Təhsil üzrə ekspert: Məktəblərdə böhran – tunelin sonunda işıq görünür? | 1news.az | Xəbərlər
Müsahibə

Təhsil üzrə ekspert: Məktəblərdə böhran – tunelin sonunda işıq görünür?

13:48 - 22 / 01 / 2022
Təhsil üzrə ekspert: Məktəblərdə böhran – tunelin sonunda işıq görünür?

Yanvar ayının əvvəli məktəblərdə və hətta uşaq bağçalarında müəllim və tərbiyəçilərin uşaqlara əl qaldırması haqqında xəbərlərlə “zəngin oldu”.

İctimaiyyət arasında geniş səs-küy doğurmuş bu hadisələr üzərində təkrar dayanmayacağıq, sadəcə xatırlatmaq istərdik ki, sözügedən hadisələrin birində məktəb müəllimi şagirdin başını divara vurub, digərində isə bağçada tərbiyəçi uşağın zərbə endirib. Sosial şəbəkələrdə mövzu ilə bağlı müzakirələr indiyədək davam edir, valideynlərlə bağça tərbiyəçiləri arasında müharibə isə artıq “aktiv faza”ya qədəm qoyub. Belə ki, dünən yayılmış bir xəbərdə valideynin tərbiyəçini döydüyü deyilirdi. Təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislərin proqnozlarına görə, bu cür hadisələr tez-tez baş verəcək.

Məktəb müəllimləri ilə şagirdlər arasında aqressiyanın gözlənilməz artımını izah edən bir çoxları bunu pandemiya ilə əlaqələndirirlər. Belə ki, uzun müddət evdə oturmaq, distant təhsilin çətinlikləri və digər səbəblər həm uşaqların, həm də böyüklərin əsəblərinin pozulmasına gətirib çıxarıb. Digərləri baş verənləri daha qəti şərh edir, zorakılıq hallarını uşaqların tərbiyəsizliyi ilə əlaqələndirirlər. Üçüncü kateqoriya insanlar isə müəllimlərin Pedaqoq olmaqda maraqlı olmaması ilə əsaslandırır. Elələri də var ki, müəllimlərin bəzi şagirdlərin qeyri-adekvat hərəkətlərinə təsir edə bilmədiyini qeyd edir və bunu hər kiçik iradı sosial şəbəkələrə və mətbuata çıxaran valideynlərin təzyiqi ilə əlaqələndirir. Məsələni bəzi şərh edənlər isə “bütün sistem dəyişməlidir” kimi dillər əzbəri olmuş banal fikri təkrarlayır və məsələni “boş verməyi” təklif edirlər.

Məktəblərdə zorakılıq halları, həmçinin mövcud şəraitdə necə davranmaqla bağlı təhsil üzrə ekspert Ülviyyə Mikayılovanın “1news.az”a müsahibəsində oxuya bilərsiniz.

- Ülviyyə xanım, İsmayıllı rayonunda yerləşən uşaq bağçasında baş vermiş səs-küylü hadisədən sonra sizinlə bu barədə söhbət etmişdik. Yəqin ki, faktiki olaraq, tərbiyəçiyə haqq qazandıran uşağın atasının şərhi ilə tanışsınız. Məsələ onda deyil ki, tərbiyəçi həmin ailənin qohumudur, ümumiyyətlə çoxları hesab edir ki, tərbiyələndirmək üçün uşaqları döymək olar, bəzən isə bunu etmək zəruridir. Əgər valideynlər belə fikir ifadə edirlərsə, məktəblərdə baş verən zorakılığa niyə təəccüblənirik?

- Bəli, haqlısınız. Əgər uşaq zorakılığın tərbiyə üsulu və ya ümumiyyətlə həyat tərzi olduğu bir ailədə böyüyürsə, onun təsəvvüründə bu, normadır. Bu səbəbdən, bu cür uşaqlar böyüdükdə öz uşaqlarına, məktəbdə işlədikdə isə özgə uşaqlarına qarşı zorakılıq edirlər. Buna səbəb həmin şəxslərin travmaya məruz qalmasıdır.

