Azərbaycanda turizmin VƏZİYYƏTİ - Daha çox hansı ölkələrdən turist gəlir?
Koronavirus pandemiyanın zəifləməsi bir çox sahələrdə olduğu kimi turizm sahəsinə də müsbət təsir edib.
Əksər ölkələrdə koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması turizm sənayəsinin cənlanmasına gətirib çıxarıb. Ölkəmizdə də koronavirus pandemiyası ilə bağlı bir çox məhdudiyyətlər aradan qaldırıldı.
Bəs hazırda Azərbaycanda turizm sahəsində vəziyyət necədir? Ölkəyə daha çox hansı ölkərdən turistlər gəlir?
Məsələ ilə bağlı 1news.az-a danışan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib ki, bütün dünyada pandemiyanın zəifləməsindən və post-pandemiya dövrünə keçid ərəfəsində beynəlxalq səfərlərə qoyulan məhdudiyyətlər aradan qaldırıldı.
“Bu da bütün dünyada olduğu kimi ölkəmizdə də turizmin canlanmasına və Azərbaycana gələn xarici vətəndaşların sayında artıma səbəb oldu. Bu isə onu deməyə əsas verir ki, turizm sənayesi sürətlə inkişaf edir. İyun ayının statistikasına baxsaq, təkcə iyunda ölkəyə 170600 nəfərdən çox xarici ziyarətçi gəlib. Bu isə, 2021-ci ilin iyun ayı ilə müqayisədə 154 faiz artım deməkdir.2022-ci ilin yanvar-iyun aylarında isə 638770 nəfər xarici Azərbaycanı ziyarət edib, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 faiz artım deməkdir. Bu rəqəmlərin özü belə, ilin əvvəlindən başlayaraq, artımın sürətlə getdiyini və rəqəmlərin özünü bərpa etdiyini göstərir. Bununla belə, gələnlərin statistikasında yaxşı nəticələrə layiq olmaq üçün biz daimi olaraq istər pandemiya dövründə, istərsə də hazırda, post-pandemiya dövründə ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarla da işləyirik, təbliğat işini gücləndiririk. Təbliğat işinin gücləndirilməsi, orada məlumatlanmanın aparılması ilə yanaşı, ölkəmə həmin ölkələrdən uçuş sayının artması, vizasız gəliş-gedişin olması kimi amillər gəlmə sayına mütləq sürətdə öz təsirini göstərir".
“Bu mənada 2022-ci ilin yay turizmi üçün ölkəmizə daha çox turistin gəlməsi gözlənilən əsas hədəf ölkələr Yaxlın şərq ölkələridir, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, o cümlədən İsrail, Pakistan və Hindistandır” – deyə, G.Mustafayeva əlavə edib .
“Son zamanlar İsraillə Azərbaycan arasında bir çox sahələrdə olduğu kimi turizm sahəsində də əlaqələr genişlənməkdədir. İsrail Azərbaycan üçün əsas turizm ölkələrindən biri hesab oluna bilər. 2021-ci ilin avqustunda İsraildə həm turizm, həm də ticarət nümayəndəliyimiz fəaliyyətə başladı. Bu ilin martında isə, həmin turizm nümayəndəliyinin Tel-Əviv ofisinin açılışı olub. Azərbaycanda geniş yəhudi icması var, zəngin yəhudi irsi var. Bütün bunlar İsraillə turizm əlaqələrinin artmaqda olduğunu göstərir. Hal-hazırda İsraillə, həftədə 7 dəfəyə yaxın birbaşa aviareyslər mövcuddur. Bu sayın tələbata uyğun olaraq artması istisna deyil.
Yaxın şərq ölkəri üzrə ikinci ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanının Ər Riyad, Damman, Cəddah kimi 3 şəhərindən həftədə 19 dəfəyə qədər uçuşlar var. Bu da Səudiyyə Ərəbistanından gələn turistlərin sayında öz sözünü deyir. Birləşmiş Ərəb Əmirlikləri də istisna deyil. Son dövrlərdə Yaxın Şərq ölkələri üzrə marketinq tədbirləri artırılıb. Birləşmiş Ərəb Əmirliklərində də marketinq tədbirləri aparılır. Yaxın Şərq üzrə ən nüfuzlu səyahət platforması olan “Arabian Travel Market” sərgilərində iştirak edirik, “Dubay Ekspo 2020” kimi dünya miqyaslı tədbirlərdə milli pavilyonla çıxış etmişdik, orada Azərbaycanın turizm imkanları tanıdılırdı. Bütün bunlar Birləşmiş Əmirliklərindən gələnlərin sayında özünü göstərir. Hazırda Dubaydan gün ərzində 4 dəfə olmaqla, hərgün, Şarja şəhərindən həftədə 6 dəfə, Abudabidən həftədə 2 dəfə olmaqla, həftədə 36 dəfəyə qədər uçuşlar həyata keçirilir. Küveyt də Azərbaycana marağın olduğu hədəf ölkələrdəndir. Küveytlə də həftədə 7 dəfəyə qədər uçuşlar mövcuddur. Qətərdə də eyni belədir, Qətər də bizim hədəf turizm ölkəsidir”.
G.Mustafayeva bildirib ki, başqa bir turist gözlədiyimiz istiqamət isə, Cənubi Asiya bazarıdır.
“Daha çox Hindistan və Pakistandan turist gözlənilir. Hindistandan Azərbaycana gəlmə statistikası kifayət qədər artıb. Azərbaycan həm istirahət kimi, toy destinasiyası kimi, həm də film destinasiya kimi Hindistanın marağını cəlb edib. Hindistanda keçirilən bir çox beynəlxalq sərgilərdə də iştirak edirik. Hal-hazırda Hindistanla birbaşa uçuşlar yoxdur, ancaq bu istiqamətdə danışıqlar gedir. Pakistanla həftədə 3 dəfə olmaqla, Karaçi, Lahor və İslamadan şəhərlərindən aviareyslər var”.
“Azərbaycan turizm sənayesi istər pandemiyadan əvvəl, istərsə də pandemiyadan sonra turist axınını qarşılamağa hazırdır” – o, əlavə edib:
“2019-cu ildə ölkəmiz rekord sayda – 3 milyondan çox xarici ziyarətçi qəbul edib. Əminliklə deyə bilərik ki, Azərbaycan turizm sənayesi həmin göstəricidən daha çox turisti qəbul etməyə hazır vəziyyətdədir”.