlərinə çox mane olurdu.
–Bəli, çox mane olurdu. Əvvəla, təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir. O ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir. Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açıldı və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bildi. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır. Əlbəttə, biz quruculuq- bərpa işlərində bunları diqqətdə saxlamalıyıq. Həm də vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Əlbəttə, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərdi. Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Burada folklorumuza da müraciət etsək yerinə düşər. Dədər Qorqud filmində ibrətamiz bir səhnə var. Ulu ozan Qaraca Çobana səslənir ki, nə edirsən belə ? O da cavabında deyir ki, torpağı daşlardan təmizləyirəm. İstəyirik buranı şumlayaq əkək. Dədə Qorqud da deyir ki, məsləhətdir. Biz hələ varıq, olacağıq, artacağıq. Sonra da deyir ki, torpağın yurd olması üçün iki şərt lazımdır. Birincisi gərək torpağı əkib becərəsən. İkincisi isə gərək onu yağılardan qoruyasan. Əgər, torpağı əkib becərmədinsə qorumağa dəyməz, qoruya bilmədinsə əkib becərməyə dəyməz.
Bu günlə səsləşən fikilərdir. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın.
Müsahibəni apardı: Anar TURAN,
“Xalq qəzeti”
(Foto: Mahir Hüseynov)