9 saylı məktəbin (by ay müəllimlərin zorakılıq faktının qeydə alındığı məktəblərdən biri) direktorunun videomüraciətini eşitdim. Bu müraciətdə 2 təhlükəli ismarış var. Xatırladım ki, o nəinki üzr istəmədi, əksinə, şagirdi “ana” kimi vurduğunu dedi. Yəni, bir tərəfdən o deyir ki, ana uşağı döyə bilər, digər tərəfdən isə göstərir ki, məktəbdə uşağı döymək olar.

- Yuxarıda qeyd etdiyim kimi, cəmiyyətin kifayət qədər böyük bir hissəsi bu fikirdədir. Bunun üçün uşaqların döyülməsi haqqında xəbərlərin altındakı şərhləri oxumaq kifayətdir. İstisna təkcə uşaq bağçasındakı hadisə təşkil etdi. O məsələdə cəmiyyəti qəzəbləndirən məqam başı divara vurulan uşağın yaşının az olmasıdır.

- Məsələ burasındadır ki, əgər kimsə hesab edirsə ki, uşağı döymək olar, bu o demək deyil ki, bu belə də olmalıdır. Daha əvvəl də dediyim kimi uşağa əl qaldırmağa heç nə ilə haqq qazandırmaq olmaz.

Lakin problem təkcə bunda deyil. Problem həm də ondadır ki, hazırda, məktəblərdə baş verən zorakılıq halları məsələsini qaldırmağa və onu ictimaiyyətin müzakirəsinə çıxarmağa ümumiyyətlə ehtiyac olmadığı ilə bağlı fikirlər səslənir!.. Bu isə kökündən yanlışdır.

Bu problemin həll olunmamasının səbəblərindən biri ölkəmizdə məktəblərin bir institut kimi böhran yaşamasıdır. Əvvəlcədən deyim ki, söhbət bütün məktəblərdən və bütün müəllimlərdən getmir, çünki ləyaqətli müəllimlərin işlədiyi gözəl təhsil müəssisələrinin sayı da az deyil. Mən məktəblər dedikdə bütün sistemi nəzərdə tuturam. Son zamanlar məktəblərdə zorakılıq halları haqqında xəbərlərin sayı artıb. Zorakılığın forması və ya kim tərəfindən törədilməsi vacib deyil. Bu cür halların artması məsələyə ən azı daha diqqətli yanaşma tələb edir.

Rəqəmlərlə misal göstərim. 2018-ci ildə Azərbaycanda Bakı məktəbləri səviyyəsində keçirilmiş PISA (Programme for International Student Assessment, PISA) adlı tədqiqatda iştirak etmişdim. Bu tədqiqat hər şeydən əlavə həm də “məktəblərdəki abu-hava”nı qiymətləndirməyə imkan verir. Çünki bu göstərici həm akademik davamiyyət, həm də şagirdlərin və onların valideynlərinin əmin-amanlığı baxımından vacibdir. Belə ki, tədqiqatın nəticələri artıq həyəcan təbili çalırdı: şagirdlərin 36%-i ayda azı 1 dəfə “bullinq”ə məruz qaldığını, 11%-i isə özlərini məktəbdə “rahat” hiss etmədiyini qeyd etmişdi.

- Ülviyyə xanım, bəs niyə məlumatlar təkcə 2018-ci ili əhatə edir?

- Çünki test 3 ildən bir keçirilir. O, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərin funksional savadlılığını və bilikləri praktikada tətbiq etmək bacarığını qiymətləndirir. Bu test təkcə uşaqların dərs proqramlarını necə mənimsədiyini qiymətləndirmir. Onun çərçivəsində valideynlər, müəllimlər, şagirdlər və məktəb direktorları arasında sorğular keçirilir. Sonra toplanmış məlumatlar təhlil edilir və təhsil sisteminə müvafiq dəyişikliklər edilməsi üçün hər bir ölkəyə təqdim olunur.

