“Tik-Tok”çular dönəminə son: Azərbaycan məktəblərində smartfonlara qadağa qoyula bilər – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

“Tik-Tok”çular dönəminə son: Azərbaycan məktəblərində smartfonlara qadağa qoyula bilər – VİDEO

S.Xankişiyeva12:21 - 05 / 02 / 2022
“Tik-Tok”çular dönəminə son: Azərbaycan məktəblərində smartfonlara qadağa qoyula bilər – VİDEO

Azərbaycan məktəblərində heç də nikbin olmayan yeni trend meydana gəlib. Söhbət günü-günü populyarlıq qazanan və əsasən də “Tik-Tok”un yeniyetmə auditoriyasına yönəlmiş videoçarxlardan gedir. Bu videoçarxlarda günümüzün məktəb reallığı bu və ya digər formada əks olunub.

Düzdür, yayıldıqdan sonra bir çoxlarında müəllimlərə qarşı ciddi narazılığa səbəb olan ilk “qaranquş”lardan fərqli olaraq, yeni videoların məzmunu daha çox şagirdlərə qarşı mənfi reaksiyalar doğurur.

Belə ki, son 1-2 həftə ərzində sosial şəbəkələrin sayəsində 49 və 165 saylı məktəblərdə baş vermiş hadisələr gündəmə çevrildi. Əgər birinci halda şagirdlər öz rəqslərini və müəllimlərin ələ salınmasını videoya çəkmişdilərsə, ikinci videoda şagirdlərin müəllimə məhəl qoymadan özbaşına hərəkətlər etməsi öz əksini tapıb. Daha sonra yayılmış yeni görüntülərdə isə şagirdlər nəinki partaların və çevrilmiş stulların üstündə sürüşərək sinifdə dağıntılar törədir, hətta partanın üstünə spirt töküb yandıraraq, yanğın təhlükəsi törədirlər. Əksər hallarda belə bir fikir yaranır ki, bununla şagirdlər sadəcə “hayp” tutmağa və yeniyetmələr arasında məşhur olan “Tik-Tok”da mənfi olsa da, reytinq qazanmağa çalışırlar.

Şübhəsiz ki, bu cür videolar hazırda məktəblərdə olan vəziyyəti, həmçinin onun çoxsaylı problemlərini nümayiş etdirir. Xatırladaq ki, bir müddət öncə 1news.az saytının təhsil eksperti ilə müsahibəsi zamanı bunun səbəbləri ətraflı müzakirə edilmişdi.

Lakin Bakıdakı bəzi məktəblərin rəhbərlikləri bunun səbəbləri üzərində baş sındırmaq istəməyib və sadəcə şagirdlərə məktəbdə smartfondan istifadə etməyi qadağan ediblər. Bununla bağlı redaksiyamıza artıq bir neçə şikayət daxil olub. Bununla belə, bir daha xatırladaq ki, smartfonlara qadağa qoyulması ilə bağlı nazirliyin heç bir rəsmi qərarı yoxdur. Lakin daha əvvəl 1news.az Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehova istinadən xəbər vermişdi ki, hazırda şagirdlərin məktəblərdə davranış qaydaları ilə bağlı təkliflər müzakirə olunur. O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlananadək yeni qaydaların təqdimatını həyata keçirməyi planlaşdıran nazirlik hazırda bu məsələlərlə bağlı ictimaiyyətin fikrini dinləməyə hazırdır.

Beləliklə, ictimaiyyət əsasən sosial şəbəkələr vasitəsilə artıq öz fikrini ifadə edir və bu fikirlər kifayət qədər populyardır.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərlə bağlı “video-çellenc”lər yayılana qədər əksəriyyət məktəblərdə hər hansı qadağaların tətbiqinə qarşı çıxırdı. Həmin vaxt sosial şəbəkələrə “sızmış” videogörüntülərdə müəllimlərin və hətta məktəb rəhbərliyinin şagirdlərə əl qaldırması əks olunmuşdu. Lakin “Tik-Tok”da yayımlanan son videogörüntülərdən sonra çoxları müəllimlərin tərəfinə keçib və müvafiq olaraq, məktəblərdə smartfonların qadağan olunmasına tərəfdar çıxış edirlər.

Lakin elələri də var ki, hər şeyə rəğmən ayrı-ayrı məktəblərdə lokal xarakterli qadağaların tətbiqinə qarşıdır. Bu da kifayət qədər əsaslıdır: valideynlər öz övladları ilə əlaqə saxlamaq istəyirlər, yaşadığımız narahat dövrdə isə bu, kifayət qədər əsaslı səbəbdir.

Bundan əlavə, məsələnin kökünə getsək, videogörüntülərin olmaması şagirdlərin qeyri-adekvat davranışı və müəllimlərin şagirdlərə əl qaldırması problemini həll etmir.

Lakin məsələni müzakirə etdiyimiz ekspertlərin bununla fikirləri isə üst-üstə düşüb.

“Məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilib-verilməməsi məsələsi dünyanın bir çox ölkələrinin təhsil müəssisələri üçün aktualdır. Lakin, bildiyim qədərilə, Fransada məktəblilər üçün dövlət səviyyəsində belə bir qadağa mövcuddur”, - Azərbaycanın “Əməkdar müəllim”i Asif Cahangirov deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə məktəblərdə mobil telefonlardan istifadə məsələsi təhsil müəssisəsi səviyyəsində həll edilir.

