Səfir: “Azərbaycanla Gürcüstanı dərin tarixi köklər üzərində inkişaf edən strateji tərəfdaşlıq telləri birləşdirir” - MÜSAHİBƏ
“Gürcüstanın müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları təşkil edilmişdi”
1news.az-ın “Diplomat söhbət” rubrikasının bugünkü qonağı Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevdir .
Müsahibəni təqdim edirik:
- Gürcüstanın və Azərbaycanın bir-birləri üçün xüsusi əhəmiyyətə malik ölkə olduqlarını nəzərə alaraq, ikitərəfli əlaqələrin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Tarixən Cənubi Qafqaz bölgəsinin əsas ölkələri olan Azərbaycanla Gürcüstanı çoxlu sayda sarsılmaz tellər bağlayır. Həm qədim dövrlərdə, həm də yeni çağda ölkələrimiz və xalqlarımız dəfələrlə bir-birinə yardım əli uzatmış, əsl dostluq nümayiş etdirmişdirlər. Təsadüfi deyil ki, XX əsrin əvvəlində respublika tipli müstəqil dövlətçiliyimizin bərpa olunması eyni məkan, o dövrün Tiflis şəhərində və yaxın tarixlərdə – 26 may Gürcüstan, 28 may 1918-ci ildə isə, Azərbaycan üçün baş vermişdir.
Ümumiyyətlə, ölkələrimizin keçdiyi tarixi yollarda açıq-aşkar paralellər göz qabağındadır. Belə ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir il keçməmiş, 1921-ci ilin fevralında Gürcüstan Demokratik Respublikası da eyni acı taleyi yaşamışdır. XX əsrin sonunda da hər iki ölkə separatçılıq və ərazi iddiaları ilə qarşılaşmış, xalqlarımız isə öz əzəli hüquqlarını qorumaq üçün milli dirçəliş hərəkatına başlamışdır. Hər iki xalq o dövrün Sovet İttifaqının rəhbərliyi tərəfindən zorakılığa və terrora məruz qalmış, ədalət və azadlıq əzmini qırmaq məqsədilə Tbilisidə 9 Aprel 1989-ci il, Bakıda 20 Yanvar 1990-cı il faciələri törədilmişdir. Lakin bu terror əks nəticə verərək, həm Azərbaycanın, həm də Gürcüstanın dövlət müstəqilliyinin bərpa olunmasını labüd etdi.
Müstəqillik yolunda birgə addımlamağa başlayan ölkələrimiz oxşar təhdid və təhlükələrlə qarşılaşmışdır. Bu təhdid və təhlükələrin öhdəsindən gəlmək və müstəqilliyimizi qorumaq üçün iki dahi dövlət xadimi – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze müasir dövrün həlledici seçimini etmiş, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoymuşdurlar.
Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin mart ayında Gürcüstana etdiyi tarixi səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” Müqavilə, eləcə də “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” Bəyannamə və ya “Tbilisi bəyannaməsi” strateji tərəfdaşlığımızın fundamentini təşkil etmişdir. Həmin möhkəm zəmin üzərində Azərbaycan ilə Gürcüstan dəyişən bölgə və qlobal şəraitdə səylərini ardıcıl qaydada uzlaşdırmış və nəinki təkcə Cənubi Qafqazın müasir simasını yaratmağa müvəffəq olmuş, ümumiyyətlə Şərq ilə Qərb arasında etibarlı körpüyə, qlobal səviyyədə əhəmiyyətli oyunçulara çevrilmişdir.
Bu gün Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı – Tbilisi – Qars dəmir yolu kimi nəhəng strateji layihələri, eləcə də çoxlu sayda digər əməkdaşlıq formatları uğurla inkişaf etdirməyə davam edən Azərbaycan, Gürcüstan və Türkiyə bizim coğrafiyada sözün əsl mənasında tərəqqinin və dayanıqlı inkişafın lokomotividir. Əminik ki, gələcəyə istiqamətlənən bu lokomotivin qarşısında bütün yollar açıqdır və bu yollarda dövlətlərimiz və xalqlarımız növbəti uğurlar qazanacaq.
- Gürcüstanın xarici siyasətində Azərbaycan hansı yer tutur?
- Qeyd etdiyim kimi, Azərbaycan ilə Gürcüstanı dərin tarixi köklər üzərində inkişaf edən gələcəyə doğru yönəldilmiş strateji tərəfdaşlıq telləri birləşdirir. Bu, qarşılıqlı prosesdir və hər iki tərəfin birgə fəaliyyətinin nəticəsidir. Odur ki, Gürcüstanın dövlət və Hökumət başçıları, XİN rəhbərlərinin bir qayda olaraq ilk regional səfərlərinin məhz Azərbaycana etməsi heç də təsadüfi deyildir. Biz Gürcüstanın rəsmi bəyanatlarında dəyişməz olaraq ölkəmizin məhz strateji tərəfdaş kimi qeyd olunmasını həmişə təqdir edirik. Düşünürəm ki, Gürcüstanın əzəli milli maraqlarından irəli gələn Azərbaycanla strateji tərəfdaşlığın daim diqqət mərkəzində saxlanılması və durmadan inkişaf etdirilməsi tamamilə məntiqli seçimdir.
- Bu günə kimi ölkələrimiz bir-birlərinin iqtisadiyyatına nə qədər sərmayə yatırıb?
- Azərbaycan Gürcüstanın ən böyük investoru və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan şirkətləri indiyədək Gürcüstana 3,5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Təkcə SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına təxminən 1,5 milyard dollar həcmində sərmayə yatırılmışdır. Həmçinin, SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindəndir. Gürcüstanda 1200-dən artıq Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir.
Gürcüstan bazarında təmsil olunmuş 50-dən artıq iri və orta həcmli şirkətimiz AZEBİ adlı Azərbaycanlı İş Adamları Birliyinin çətiri altında birləşir. Həmin uzlaşma nəinki sırf iqtisadi sahədə, biznesin sosial məsuliyyəti istiqamətində də səmərəlilik dərəcəsinin xeyli artırılmasına xidmət edir. Belə ki, AZEBİ tərəfindən ildə 3-4 dəfə, müxtəlif bayramlar və əlamətdar tarixlər ərəfəsində Gürcüstanda yaşayan yüzlərlə aztəminatlı və həssas kateqoriyaya aid soydaş ailələrinə ərzaq yardımı göstərilir və digər layihələrə dəstək verilir. Ümumiyyətlə, Azərbaycan mənşəli şirkətlərin fəaliyyəti sayəsində Gürcüstanda on minlərlə daimi iş yerləri açılmış, bu da ölkədə məşğulluq səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərməkdədir.
Gürcüstanda Azərbaycan şirkətlərinin sərmayə yatırdığı əsas sahələr kimi enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, turizm xidmətləri, daşınmaz əmlak, maliyyə və qida sektorlarını göstərmək olar. Azərbaycan Gürcüstan üçün enerji və qida təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının da müxtəlif sahələrində fəaliyyət göstərmək məqsədilə Gürcüstan kapitallı 600-ə yaxın şirkət qeydiyyatdan keçmişdir.
2021-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 764 milyon ABŞ dolları təşkil etmişdir. Hal-hazırda ölkələrimiz arasında müşahidə edilən ticarət dövriyyəsinin dinamikası 2022-ci ildə bu göstəricinin 1 milyard ABŞ dolları səviyyəsinə gəlib çatacağı barədə əminliyə əsas verir.
Qeyd olunduğu kimi, Azərbaycan və Gürcüstanın iştirakı ilə qlobal əhəmiyyətə malik bir sıra mühüm meqa-layihələr reallaşdırılmışdır. Həmçinin, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli hüquqi baza yaradılmış, o cümlədən azad ticarət, sərmayələrin qarşılıqlı qorunması və təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması kimi mühüm sənədlər imzalanmışdır.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə hesabına müxtəlif layihələrin həyata keçirilməsinin təşviqi məqsədilə birgə səylər davam etdirilir. Bu xüsusda, ölkələrimiz arasında fəaliyyət göstərən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu xüsusi qeyd etmək lazımdır. Adıçəkilən komissiyanın indiyədək 8 iclası keçirilmiş və onlardan sonuncu 29 sentyabr 2021-ci ildə Bakı şəhərində baş tutmuşdur.
Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi və qarşılıqlı sərmayə yatırımlarının təşviqi baxımından işgüzar dairələrin iştirakı ilə biznes forumların təşkili və ticarət missiyalarının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu kimi tədbirlər mütəmadi olaraq hər iki ölkənin paytaxt şəhərlərində təşkil olunur. Bu sıradan sonuncu mühüm tədbir 29 iyun 2022-ci il tarixində Bakıda keçirilmiş növbəti Azərbaycan – Gürcüstan biznes forumu olmuşdur.
- İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan Prezidentləri regionda sabitlik və inkişafa nail olmaq üçün “3+3” platformasının yaradılması təşəbbüsünü irəli sürmüşdülər. Lakin Gürcüstan tərəfi, bu formatda Rusiyanın təmsil olunduğuna görə, iştirakdan imtina edib. Rəsmi Tbilisini bu formatda iştiraka sövq etmək üçün Azərbaycan tərəfindən hər hansı addımlar atılırmı?
- İlk-öncə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə bölgəmizdə yeni reallıqlar yaratmışdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyu nəzarətinin təmin etməsi, azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlaması dünyanın gözü qabağındadır. Qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının inşa edilməsi, Zəngilan rayonunda “ağıllı kəndlər” layihələrinin gerçəkləşdirilməsi, mədəniyyət paytaxtımız Şuşada tarixi bərpa və abadlaşdırma işlərinin aparılması kimi quruculuq fəaliyyəti Gürcüstanda da diqqətlə izlənilir, böyük müsbət əks-səda doğurur.
Gürcüstan da həmin reallıqları əlverişli fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda post-münaqişə dövründə barış prosesinə əhəmiyyətli töhfə vermək niyyətində olduğunu bildirmişdir. Ölkə Hökuməti həmin istiqaməti özünün regional siyasətinin prioriteti bəyan edərək, ötən ildən etibarən konkret müvafiq addımlar atmaqdadır. Məlum olduğu kimi, məhz onun nəticəsində 2021-ci ilin iyun ayında Gürcüstanın vasitəçiliyi ilə erməni tərəfi Ağdam rayonu ərazisində basdırılmış minaların xəritələrini Azərbaycan tərəfinə təhvil vermişdir.
Gürcüstanın regional əməkdaşlığın təşviq edilməsi barədə mövqeyi Azərbaycan tərəfindən də müsbət qarşılanır. Belə ki, məlum olduğu kimi, cari ilin 16 iyun tarixində IX Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident cənab İlham Əliyev məsələyə toxunaraq bəyan etmişdir: “Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir”.
Beləliklə, Gürcüstan bölgəmizdə sülh və əməkdaşlıq gündəliyinin təşviq edilməsində kifayət qədər fəal yanaşma nümayiş etdirir və bu yanaşma dövlətimiz tərəfindən müsbət dəyərləndirilir. Təəssüflər olsun ki, cənab Prezidentin göstərdiyi kimi, əsas əngəllər erməni tərəfinin sərgiləndiyi ziddiyyətli mövqe ilə əlaqədardır.
- Mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızda hər hansı yeniliklər gözlənilirmi?
- Mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq iki ölkə arasında münasibətlərin prioritet sütunlarından biridir. Bu, birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlaya bilən məsələlərdir. İki yaxın qonşu, tarixən sıx qarşılıqlı təmaslarda olmuş, mədəniyyətləri müəyyən qədər qaynayıb qarışmış xalqlarımız arasında dərin köklərə malik mədəni əlaqələrimiz mövcuddur.
Bir misal çəkmək olar. Məlum olduğu kimi, ötən il Azərbaycanda Nizami Gəncəvi ili elan edilmişdir. Sevindirici haldır ki, ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, Gürcüstanda da onun sorağı hiss olunmuşdur. Dahi şairin “Xəmsə”yə daxil olan “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri gürcü dilinə tərcümə olunaraq yüksək poliqrafiya səviyyəsində dərc edilmişdir. Eyni zamanda, Nizaminin müasiri olmuş gürcü ədəbiyyatının “Pələng dərili cəngavər”i Şota Rustaveli ilə ədəbi əlaqələri mövzusunun tədqiqatı davam etdirilmiş və hər iki ölkənin, eləcə də Avropa alimlərinin birgə hazırladığı monoqrafiya Gürcüstanda işıq üzü görmüşdür.
Gürcüstan paytaxtı Tbilisi şəhərinin Azərbaycan mədəniyyətinin tarixində xüsusi və özünəməxsus çəkiyə malik olması danılmaz faktdır. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məhz bu şəhərdə yaşayıb-yaratması və dünyasını dəyişməsi də hamıya məlumdur. Bu gün Tbilisinin Nəbatat Bağı ərazisində yerləşən məşhur azərbaycanlı simaların Panteonunda M.F.Axundzadə və onun ailə üzvləri ilə yanaşı, dahi şairimiz Mirzə Şəfi Vazehin, habelə 1920-ci ildə o dövrdəki Tiflisdə daşnak terrorçularının güllələrinə tuş gələrək qətlə yetirilmiş AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları qorunur. Eyni zamanda, Azərbaycan tərəfinin dəstəyi ilə müasir standartlara uyğun təmir edilmiş Tbilisidə M.F.Axunzadənin yaşadığı tarixi binada yerləşən Azərbaycan Mədəniyyəti Muzeyi sözün əsl mənasında mədəni həyatımızın döyünən ürəyinə çevrildi.
Şübhəsiz ki, tədricən pandemiya dövründən çıxdığımız müddət ərzində bu sahədə təmaslara yeni təkan verilməsi baxımından 2021-ci ilin iyulunda Gürcüstana Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun və cari ilin iyun ayında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyətlərinin səfərləri önəmli olmuşdur.
Qeyd etmək lazımdır ki, bu sahəyə dair mövcud müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzrə işlər ardıcıl qaydada görülməkdədir. Belə ki, ötən ilin 29 sentyabr tarixində keçirilmiş iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası zamanı “AR-nin Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram” imzalanmışdır.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin də cari ilin fevral ayında Gürcüstana etdiyi məhsuldar səfəri qeyd etmək istərdim. Bildiyiniz kimi, Gürcüstanda öz əzəli dədə-baba torpaqlarında yaşayan yüz minlərlə soydaşlarımız bu ölkənin tamhüquqlu vətəndaşı olaraq ana dillərində təhsil almaq hüququndan faydalanır. Artıq uzun illər ərzində formalaşmış təcrübəyə uyğun olaraq Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımızı Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərsliklər və metodoloji vəsaitlərlə təmənnasız əsasda təmin edir. Bununla belə, o da qeyd olunmalıdır ki, Gürcüstanda tədrisi Azərbaycan dilində aparıldığı məktəblər üçün gənc pedaqoji kadrların yetişdirilməsinə ehtiyac duyulur və bu istiqamətdə əlavə addımların atılması üçün hazırlıq işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın mədəni və humanitar problemlərinə həmişə diqqət ayırır. Dövlət başçımızın bu sahədə verdiyi tapşırıqlar həm ölkə XİN-i və onun tabeçiliyində fəaliyyət göstərən Səfirliyimiz, həm də Gürcüstan istiqamətində çalışan aidiyyəti qurumlar üçün bir “yol xəritəsi”dir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının həmin sahədə gördüyü işlər artıq öz bəhrələri verməkdədir.
Humanitar sahədə sistemli şəkildə aparılan işlərdən bəhs edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun başçılıq etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusən vurğulanmalıdır. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü və hərtərəfli dəstəyi ilə Gürcüstanın müxtəlif rayonlarında səhiyyə, təhsil, mədəniyyət infrastrukturunun şəbəkəsi yaradılır, gənc nəslin yetişməsində vacib amil olan müasir idman kompleksləri inşa edilir.
İdman sahəsindən söz düşdükcə, Səfirliyin də bu sahədə bir sıra təşəbbüslərin yerinə yetirildiyini yada salmaq istərdim. Belə ki, ötən ilin oktyabr ayında müstəqilliyimizin bərpa olunmasının 30 illiyi ilə əlaqədar Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkdan 30 km məsafəsində yerləşən Rustavi şəhərindəki eyni adlı parka qədər böyük əks-sədaya səbəb olmuş beynəlxalq marafon təşkil edilmişdir. Eyni zamanda, səfirliklər başda olmaqla, Gürcüstanda təmsil olunan Azərbaycan və Türkiyə qurum və şirkətlərinin komandaları arasında “Zəfər kuboku” uğrunda futbol turniri keçirilmişdir. Bundan əlavə, təşəbbüskar olduğumuz güləş, kikboksinq, şahmat üzrə müxtəlif yarışlar Gürcüstanda ictimai marağa səbəb olmuşdur.
Eyni zamanda, XİN-in mərkəzi aparatı ilə əlaqələndirilmiş şəkildə Səfirlik daima humanitar məzmunlu layihələrin təşviq edilməsi üçün müxtəlif təşəbbüslərə dəstək göstərir, Gürcüstan mədəniyyət xadimlərinin Azərbaycana, o cümlədən mədəniyyət paytaxtımız olan Şuşaya səfərləri təşkil edir. Burada qeyd etmək istərdim ki, Vətən müharibəsinin başladığı dövrdə Səfirliyin təşəbbüsü ilə Gürcüstanın aparıcı media müxbirlərinin cəbhəyanı və ətraf bölgələrə səfəri təşkil edilmişdir. Qələbədən sonrakı mərhələlərdə də bu təcrübə davam etdirilmiş və genişləndirilmişdir. Ənənəvi media təmsilçiləri ilə yanaşı, sosial şəbəkələrdə nüfuzlu simalar, mədəniyyət və incəsənət xadimləri, eləcə də tarixçilər, siyasi ekspertlər və din xadimlərinin azad olunmuş ərazilərə səfərləri gerçəkləşdirilmişdir. Bu günə qədər Səfirliyin təşəbbüsü ilə beş belə səfər həyata keçirilmiş və Gürcüstanda böyük rezonans doğurmuşdur. Həmin maraq o qədər böyük və davamlıdır ki, bir çox insanlar fərdi və qrup şəklində Səfirliyə müraciət edərək, onların da Şuşaya getmək arzusunda olduğunu bildirirlər.
Bu sahədə ardıcıl fəaliyyət davam etdiriləcək və əminik ki, onun xoş sadələri həm Azərbaycanda, həm də Gürcüstanda eşidiləcəkdir.
- Gürcüstanda böyük azərbaycanlı icması yaşayır. Bu ölkənin ictimai-siyasi həyatında azərbaycanlılar hansı səviyyədə təmsil olunurlar və nə dərəcədə fəaldırlar?
- Mövcud qiymətləndirmələrə əsasən, hal-hazırda Gürcüstanın Kvemo-Kartli, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mtianeti regionlarında, eləcə də Batumi və paytaxt Tbilisi şəhərlərində 400 min nəfərdən artıq soydaşlarımız yaşayır.
Gürcüstan Parlamentində hazırda 3 azərbaycanlı deputat vardır. Qeyd edilməlidir ki, son zamanlara qədər Gürcüstan Parlamentində olan azərbaycanlı deputatlar qanunverici orqanın rəhbərliyində yer almamışlar. Gürcüstanda 2020-ci ilin oktyabr ayında keçirilmiş sonuncu parlament seçkilərindən sonra azərbaycanlı deputatlardan biri parlamentin İnsan Hüquqları və Mülki İnteqrasiya komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. Hazırda Gürcüstanda mərkəzi icra hakimiyyəti orqanlarından Vətəndaş Bərabərliyi və Barışıq nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində bir, eləcə də Təhsil və Elm Nazirliyində bir azərbaycanlı çalışır. Bununla yanaşı, 2021-ci ildə Gürcüstanda yerli özünüidaretmə orqanlarına keçirilmiş seçkilərdən sonra azərbaycanlıların yaşadığı rayonlarda 60 nəfərdən artıq azərbaycanlı bələdiyyə deputatı olmuşdur.
Eyni zamanda, soydaşlarımızın mütləq əksəriyyəti təşkil etdiyi Marneuli rayonunun meri azərbaycanlıdır. Həmçinin, Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarının mer və bələdiyyə sədrlərinin azərbaycanlı müavinləri vardır.
Gürcüstanda hazırda Azərbaycan dilində “Gürcüstan”, “Yeni yol”, “Müəllim”, “Təhsil” qəzetləri çap olunur. Gürcüstanın ictimai televiziyası olan “Birinci kanal”da hər gün yayımlanan xəbərlər proqramının Azərbaycan dilində sinxron tərcümə seçimi yayıma əlavə edilmişdir. Bununla yanaşı, “Birinci kanal”ın internet səhifəsində Azərbaycan dili bölməsi fəaliyyət göstərir və orada gündəlik məlumatlar dərc olunmaqla bərabər müxtəlif verilişlər, o cümlədən həftənin 1-5-ci günləri Azərbaycan dilində “Moambe” xəbərlər proqramı yayımlanır. Həmçinin, Gürcüstanda azərbaycanlı icmasına aid Azərbaycan, gürcü və digər dillərdə fəaliyyət göstərən “24news.ge”, “aktual.ge”, “interpres.ge”, “marneulifm.ge” və “gaxa.ge” informasiya portalları, eləcə də bu portalların facebook səhifələrində internet televiziyaları fəaliyyət göstərir. Əlavə olaraq, Marneulidə “Marneuli TV” və “Radio Marneuli”də Azərbaycan dilində verilişlər yayımlanır.
Eyni zamanda, qeyd etdiyimiz kimi, Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi mövcuddur. Bu muzey M.F.Axundzadənin, Cəlil Məmmədquluzadənin və Nəriman Nərimanovun ev muzeylərini özündə birləşdirir. M.F.Axundzadə və N.Nərimanovun ev muzeylərinin Azərbaycan dövlətinin dəstəyi ilə müasir standartlara uyğun bərpa və təchiz edilməsi qururverici haldır. Lakin C.Məmmədquluzadə ev muzeyinin əsaslı təmirə ehtiyacı duyulur və bu prosesin təşkili məqsədilə iki ölkənin müvafiq qurumları arasında lazımi hazırlıq işləri görülməkdədir. Gürcüstanın paytaxtında Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı və “ERA Teatrı”, eləcə də Qardabani şəhərində yeni yaradılmış “Beez” uşaq teatrı fəaliyyət göstərir.
Həmçinin, hazırda Gürcüstanda tədris Azərbaycan dilində aparılan 116 orta ümumtəhsil məktəbi vardır. Qeyd edilməlidir ki, 1989-cu ildə bu məktəblərin sayı 183 olmuşdur. Sözügedən 116 məktəbdə pedaqoji kadrların çatışmazlığı problemi Səfirliyin, Azərbaycan və Gürcüstanın təhsil nazirliklərinin diqqət mərkəzindədir.
Əlavə olaraq, Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə 100-dən artıq məscid mövcuddur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və SOCAR-ın dəstəyi ilə Tbilisi, Marneuli və Qardabanidəki yerli icma mərkəzlərində müxtəlif kurslar, o cümlədən kompüter, gürcü, ingilis, alman dili kursları, ayrı-ayrı yaradıcılıq dərnəkləri, şahmat və digər idman növləri üzrə məşqlər mütəmadi əsasda fəaliyyət göstərir. Bu yaxınlarda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kompüter avadanlığın, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan dilində üç min nüsxədə milli və dünya ədəbiyyat nümunələri, həmçinin milli rəqs libaslarının təmənnasız əsasda təqdim edilməsi sözügedən sahələrdə icma təşəbbüslərinə mühüm dəstək olmuşdur.
Bununla yanaşı, hazırda Gürcüstanda milli azlıqlar üçün fəaliyyət göstərən “1+4” proqramına uyğun olaraq yerli azərbaycanlılar məntiq və riyaziyyatdan Azərbaycan dilində imtahan verərək müvafiq bal topladıqları halda Gürcüstan ali məktəblərinə ödənişli əsaslarla qəbul olur, birinci il gürcü dili hazırlığı kursu keçdikdən sonra seçdikləri ixtisas üzrə 4 il oxuyurlar. Bu proqram üzrə soydaşlarımızın təhsil haqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında SOCAR-ın Gürcüstan üzrə nümayəndəliyi tərəfindən ödənilir. Sözügedən proqram üzrə təhsil alan azərbaycanlı tələbələrin sayından asılı olaraq ildə təhsil haqları ödənilən tələbələrin sayı 1500-1800 arası dəyişir. Hazırda sözügedən proqram nəticəsində artıq yüzlərlə gənc soydaşlarımız gürcü dilində ali təhsil alaraq, Gürcüstanda müxtəlif sektorlarda çalışmağa başlayırlar. Əminik ki, adı çəkilən proqram nəticəsində yüksək təhsil almış, gürcü dilində sərbəst danışan azərbaycanlı gənclər Gürcüstanın mərkəzi və yerli dövlət orqanlarında daha çox təmsil olunacaqlar.
Sevindirici haldır ki, son vaxtlar Gürcüstanda, xüsusilə gənc soydaşlarımız tərəfindən yaradılmış və məhz bu ölkədəki beynəlxalq, yerli donorlardan qrantlar əldə edərək azərbaycanlı icmasının təhsil, mədəniyyət və sosial sahələrdə problemlərinin həlli üçün layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarının sayı artmaqdadır.
Göründüyü kimi, Gürcüstanda yaşayan azərbaycanlılar tamhüquqlu vətəndaşları olduğu bu ölkənin həyatında fəallıq nümayiş etdirirlər. Gürcüstan cəmiyyətinə uğurla inteqrasiya olunan azərbaycanlılar çətin günlərdə mənəvi vətənləri hesab etdikləri Azərbaycana dəstək də nümayiş etdirmişlər. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı minlərlə soydaşlarımız Səfirliyə müraciət edərək hər cür yardım və şəxsən töhfə vermək niyyətlərini bildirmişlər. Yerli azərbaycanlılar müharibə dövründə külli miqdarda nağd pul, dərman, tibbi ləvazimatlar və digər formalarda Azərbaycana yardımlar etmişlər, Gürcüstanın müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları təşkil etmişlər. Qələbə xəbərinin alınmasından dərhal sonra isə Gürcüstanda azərbaycanlılar yaşayan ayrı-ayrı bölgələrdə minlərlə insanın qatıldığı misilsiz əsl bayram izdihamları yaşanmışdır.
Burada qeyd etmək istərdim ki, Vətən müharibəsində əslən Gürcüstandan olan 21 nəfər azərbaycanlı şəhidlik zirvəsinə qalxmışdır. Həmin igidlərin Gürcüstanda ailələri və qohumları yaşamaqdadır. Səfirlik də öz tərəfindən şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması üçün ardıcıl işlər görməkdədir. Belə ki, Zəfər Bayramının birinci ildönümü ərəfəsində, ötən ilin 4 noyabr tarixində Gürcüstan əsilli şəhidlərin anım tədbiri kimi onların ailə üzvlərinin də iştirakı ilə təşkil olunmuş ehsan süfrəsində Səfirliyin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi əsasında əslən gürcüstanlı şəhidlərin xatirəsinə dərc edilən poçt markası, həmin şəhidlərin Azərbaycan rəssamları tərəfindən çəkilmiş portretləri və sənədli film təqdim edilmişdir. Həmçinin, Səfirliyin təşəbbüsü ilə Gürcüstan əsilli şəhidlər barədə “Ölümsüzlər” adlı kitab gürcü və Azərbaycan dillərində çapa hazırlanır və bu kitabın cari ilin 27 sentyabr tarixində Anım günündə təqdimatının keçirilməsi planlaşdırılır.
- Yaxın zamanda Gürcüstandan Azərbaycana, yaxud əks istiqamətdə yüksək səviyyəli səfərlər planlaşdırılırmı və hər hansı sənədlərin imzalanması gözlənilirmi?
- Bu il 18 noyabr tarixində Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu əlamətdar tarixin qeyd olunması məqsədilə, iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
COVID-19 pandemiyasının dünya üzrə yayılmasına baxmayaraq, son illər ərzində də ölkələrimiz arasında qarşılıqlı olaraq çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilmişdir. Həmin səfərlər zamanı mühüm sənədlərin imzalanması təmin edilmişdir. Qeyd etmək lazimdir ki, iki ölkə arasında indiyədək 110-dan çox sənəd imzalanmış və hazırda 20-yə yaxın sənəd layihəsi tərəflər arasında baxılmaqdadır.
Ümumiyyətlə, iki ölkə arasında həyata keçirilmiş qarşılıqlı səfərlərə nəzər salsaq, onların artıq dərəcədə intensiv olduğunu görmüş olarıq. Belə ki, son üç il ərzində Azərbaycandan Gürcüstana 23, Gürcüstandan Azərbaycana isə 22 dəfə ali rəhbərlik və müxtəlif dövlət qurumlarının başçıları səviyyəsində səfərlər həyata keçirilmişdir.
Ən mühüm qarşılıqlı səfərlər sırasında Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana etdiyi 2019-cu ilin fevral ayında rəsmi və IX Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə cari ilin iyununda işgüzar səfərləri; Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin 2021-ci ilin may ayında ölkəmizə etdiyi rəsmi və həmin ilin sentyabrında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında Gürcüstan nümayəndə heyətinə sədri qismində işgüzar səfərləri; Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın cari ilin aprelində Gürcüstana rəsmi səfəri sadalamaq olardı. Eyni zamanda, Gürcüstan xarici işlər naziri İlia Darçiaşvilinin cari ilin aprelində bu vəzifəyə təyin olunduqdan sonra ilk rəsmi bölgə səfərinin məhz ölkəmizə etməsi qeyd olunmalıdır.
Bütün bunlar Azərbaycanla Gürcüstan arasında həm mütəmadi siyasi dialoqun durmadan davam etdirilməsi, həm də ayrı-ayrı sahəvi dövlət qurumları arasında əməkdaşlığın və əlaqələndirmənin etibarlı əsasda təmin olunmasından xəbər verir.
- Pandemiyadan əvvəl Azərbaycanla Gürcüstan arasında geniş turizm əlaqələri mövcud idi. Gürcüstan, Azərbaycan vətəndaşları üçün bayram tətillərini keçirməklərinə ən münasib yer idi. Amma indi, quru sərhədlər qapalı olduğuna görə, turizm axını, demək olar ki, heçə enib. Bununla əlaqədar, quru sərhədin yenidən açılmasını nə vaxt gözləmək olar?
- Bildiyiniz kimi, COVID-19 pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri turizm sektoru olmuşdur. Pandemiyadan öncə 2019-cu ildə Gürcüstana 1,5 mln Azərbaycan vətəndaşı səyahət edərək, xarici ölkə vətəndaşları arasında bu göstəriciyə görə ilk sıranı tutmuşdur.
Lakin, pandemiya səbəbindən hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə, qarşılıqlı razılıq əsasında, 14 mart 2020-ci il tarixindən etibarən Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərar qəbul edilmişdir. Pandemiya ilə əlaqədar iki ölkə arasında hava yolunun yenidən bərpa olunması, o cümlədən Bakı-Tbilisi-Bakı və Bakı-Batumi-Bakı istiqamətində müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi, eləcə də Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin fəaliyyət göstərməsi ölkələrimiz arasında turizmin inkişafına müəyyən qədər öz töhfəsini verməkdədir.
Bununla belə, ölkələrimiz arasında quru sərhədinin hələ bağlı qalması bu sahədə olan potensialın tam açılmasına imkan vermir. Ümidvariq ki, sərhəd keçidi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra əvvəlki intensiv qarşılıqlı gediş-gəlişləri qısa müddət ərzində bərpa olunacaqdır.
Müəllif: Yalçın Əliyev