Bu, dünyanın bütün ölkələrində keçirilən kifayət qədər bahalı tədqiqatdır. Hesab edirəm ki, Azərbaycanın bu tədqiqata qoşulması böyük nailiyyətdir. Bildiyim qədərilə 2021-ci ildə tədqiqatın keçirilməsinə pandemiya mane oldu, lakin yaxın zamanlarda təkcə Bakı üzrə deyil, bütün Azərbaycan üzrə tədqiqatın keçirilməsi gözlənilir.

- Dediniz ki, bir institut olaraq məktəblər böhran içindədir. Yəni, problem təkcə yuxarıda göstərilən rəqəmlərdə deyil?

- Bəli. Hesab edirəm ki, məktəb ən vacib sosial institutdur, çünki o, bütün sosial təbəqələrdən olan uşaqlar üçün “ekvalayzer”, sosial lift rolunu oynayır. Ən azı əslində belə olmalıdır. Bu səbəbdən, məktəblərdə sağlam mühitin olması həm bu uşaqların, həm də ümumilikdə xalqın gələcəyi üçün son dərəcə vacibdir.

Mövcud olmaqla kifayətlənməyib, hazırda özünü kifayət qədər ciddi şəkildə göstərən məktəb problemini bir neçə aspektə bölərdim.

Birincisi, hamıya sübut olundu ki, ölkəmizdə “bullinq” probleminin mövcuddur. Bu, 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın başına gələn faciədən sonra baş verdi.

Qeyd edim ki, bullinq hər zaman mədəni münasibətlərin yüksək səviyyədə olmadığı məktəblərdə baş verir. Çünki “məktəb mühiti” kifayət qədər geniş anlayışdır. Bura həm şagirdlərin özlərini məktəbdə hiss etmə keyfiyyəti, həm də şagirdlər, müəllimlər, məktəb rəhbərliyi arasında qarşılıqlı münasibətlərin keyfiyyəti daxildir.

Təəssüf ki, Elinanın başına gələn faciədən sonra Təhsil Nazirliyi genişmiqyaslı tədbirlər görsə də, bir sıra dəyişikliklər etsə də, mətbuatdan öyrəndiyimiz son faktlar bir daha sübut edir ki, məktəblər “sönmüş vulkan” olaraq qalmaqdadır. Sosial şəbəkələrdən və mətbuatdan öyrəndiklərimiz sadəcə qığılcımlardır. Bu “vulkanın” içində nələrin baş verdiyindən xəbərsizik. Başqa sözlə desək, aşkara çıxmış zorakılıq, döyülmə, bullinq halları səbəb yox, nəticədir, problem isə qalmaqdadır.

Problemin ikinci aspekti şagirdlərin akademik davamiyyəti ilə bağlıdır. Təəssüf ki, məzunların yekun qiymətlərinə baxsaq, nəticələrin kifayət qədər aşağı olduğunu görərik. Bu məsələdə məktəbi günahlandırmaq düzgün olmazdı, çünki məktəb onun qarşısına qoyulmuş vəzifələr çərçivəsində fəaliyyət göstərir.

Problemin üçüncü aspekti müəllimlərin peşə təhsili ilə bağlıdır. Məsələ burasındadır ki, müəllimlərin əlavə təhsil alması üçün demək olar ki, yaxşı yerlər yoxdur. Məsələn, əvvəllər mərkəzləşdirilmiş sistem var idi ki, hər 5 ildən bir müəllimlərin peşə inkişafını nəzərdə tuturdu. Hazırda isə bu sistem Müəllimlər İnstitutu və Bakı Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən təlim mərkəzləri ilə məhdudlaşır. Bu mərkəzlərdə pulsuz təlimlər yalnız milli təşəbbüs olduğu halda keçirilir. Məsələn, bu cür təlimlər Elina Hacıyeva faciəsindən sonra və distant təhsilə keçid zamanı keçirilmişdi. Ümumilikdə isə müəllimlər belə demək mümkünsə öz ixtiyarlarına buraxılıblar və özləri təlimlər tapmalı olurlar, bu isə bəzən çox çətin başa gəlir. İnternet vasitəsilə sonsuz sayda özünütəlim imkanları mövduddur, lakin Azərbaycan dilində resurslar ya azdır, ya da kifayət qədər deyil.

