Azərbaycanın bərpaolunan enerji potensialına dünya şirkətləri tərəfindən böyük maraq var – Prezident
"Xızı-Abşeron" külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında səsləndirib.
Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq göstərildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.
Prezident əmin olduğunu bildirib ki, ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra digər investisiya layihələrinin də icrasına başlanacaq.