Vüqar Rəhimzadə: Azərbaycan idmançıları bu gün qalib ölkəni, müzəffər xalqı təmsil edirlər
“Azərbaycanın hərtərəfli inkişafı beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinə və roluna təsir göstərən mühüm amillərdəndir.
Bu gün Azərbaycana hansı rakursdan baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin idman dövləti kimi qazandığı uğurlar da təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını martın 17-də qəbul edərkən çıxışında ölkə idmanının keçdiyi inkişaf yolunun, hazırkı dövrdə qarşıda dayanan vəzifələrin ümumi mənzərəsini təqdim etdi.
Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin Azərbaycanın beynəlxalq imicinə böyük təsir göstərdiyini əminliklə söyləyə bilərik. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək 16 medal qazanmışlar ki, bunun da 7-si qızıl medaldır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada təqdimatıdır. Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına stimul olur.”
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, idman hər bir ölkənin qüdrətini əks etdirir: “Dövlət başçısı İlham Əliyevin qeyd olunan görüşdə vurğuladığı kimi, əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq adətən inkişaf etmiş ölkələrin nümayəndələrinin daha böyük uğurlar qazandıqlarını görərik. Bunu şərtləndirən əsas amil dövlət siyasətidir. Təbii ki, hər bir sahənin inkişafı bu istiqamətdə ardıcıl şəkildə atılan addımlardan, yaradılan bazadan asılıdır.”
Diqqəti Azərbaycanın 2015-ci ildə ev sahibliyi etdiyi ilk Avropa Oyunlarına və 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəldən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının ölkəmizə olan münasibətini nümayiş etdirdi: “Eyni zamanda, dünya ictimaiyyəti şahidi oldu ki, siyasi, iqtisadi sahədə uğurlar qazanan Azərbaycan böyük imkanlara malik olan ölkədir və bütün sahələr üzrə ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Regionların inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks artıq inşa edilib. Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda reallaşan beynəlxalq forumlar, konfranslar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdığı üçün idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda, olimpiadalarda, oyunlarda iştirakçıların sayı ölkəmizə olan inamın, verilən yüksək dəyərin fonunda daha çox olur. Onlar Azərbaycanın uğurlarından heyrətlərini gizlədə bilmirlər. Ölkə Prezidenti qeyd edilən görüşdə bu hədəfi açıqlamışdır ki, ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycandakı qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik.”
Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın rolunu xüsusi vurğulayaraq bildirib ki, bu gün Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi qatılırlar: “İdmançılarımızın tarixi Zəfərimizə qədər qatıldıqları yarışlarla bugünümüz arasında fərq diqqətçəkəndir. Bu baxımdan ki, yarışlara torpaqları işğal edilən ölkənin təmsilçisi kim qatılmaq daim bu çağırışı özündə ehtiva edirdi ki, gücümüzü, iradəmizi göstərməli və qalib olmalıyıq. Sübut etməliyik ki, beynəlxalq idman arenalarında nümayiş etdirdiyimiz gücü, qazandığımız qələbələri döyüş meydanında da qazana, göstərə bilərik. Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və 44 gündə 30 ilin işğalına son qoyuldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Avropa çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurguladı: “Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dövlət başçısı İlham Əliyevin qeyd edilən görüşündə diqqət göstərdiyi əsas məsələlərdən biri də dünyanın ikili siyasətinin yaratdığı problemlər oldu: “Belə ki, dünyanın bir çox ölkələrində müharibələrin getdiyini və gedəcəyini vurğulayan ölkə Prezidenti bunun fonunda dünyaya ikili standartlara əsaslanan siyasətə son qoyulması çağırışını edir. İkili siyasətin nəticəsində mülki əhali böyük çətinliklərlə üzləşir, itkilər böyük rəqəmlərlə ifadə olunur. İşğalçı Ermənistanın timsalında ikili yanaşmanın yaratdığı problemlər aydın görünür. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizi raket atəşinə tutaraq mülki əhalinin qətlinə, yaralanmasına səbəb oldular. Bunlar dünyanın gözü qarşısında baş verdiyi halda, yenə də seyrçi mövqe davam etdi. Ermənistanın beynəlxalq hüquqa zidd hər bir addıma dünyanın göz yummasının 44 günlük Vətən müharibəsinə yol açdığı bəllidir. Dünyanın bəzi ölkələrində gedən müharibələrin fonunda beynəlxalq ictimaiyyət Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, əlbəttə ki, idmançılarımız üçün əlavə bir stimuldur. Çünki böyük nüfuza malik olan ölkəni təmsil edirlər. Bugünkü və gələcək nəslin nümayəndələri artıq yarışlarda müzəffər ölkəni təmsil edirlər və hər zaman da belə olacaq. Çünki Qələbəmiz əbədidir. Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.”
Vüqar Rəhimzadə bir ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş vüsət almasından, Böyük Qayıdışa gedən yolun yaxınlaşmasından bəhs edərək bu torpaqlarda soydaşlarımızın yüksək şəraitdə yaşayışı üçün bütün zəruri imkanların yaradıldığını bildirib: “Şəhərlərin təqdim edilən Baş planlarında bütün sahələrin, o cümlədən idmanın inkişafına xidmət edən müddəalar öz əksini tapıb. Dövlət başçısı görüşdə bu məsələni də önə çəkərək qarşıya qoyulan hədəfi açıqlayıb: Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir.”
YAP Xətai rayon təşkilatının sədri bu qənaətə gəlib ki, tarixi Zəfərimiz gücümüzü, qüdrətimizi, iradəmizi nümayiş etdirdi. Dəmir yumruq birliyimizin, gücümüzün təqdimatı oldu. Azərbaycan bundan sonra da yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək.