Kreditlə qurbanlıq heyvan alıb kəsmək olarmı? - İlahiyyatçıdan CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kreditlə qurbanlıq heyvan alıb kəsmək olarmı? - İlahiyyatçıdan CAVAB

11:20 - 08 / 07 / 2022
Kreditlə qurbanlıq heyvan alıb kəsmək olarmı? - İlahiyyatçıdan CAVAB

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Bəs qurban kəsimində əsasən nələrə riayət olunmalıdır? Qurban ətinin sadəcə qohumlara paylanması nə dərəcədə düzgündür? Kəsilən heyvanın qanının alna sürtülməsi xurafatdır, yoxsa dini əsası olan bir adətdir?

1news.az bütün bu sualları ilahiyyatçı alim Hacı Mirhəmid Məmmədova ünvanlayıb. Qurban bayramının tarixindən və mahiyyətindən danışan ilahiyyatçı ilk olaraq bayramın İslam aləmindəki önəmini vurğulayıb:

"Bilirsiniz ki, İslamda iki önəmli bayram var; bunlardan biri Qurban bayramıdır, digəri isə Ramazandan sonra olan Fitr bayramıdır. Fitr bayramında imkanı olan hər kəs 3 kq buğda, xurma və yaxud düyünün pulunu və ya özünü ayıraraq fəqirlərə verilir. Qurban bayramında isə qurban kəsirlər.

Qurban bayramı daha çox səxavət, əzmkarlıq və bəxşiş bayramı kimi başa düşülür. Çünki Həzrəti İbrahim öz əziz balasını rəbbinin yolunda qurban verməyə hazır oldu. Onun bu cür fədakarlığı hər kəsə nümunə oldu. Buna görə də qurban kəsmək Həzrəti İbrahimin yolunu getmək deməkdir.

Mən eyni zamanda şəhid valideynlərini də xatırlayıram. Onlar da öz yaxınlarını müqəddəs amalları uğrunda qurban verməyə razı oldular və bundan qürur duydular. Bu da həmin yolun davamı sayıla bilər".

Kəsilən qurbanın yalnız qohumlar arasında bölüşdürülməsinin yanlış olduğunu söyləyən H.M.Məmmədov ətin üçdə birinin kasıblara paylanmasının zərurətini xüsusən qeyd edib:

"Qurban kəsmək həcc ziyarətində olanlara vacibdir, başqa yerdə olanlara vacib deyil. Bu sadəcə savab əməldir. Allah “Quran”da buyurur ki, kəsdiyiniz qurbanın üçdə birini özünüz istifadə edin, üçdə ikisini isə qonum-qonşulara və fəqirlərə verin. Bu həccdə olanlara vacib olduğu üçün göstəriş də onlaradır. Əgər qurban kəsmək istəyiriksə, ətdən təkcə fəqirlərə deyil, yaxınlara və qohumlara da vermək lazımdır. Qurbanı istənilən insan kəsə bilər. Bununla yanaşı, insanlar birləşərək də qurban kəsə bilərlər. Vacib bir səbəb yoxdursa, kimsə özünü borca salıb qurban kəsməməlidir. Hətta Məkkədə olanlara vacib olmağına baxmayaraq Allah "Quran"da buyurur ki, onların maddi imkanı qurban kəsməyə yol verməzsə, orada 3 gün, qayıtdıqdan sonra isə 7 gün oruc tutsunlar. Çünki Allah qurban kəsməyi hər kəs üçün vacib buyurmayıb, qurbanı imkanlılar kəsib imkanı olmayanlara verməlidirlər. O cümlədən kreditlə qurban alıb kəsmək günah deyil, ancaq düzgün də deyil".

"Bütün sahələrdə qanunların içərisinə istər-istəməz bəzi xurafatlar daxil olur" - deyə sözlərinə davam edən ilahiyyatçı Qurban bayramı ilə bağlı insanlar arasında yayılan bəzi inancları xurafat adlandırıb:

"Bütün sahələrdə qanunların içərisinə istər-istəməz bəzi xurafatlar daxil olur. Qurban bayramındakı xurafatlara isə qoyunu rəngləmək, bəzəmək və yaxud heyvanın qanını alına vurmaq aiddir. Bunların heç biri dini məsələlər deyil. Qurban kəsməyin əsas mahiyyəti, hikməti və fəlsəfəsi budur ki, insan Allah yolunda öz əlində olanları fəda edə bilsin. Yəni insan vətəni, dini və məqsədi uğrunda balasından da, canından da keçə bilməlidir. Qurban bayramı həm də ona görə vacibdir ki, kasıblar sevinsin və həmin gün onlar da ət yesinlər".

Qeyd edək ki, Qurban bayramı günü iyul ayının 9-na (Zilhiccə ayının 10-na) təsadüf edəcək və Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Ayşən İsmayılova

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər