Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin "SpaceX” şirkətinə məxsus "Starlink” peyk internet sisteminin Ukrayna ordusu üçün təqdim etdiyi xidmətin sürətində məhdudiyyətlər yarandığını bildirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Ukrayna ordusu və Müdafiə Nazirliyinin rəsmilərindən cəbhədəki son vəziyyətlə bağlı məlumat aldığını qeyd edib.
Onun sözlərinə görə, son günlər "Starlink” sisteminin hərbi versiyası olan "Starshield” xidmətində problemlər yaranıb. Ukrayna ordusu aparılan araşdırma nəticəsində bunun təsadüfi texniki nasazlıq deyil, sistematik sürət məhdudiyyəti olduğunu müəyyən edib.
Zelenski bildirib ki, məhdudiyyətlər xüsusilə Rusiya ordusunun reaktiv mühərrikli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların qarşısının alınmasını çətinləşdirir.
"Bu vəziyyət, təəssüf ki, ruslara daha çox ukraynalını öldürməyə və Ukraynaya daha dəqiq zərbələr endirməyə kömək edir. Bütün şərtləri aydınlaşdırmaq üçün Amerika tərəfi ilə işləyirik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna ordusu oktyabr ayında da "Starlink” xidmətində müəyyən məhdudiyyətlərin yarandığını bildirmişdi. Zelenski oktyabrın 24-də internet sürətinin əvvəlki səviyyəyə qaytarıldığını açıqlamışdı.