Daha bir vacib məqamı qeyd etmək istərdim.

Məktəblərlə bağlı ən böyük dəyişikliklər direktorlara toxunub. Bəli, nəhayət ki, onları təyin edilməsi dayandırılıb və seçim sistemi yaradılıb. Artıq direktorluğa namizədlər müvafiq təlimlərdə iştirak edir və müvafiq imtahanlar verirlər. Düzdür, məktəb direktorlarının əvəzlənməsi müsabiqəsi Azərbaycanın bütün məktəblərində tətbiq edilmir. Lakin hətta bu cür gözəl sistemdə belə 2 narahatedici məqam var. Birincisi, məktəblərin fəaliyyətinin dəqiq və düzgün monitorinq sisteminin olmaması, ikincisi, direktorların bir çox səlahiyyətlərinin əllərindən alınmasıdır. Məsələn, bu gün məktəb direktoru hətta xadiməni belə işə götürmək səlahiyyətinə malik deyil. Bir tərəfdən, bu qərarın hansı məqsədlə qəbul edildiyi bəllidir. Söhbət korrupsiya ilə mübarizədən gedir. Digər tərəfdən, müəllimlərə təsir etmək mexanizmi direktorların əlindən alınıb. Yəni, direktor nə yaxşı müəllimi həvəsləndirə bilmir, nə də səhvə yol vermiş müəllimi cəzalandıra, yaxud təlimlərə yönəldə. Eyni zamanda, direktorlar qarşısında məktəbin göstəricilərini, daha dəqiq desək, şagirdlərin buraxılış və qəbul imtahanlarındakı nəticələrini yaxşılaşdırmaq məqsədi dayanır. Beləliklə, məktəbin bütün fəaliyyəti yalnız bu 2 göstəriciyə yönəlir.

Daha bir problem valideynlərlə heç bir düzgün əməkdaşlıq sisteminin olmamasıdır. Nəticədə məktəb icması şərti olaraq “onlara” və “bizlərə” bölündü. Hər iki tərəf də bir-birini ittiham edir. Bu isə yuxarıda dediklərimin ən faciəlisidir. Çünki bu gün bizdə iki (düşmən) düşərgə formalaşıb: direktorların başçılıq etdiyi müəllimlər və valideynlər. Nəticədə isə bu iki düşərgə arasında qalan uşaqlar əziyyət çəkir.

- Mənim bir neçə sualım var və ən az aktual olandan başlamaq istəyirəm. Yuxarıda qeyd olunanlardan bəlli oldu ki, cəmiyyətin problemlərə olan cavabı sualın içindədir. Bir çoxları güman edirlər ki, məktəblərdə zorakılığın artmasına uşaqların və müəllimlərin psixikasına təsir etmiş pandemiya və onunla əlaqəli məhdudiyyətlər səbəb olub. Bəlkə həqiqətən də bu öz rolunu oynayıb?

- ÜST və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlarına görə, pandemiya həm yaşlıların, həm də uşaqların psixi vəziyyətinə təsir göstərib. Bundan başqa, ÜST iddia edir ki, 2 illik pandemiya təhsili xeyli geri atıb və 2 nəslin təhsilində özünü göstərib. Yeri gəlmişkən, tədqiqatlar televiziya vasitəsilə distant təhsilin xüsusilə effektsiz olduğunu göstərib. Buna səbəb onun tədris proqramı ilə sinxronlaşmaması və şagirdlərin lazımi diqqətini təmin etməyin çox çətin olmasıdır.

Şagirdlər və onların valideynləri arasında narahatlıq səviyyəsini artırdığı etiraf edilsə də, bunun aqressiya artımına səbəb olduğunu demək çətindir. Bu daha çox sarsıntıya, depressiyaya, narahatlığa, qeyri-müəyyənlik hissinə səbəb olub.

Bununla belə, bu gün məktəblərdə mövcud olan bütün problemləri pandemiyanın fəsadları ilə əlaqələndirməzdim. Zorakılıq problemini isə, ümumiyyətlə. Artıq dediyim kimi, hələ pandemiyadan əvvəl, 2018-ci ildə aparılmış tədqiqat göstərmişdi ki, şagirdlərin az qala yarısı bu problemlə üzləşir.

- Bəs bunun səbəbini nədə axtarmaq lazımdır?

- Ən çox bəyəndiyim tədqiqat işi ABŞ-lı məktəb direktoru, təhsildə liderlik sahəsində tədqiqatçı Ronald Barta məxsusdur. Öz məqaləsində o yazırdı ki, məktəbdəki sağlam mühit və mədəniyyət açıq müzakirə olunmayan sualların sayına tərs mütənasibdir. Başqa sözlə desək, bu sualların sayı nə qədər çox olarsa, məktəbdə sağlam mühit bir o qədər aşağı olar. Yalnız istənilən sualları açıq müzakirə edən məktəblər mühitin sağlamlaşdırılmasına yol açır.

Daha bir həll yolu məktəblərin ictimai-dövlət idarəetməsinə keçirilməsindən və onların muxtariyyətinin təmin edilməsindən keçir. Bu yanaşma həm də hələ 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əks olunmuş strateji inkişaf məqsədlərindən biridir. Orada həmçinin valideynin təhsil prosesinin vacib iştirakçısı olduğu da qeyd olunur. Bu düzgün yanaşmadır. Çünki valideynləri məktəbdən uzaq tutmaq və yalnız kömək lazım olduqda, yaxud uşaqdan şikayət etmək üçün onları məktəbə çağırmaq düzgün deyil. Gördüyünüz kimi bu yanaşma artıq işləmir.

- Ülviyyə xanım, siz Elina ilə bağlı hadisəni xatırladınız və onun çox şeyi dəyişdiyini bildirdiniz. Ola bilər ki, mən məktəblərdəki real vəziyyətdən uzağam, lakin valideynlərin sosial şəbələrdəki şərhlərindən belə başa düşürəm ki, cəmiyyət məsələ ilə bağlı qəbul edilmiş qərarların nəticələrindən narazıdır. Çoxlarından belə təəssürat var ki, faciə baş verdi, hamı şoka düşdü və hər şey unuduldu. Çünki daha sonra pandemiya baş qaldırdı və yeni problemlər ortaya çıxdı.

- Bu sualı 2 hissəyə bölmək lazımdır. Birinci hissə direktorun və məktəb əməkdaşlarının cəzalandırılması ilə bağlıdır. Bu suala cavab vermək üçün səlahiyyətim yoxdur, çünki bu məhkəmə və prokurorluğun ixtiyarında olan məsələdir.

Lakin bu faciəli hadisə həqiqətən də təhsil sisteminə təsir edib. Bildiyim qədərilə mütəxəssislər cəlb edildi, bir çox məktəblərdə bullinq əleyhinə təlimlər keçirildi və ümumilikdə bu hadisə məktəblərdə qarşılıqlı münasibətlər sisteminə olan bir çox yanaşmalara yenidən baxmaq məcburiyyəti yaratdı.

- Məsələ burasındadır ki, son hadisələrdən (görüntüləri yayılmış zorakılıq hadisələrindən) sonra bəzi məktəb rəhbərləri qəribə qərarlar çıxarıblar. Oxucularımız bizə yazıb şikayət edir ki, bir neçə məktəbdə şagirdlərin dərsə videokameralı telefon gətirməsinə qadağa qoyulub. Yəni, əgər görüntü yoxdursa, deməli problem də yoxdur. Xatırladım ki, Elina ilə bağlı faciə baş verəndə də bir çox məktəblər oxşar hadisələrin qarşısını almaq üçün pəncərələri “kilidləməyə” başladılar. Bəli, bu qərarlar Təhsil Nazirliyindən gəlmir və lokal xarakter daşıyır, lakin fakt faktlığında qalır. Lakin valideynlərin öz şikayətlərini məktəb rəhbərliyinə çatdırması çətindir, buna görə də onlar daha çox sosial şəbəkələrə və mətbuata müraciət edirlər.

- Videokameralı telefonlara gəlincə, onların qadağan olması haqqında fikri mən də eşitmişəm. Bunu onunla əsaslandırırlar ki, məktəblərdə çəkilmiş görüntülər uşaqları müdafiə etmək üçün deyil, məktəb rəhhbərliyini şantaj etmək və reket məqsədilə istifadə edilə bilər. Demirəm ki, bu fikirlə razıyam, sadəcə bu fikri irəli sürməyə çalışanların məntiqini izah edirəm. Əlavə etmək istədim ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə, uşağa qarşı istənilən formalı zorakılığın şahidi olmuş hər kəs bu barədə məlumat verməlidir. Bu baxımdan, sosial şəbəkələr vacib ictimai funksiya daşıyır.

Məsələ burasındadır ki, hazırda məktəblər meydana gələn problemlərin həll yolu kimi qadağa qoymaqda və tamamilə “qapanmaqda” görür. Başa düşürsüz, kimisə küncə sıxanda, o, müdafiə olunmağa başlayır. Hazırda isə məktəblər küncə sıxılıb. Məktəbləri sıxır, idarə edir, qərar qəbul etməsinə imkan vermir və daim nədəsə ittiham edirlər. Buna görə də, müdafiə olunmaq üçün məktəblər bir növ “barrikalar” qurur. Amma bu, vəziyyəti daha da pisləşdirir və problemin həllini uzaqlaşdırır.

- Bəs nə etməliyik?

- Məktəblərlə bağlı qəbul edilən istənilən qərarları müzakirə etmək üçün bir neçə il əvvəl Məktəb direktorları şurasının yaradılması haqqında gözəl ideya irəli sürülmüşdü. Lakin, təəssüf ki, o elə ideya olaraq qaldı.

Mənim fikrimcə, öz problemlərini həll etmək, hər hansı ideyalar irəli sürmək və hər hansı təşəbbüsləri “pilot” kimi tətbiq etmək üçün məktəblərə muxtariyyət və imkan vermək lazımdır. Məktəblərdə islahatların aparılmasını təklif edən müxtəlif modellərin pilot layihə kimi irəli sürülməsi üzrə ekspert hərəkatından başlamaq pis olmazdı. Eyni zamanda, düzgün monitorinq sistemini yaratmaq lazımdır. Söhbət məhz monitorinqdən gedir, sərt nəzarətdən deyil.

Eyni zamanda valideynləri də məktəbin idarəetməsinə buraxmaq lazımdır. Valideynlərin məşğulluğu barədə nə deyilməsindən asılı olmayaraq, hər zaman elə insanlar tapılar ki, səmimi qəlbdən əməkdaşlıq etmək istəsin. Dünyada bu cür birgə idarəetmə modellərinin sayı az deyil. Məsələn, Himayədarlar Şurası modeli var. Direktor, məktəbin meneceri qismində daim bu Şuranın üzvləri ilə əlaqədə olur və görülmüş işlər barədə hesabat verir. Yeri gəlmişkən, Bakının bir sıra özəl məktəblərində bu model uğurla tətbiq edilir.

Ölkə Prezidentinin haqqında danışdığı ictimai nəzarət elə budur. Baş yolu yoxdur. Kameralı telefonları qadağan etmək olaraq, amma problemlər, xüsusilə də uşaqlara qarşı zorakılıq haqqında danışmağın yolunu valideynlər tapacaqlar.

Hazırda, qanuna görə, məktəblərdə ali idarəetmə orqanı Pedaqoji Şuradır, faktiki isə bu işi direktor yerinə yetirir. Yəni, belə çıxır ki, bu cür böyük, sosial bir təşkilata yalnız nazirliyə hesabat verməli olan 1 insan rəhbərlik edir.

- O insan ki, daha əvvəl dediyiniz kimi ciddi səlahiyyətlərə malik deyil.

- Bəli. Buna görə də, məktəblərdə islahatların aparılmasını yalnız direktorlar üçün təlimlərin keçirilməsi ilə məhdudlaşdırmaq olmaz.

Bütün dünyada məktəblərin inkişafının məntiqi muxtariyyət, dəqiq və düzgün həyata keçirilən monitorinqlər və açıqlıqdır.

Nə qədər ki, bu yoxdur, “valideynlər” və “məktəb” adlanan iki düşərgə arasında “soyuq müharibə” davam edəcək və bu isə təhlükəli tendensiyadır.

- Ülviyyə xanım, fərz edək ki, məktəblərə muxtariyyə verildi. Digər şərtlərin mövcud olduğu bir şəraitdə hansısa bir məktəbin direktoru tabeliyində olan təhsil müəssisəsi çərçivəsində nə edə bilər ki?

- Çox şeyi. Nümunələr göstərə bilərəm. Bakıətrafı qəsəbələrin birində məktəbə yeni direktor təyin olunub. Qəsəbə sakinləri əsasən mövsümi işlərlə məşğul olan şəxslər, yəni yalnız iş vaxtı şəhərə gələn, bu yerə bağlı olmayan insanlar olub. Buna görə də, onlar uşaqlarına hazırda yaşadıqları yerə qayğı aşılamayıblar. Məktəb, belə demək mümkünsə, səhralıq ərazidə yerləşib. Ətrafda bir kol belə olmayıb. Direktorun etdiyi ilk iş həftənin bazar günü idman geyimində məktəbin ərazisində torpağı belləməyə başlayıb. Qəsəbə balaca olduğundan bir müddət sonra bütün sakinlər məktəb direktorunun şəxsən (!) torpağı bellədiyindən xəbər tutub. Bəziləri ona yaxınlaşıb deyiblər ki, bağban dəvət edin, niyə özünüz torpağı belləyirsiniz? O isə cavab verib ki, bu işdən zövq alır və kimsə qoşulmaq istəsə şad olar. Bilirsiz bundan sonra nə baş verib? Qısa bir müddət sonra hər bazar günü şagirdlər və valideynləri direktora köməyə gəlməyə başlayıb! Amma, bu hələ son deyil. Qəsəbədə boş vaxtı keçirmək üçün yer olmadığından direktor məktəbdə “Cinema club” təşkil edib və noutbukdan filmləri ekranda nümayiş etdirməyə başlayıb. Filmlərdən sonra müzakirələr aparılıb. Bu klub az qala bütün qəsəbə sakinlərinin sevimli yerinə çevrilib və şagirdləri, valideynləri və məktəb rəhbərliyini bir-birinə yaxınlaşdırıb.

Bu o deməkdir ki, bir insan, lider məktəbdə yeni mədəniyyətin formalaşdırılmasının katalizatoru ola bilər. Axı bizdə gözəl müəllimlərin, direktorların, həmçinin məktəbin fəaliyyətində iştirak etmək istəyən valideynlərin sayı az deyil. Bunun üçün yalnız imkan yaratmaq lazımdır.

- Yəni, ümid hələ də var?

- Ümid hər zaman var. Söhbətimizin lap əvvəlində dediyim kimi, məktəbin təkcə uşaqlara deyil, bütüb cəmiyyətə təsiri böyükdür. Bu təsirin necə olacağı bizdən asılıdır.

- Maraqlı müsahibəyə görə minnətdaram. Ümid edirəm, bizim səsimizi eşidəcəklər.

Natali Aleksandrova

Paylaş:
880

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər