İçərişəhərin qədimi məscidləri və tarixi hamamından REPORTAJ - FOTO
18 aprel 2022-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “İçərişəhər” DTMQİ abidələr üzrə press-tur təşkil olunub.
1news.az-ın əməkdaşlarının da iştirak etdiyi press-turda abidə və muzeylərdə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Elm və mədəni irsin təşvigi sektorunun müdiri, tarix elimləri doktoru Vəfa Quliyevanın iştiraki ilə İçərişəhərdə abidələr üzrə gəzinti təşkil olunub. Onlar tarixi məkanların uzaq keçmişindən, onun mədəni həyatımızdakı əhəmiyyəti haqqında məlumat veriblər.
Press-tur çərçivəsində Molla Əhməd məscidi, Məhəmməd məscidi, Qasım bəy hamamı və Cümə məscidi ziyarət edildi, haqqında məlumat verildi.
Bundan başqa İçərişəhər ərazisində son illər ərzində aparılan bərpa və konservasiya işləri haqqında ətraflı məlumat verilmişdir.
“İçərişəhər” DTMQİ Elm və mədəni irsin təşviqi sektorunun müdiri, tarix elimləri doktoru Vəfa Quliyeva deyib ki, İçərişəhər orta əsr şəhərsalma nümunəsidir.
“İslam Azərbaycan feodal dövlətlərində əsas dövlət ideologiyası olub. Bu ideologiyanın daşıyıcıları ruhanilər olub, dövlətdə çox mühüm vəzifələr tutublar. Şirvanşahlar dönəmində ali ruhanilər baş hakimdən, baş sərkərdədən sonra 3-cü şəxs sayılırdılar. Ali ruhaninin icazəsi olmadan dövlətdə heç bir qərar qəbul olunmurdu, o cümlədən də beynəlxalq münasibətlərdə. Ancaq ali ruhani fətva verəndən sonra qərarlar qəbul olunurdu. Ona görə İçərişəhər orta əsr şəhərsalma nümunəsi kimi 28 məhəllənin hər birində məscid və hamam olub. Orta əsrlərdə şəhərsalmada ilk növbədə məscid, hamam tikilərdi, sonra onların ərtafında yaşayış evləri salınardı. Qarşısında olduğumuz məscid Molla Əhməd məscidi adlanır. Onun üzərindəki yazıda məscidin tarixi 1300-cü il qeyd olunub. Molla Əhməd bu məscidin axundu olub. Məscid onun adı ilə adlanır. Məscid bir otaqdan ibarətdir, burada insanlar ibadət edirdilər”.
Məhəmməd məscidindən danışan V.Quliyeva deyib ki, unikal bir məsciddir.
“Bu məscidin altında 20-ci əsrin 60-cı illərində qazıntılar aparılıb və orada antik dövrə aid sütun aşkarlanıb, bir də məscidin özülündə atəşpərəstlik dövrünə aid də atəşpərəstlik məbədinin qalıqları aşkarlanıb. İçərişəhər, qədim Bakı mədəniyyətlər qovşağının mərkəzində yerləşir. Burada həm atəşpərtlik, həm xristianlıq, həm islam də mövcud olub. Bizim xalqda olan tolerantlıq qədim dövrlərdən gəlir. Bütün bu mədəniyyətlərin varisiyik. Bu məscid 11-ci əsrin abidəsidir, Səlcuklar dövründə inşa edilib. Azərbaycanda 11-ci əsrə aid məscid demək olar ki, yoxdur, İçərişəhərdə olan bu məscid qorunub saxlanılır. Bunun tarixi 1078-1079-cu illərdir. Məhəmməd məscidinin üzərində olan yazıda çox maraqlı informasiya əldə edirik. Məscidin yazısında deyilir: “Məscid Əl usdad Əl Rəis Məhəmməd bin Əbubəkir tərəfindən inşa olunub”. Əl üstad Əl Rəis ifadəsi Məhəmməd bin Əbubəkirin vəzifəsini müəyyən edir. Əl üstad Əl Rəis indiki şəhər meri anlamına gəlir. Yazıda Şirvanşahın adı yoxdur, bu ondan xəbər verir ki, 11-ci əsrdə Şirvanşahların hakimiyyəti çox zəif olub. Bu rəislər (şəhər merləri) çox böyük nüfuza malik olurdular, Şirvanşahlar hakimiyyətinə bir müxalifət təşkil edirdilər. Bütün şəhəri onlar idarə edirdilər. Balaca yazıda çox böyük tarixi informasiya var. Azərbaycan Milli Elmlər Akademiyasının üzcü, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru Məşədixanım Nemətova işləyib”.
Daha sonra media nümayəndələri İçərişəhərdə yerləşən Qasımbəy hamamında olublar.
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, Qasımbəy hamamı Şirvanşah I Xəlilüllahın əmriylə 15-ci əsrin ortalarında inşa edilib.
"Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Rəvayətə görə, bu ilk hamam idi ki, hamama gələn qonaqlara çayla yanaşı müxtəlif şirniyyatlar da təklif edilirdi, bu görə də “Şirin hamam” adlandırıldı. 1970-ci ilin sоnlаrındа hamamda bəpa işləri аpаrılmış və bundan sonra abidə "Yаşıl aptek" kimi fəaliyyət göstərməyə başlamışdır. Burada aprek-muzey yaradılmışdı. Burada müalicəvi dərmanlar satılardı. 90-cı illərə qədər bu aptek-muzey fəaliyyət göstərib”.