Türkiyənin Azərbaycan və Gürcüstanla ticarət həcmi açıqlanıb
Bu il Azərbaycanla ticarət həcmimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 4,5 milyard dollara çatıb. Gürcüstanla ticarət həcmimiz isə ötən illə müqayisədə 20 faiz artaraq 1,9 milyard dollara çatıb.
1news.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan dünya logiatika yollarının mərkəzində yerləşir. Bu çərçivədə biz ölkələrimizin potensialından ən yaxşı şəkildə istifadə edərək, əməkdaşlığımızı gücləndirməliyik. Ticarətin qarşısındakı maneələri aradan qaldıraraq, iqtisadiyyatımızın inkişafını təmin etməliyik.
"Türkiyə olaraq Azərbaycan və Gürcüstanla ticarət əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaq üçün lazımi bütün addımları atmağa hazır olduğumuzu bildirmək istəyirəm. Həm Azərbaycanın, həm də Türkiyənin əsas ticarət tərəfdaşlarının başında gəlməkdən qürur duyuruq. Bu il Azərbaycanla ticarət həcmimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 4,5 milyard dollara çatıb. Gürcüstanla ticarət həcmimiz isə ötən illə müqayisədə 20 faiz artaraq 1,9 milyard dollara çatıb".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Foruku 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.
1news.az