Ceyhun Bayramov Almaniya Federal Kanslerinin müşaviri ilə görüşüb
Martın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə postmünaqişə dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan tərəfindən birgə Bəyanatın müddəalarının pozulması, sülh və sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı ətraflı məlumat verib. Nazir bölgənin gələcəkdə sülh şəraitində inkişafına dair Azərbaycanın baxışını bölüşüb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.