Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
1news.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşıladı.
Prezidentlər birgə foto çəkdirdilər.
Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.
Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.
Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.
Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi.
15:45
Martın 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.