Şuşada böyük yanacaqdoldurma məntəqəsi tikilir
Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən işlər gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, bu gün Azərbaycanın Şərqi Zəngəzurda ilk yanacaqdoldurma stansiyası tikilib:
"Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu torpaqlar geri qaytarıldı və artıq Azərbaycan Prezident İlham Əliyevin başçılığı altında quruculuq işlərinə başlayıb. Bütün bu zonada yeni yolların çəkilməsi, elektrik dirəklərinin tikilməsi və digər yaradıcılıq-quruculuq işləri gedir. Prezident İlham Əliyevin göstərişi ilə bu yolda ilk yanacaqdolduma məntəqəsi tikildi. Bu həm Azərbaycan üçün nəzərdə tutulub, həm də beynəlxalq daşımalarda iştirak edən avtomobillər buradan yanacaq götürə bilərlər. Bu beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Burada xarici tranzit avtomobilləri də yanacaqla təmin olunacaqlar. Bu gün burada gözəl bir infrastruktur yaradılıb", - R.Abdullayev deyib.
SOCAR prezidenti Şərqi Zəngəzurda işlərin davam etdiyini deyib:
"Bilirsiniz ki, Prezident İlham Əliyevin göstərişi ilə artıq azad olunmuş torpaqların qazla təmin olunması proqramına baxılır, layihələndirilir və tez bir zamanda bu işlərə də başlanılacaq. Düşünürəm ki, Prezident İlham Əliyevin istədiyi kimi azad olunmuş torpaqlar çiçəkli bir yaşayış məntəqələrinə çevriləcəklər. Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən tikinti işləri gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır. Kapital Bankın burada filialı açılıb. İstənilən valyuta ilə buradan yanacaq almaq mümkün olacaq".
1news.az