“Dünyanın bir çox məktəblərində şagirdlərin dərsə mobil telefonla gəlməsinə icazə verilmir. Lakin valideynlərin qəzəbinə tuş gəlməmək üçün şagirdlərin məktəbin xüsusi mobil telefonundan istifadə etməklə yaxınlarına zəng etməsinə imkan yaradılır. Hesab edirəm ki, hər məktəbin bu məqsəd üçün 1 telefon ayırması kifayətdir, çünki fövqəladə hallar bir o qədər də tez-tez baş vermir.

Tədris vaxtı şagirdlərə mobil telefon lazım deyil, çünki bu vaxt onlar dərslə məşğul olmalı, müəllimlər isə bu dərsin lazımi səviyyədə keçirilməsini təmin etməlidirlər. Bu səbəbdən, mən də şagirdlərə təhsil müəssisəsinin daxilində mobil telefondan istifadə etməməyi tövsiyə edirəm.

Əlbəttə ki, belə bir qərarın qəbul edilməsi məktəbdəki mühitdən asılıdır. Lakin əksər hallarda şagirdlərdə smartfonların olması onların dərsi mənimsəməsinə və inkişafına müsbət təsir etmir. Daha çox, əksinə, bu, dərs prosesinə mənfi təsir göstərir. Bu səbəbdən məktəbə smartfonla gəlməyin mənası yoxdur”, - A.Cahangirov bildirib.

Təhsil üzrə ekspert Kamran Əsədov da eyni fikirdədir.

“İlk növbədə, qeyd etmək istərdim ki, dünyanın qabaqcıl ölkələri ilə müqayisədə ölkəmizdə təhsil müəssisələri elektron qaynaqlardan istifadə baxımından geri qalırlar.

Orta məktəblərdə hər bir şagird tədris ili ərzində minimum 11 fənn üzrə dərs alır və bunun üçün müvafiq dərsliklərlə təmin olunur. Eyni zamanda, sosial şəbəkələrdə qeydiyyatdan keçən məktəblilərin sayı faydalı elektron qaynaqlardan və ya dərsliklərdən istifadə edən məktəblilərin sayında qat-qat çoxdur. Bu gün ümumtəhsil məktəblərində baş verən mənfi halları da mobil telefonlardan istifadənin “fəsad”larına aid etmək olar. Bunu nəzərə alaraq, məktəblərdə smartfonlardan istifadəyə qadağa qoyulmasını məqsədəuyğun hesab edirəm”, - K.Əsədov deyib.

O həmçinin şagirdlərin öz valideynləri ilə operativ əlaqə saxlaması baxımından mobil telefonların əhəmiyyətli olduğunu bildirib. Belə ki, telefon vasitəsilə şagirdlər məktəbə çatmaları və ya məktəbdən çıxmaları barədə valideynlərinə məlumat verirlər.

“Bu səbəbdən təklif edirəm ki, orta məktəblərin girişində şagirdlərin dərsə gəlib-getmə vaxtını qeydə alan turniketlər quraşdırılsın və valideynlər bu barədə məlumat əldə edə bilsin. Bundan başqa, məktəblərin girişində xüsusi şkaflar quraşdırıla bilər ki, şagirdlər öz mobil telefonlarını və digər qacetlərini orada saxlaya bilsinlər”, - K.Əsədov bildirib.

O bunu da qeyd edib ki, qanunvericiliyə görə, məktəb rəhbərliyi ona həvalə edilmiş təhsil müəssisəsində mobil telefonlardan istifadəyə qadağan qoymaq hüququna malikdir.

“Mövcud qanunvericiliyə görə, təhsil müəssisələrində mobil texnologiyalar (telefonlar, planşetlər) zəruri hallarda, müxtəlif araşdırmalar aparmaq üçün istifadə edilə bilər.

Digər hallarda, mobil telefonlar və digər qacetlər yalnız şagirdlərin diqqətini dərsdən yayındırır. Bu səbəbdən hesab edirəm ki, tədris prosesində mobil telefonlara çıxış həm şagirdlər, həm də müəllimlər üçün məhdudlaşdırılmalıdır. Çünki bəzən dərs vaxtı müəllimə zəng edir və o, zəngi cavablandırmaq üçün sinifdən çıxaraq, tədris prosesini pozur”, - K.Əsədov deyib.

Onun sözlərinə görə, müəllimlərin tədris etdikləri dərsi daha yaxşı izah edə bilməsi üçün məktəblərdə elektron lövhələrdən, həmçinin digər cihaz və alətlərdən istifadə edilə bilər.

K.Əsədov da Fransanı nümunə kimi göstərərək, sözügedən ölkənin parlamentinin 15 yaşdan aşağı şagirdlərin məktəbdə mobil telefonlardan istifadə etməsinə bu tədris ilində qadağa qoyduğunu bildirib.

“Fransadan başqa daha 4 Avropa ölkəsində və ABŞ-ın 13 ştatında məktəb ərazisində mobil telefonlardan istifadə ilə bağlı müvafiq qadağalar mövcuddur. Bu səbəbdən, hesab edirəm ki, ölkəmizdə oxşar qadağanın tətbiqi təhsilin keyfiyyətinə yalnız müsbət təsir göstərəcək”, - K.Əsədov fikrini tamamlayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Biabırçı görüntülər yayılan məktəbin adı AÇIQLANDI: Müəllimə töhmət, şagirdlərə isə... - VİDEO

Daha bir məktəbdə biabırçılıq: Sinfi dağıdır, müəllimi qovurlar - VİDEO

Təhsil üzrə ekspert: Məktəblərdə böhran – tunelin sonunda işıq görünür?

Paylaş:
884

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər