İranlı deputat: Tehran və İrəvan arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksəltmək vacibdir
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Abbas Muqtədayi hesab edir ki, İran və işğalçı Ermənistan arasında əməkdaşlığın yeni fəsli yaranmaqdadır. Ona görə də İran bütün hüquqi vasitələrdən, diplomatik əlaqələrdən və parlament diplomatiyasından bu yöndə istifadə etməlidir.
1news.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu barədə İran ermənilərinə məxsus “alikonline” saytı məlumat yayıb. Məlumata görə, o, Ermənistanın baş nazirinin İran şirkətlərinin bu ölkənin infrastruktur layihələrində iştirakını alqışlaması ilə bağlı deyib: “İran Ermənistanın da daxil olduğu qonşu dövlətlər və Asiya ölkələri ilə əməkdaşlığın yeni mərhələsinə başladığını açıqlayıb”.
Qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirilməsinin İranın 11-ci çağırış parlamenti və 13-cü hökumətinin gündəliyində olduğunu vurğulayan Muqtədayi əlavə edib: “Şübhəsiz ki, Ermənistan Cənubi Qafqazda İranın digər ölkələrlə iqtisadi, ticarət, nəqliyyat və s. əlaqələrinin yaxşılaşdırılmasına kömək edə biləcək ölkələrdən biridir”.
Onun sözlərinə görə, İran İslam Respublikası Ermənistan və Gürcüstanın əməkdaşlığı ilə Cənub-Şimal dəhlizini reallaşdıra bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, iki ölkə arasındakı tarixi əlaqələr İran və Ermənistanın mədəni və sosial sahədə bir-birini tamamlaya bildiyini göstərir.
1news.az