Könül Nurullayeva beynəlxalq konfransda müharibə zamanı ərzaq təhlükəsizliyinin pozulmasının təsirlərinin qarşısını almaq üçün təkliflər səsləndirib
“Dəyişən iqlim şəraiti, dünya əhalisinin sayının artması, ərzaq qiymətlərinin artması və digər ekoloji amillər nəticəsində ərzaq təhlükəsizliyi əksər beynəlxalq təşkilatların gündəliyində vacib məsələlərdən birinə çevrilib”.
1news.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva üzv olduğu Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 10-cu sessiyasında “Qida Təhlükəsizliyi: Qlobal Sülh və Tolerantlığın Əsas İlkin Şərti” mövzusunda müzakirələrdə çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, davam edən COVID-19 böhranı və xüsusilə Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq təhlükəsizliyi üçün böyük təhlükə yaradır, çünki bu iki ölkə dünyanın buğda, qarğıdalı və yağlı toxum ixracının böyük hissəsini təşkil edən kənd təsərrüfatı mərkəzləridir və 26-dan çox ölkə buğda ehtiyaclarının ən azı yarısını bu ölkələrdən idxal edir:
“Ona görə də qlobal bazarda təklifin aşağı olmasına və qiymətlərin bahalaşmasına səbəb olan bu münaqişənin ərzaq təminatı olmayan ölkələrə mənfi təsir göstərəcəyi gözlənilir. Qlobal Sülh və Tolerantlıq naminə” Ərzaq təhlükəsizliyi məsələləri bütün ölkələr, o cümlədən Azərbaycan üçün getdikcə aktuallaşır, çünki kənd təsərrüfatı məhsullarının ixracının artmasına baxmayaraq, mənim ölkəm hələ də bəzi kənd təsərrüfatı məhsullarının alıcısıdır. Lakin 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində biz indi bu torpaqlarda, kənd təsərrüfatı infrastrukturunun fəal inkişaf mərhələsindəyik”.
Deputat qeyd edib ki, Qarabağ Azərbaycanın təbii sərvətləri ilə zəngin, həmçinin kənd təsərrüfatı üçün ən münbit torpağı və bol suyu olan ərazidir. Yeni azad edilmiş bu ərazilər təbiət və iqlim qurşağının müxtəlifliyinə görə həm daxili istehlak, həm də ixrac üçün böyük kənd təsərrüfatı istehsalı potensialına malikdir: “Ona görə də bu ərazilərdə kənd təsərrüfatının inkişafı təkcə Azərbaycanın deyil, bütün regionun ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edə bilər. Bu istiqamətdə atılacaq addımlar həm regiona yeni investorlar cəlb edə, həm də kənd təsərrüfatı sahəsində Azərbaycanla artıq tərəfdaşlıq əlaqələri qurmuş ölkələrə fayda gətirə bilər”.
K.Nurullayeva bəzi təkliflər də səsləndirib. Bildirib ki, beynəlxalq bazarlarda təchizatı saxlamaq və qiymət artımlarını minimuma endirmək üçün hökumətlər ərzaq və gübrələri sanksiyalardan çıxarmalı, ixrac məhdudiyyətlərini tətbiq etməkdən çəkinməlidirlər. Bu yolla müharibənin səbəb olduğu qlobal kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin pozulmasının təsirlərinin qarşısını almaq mümkün ola bilər.
Deputat hesab edir ki, qlobal ərzaq təhlükəsizliyinin artmasına səbəb olan digər amil ərzaq tullantılarıdır: “Hər il 1,3 milyard ton qida israf edilir və bu miqdarı minimuma endirmək, ərzaq təhlükəsizliyini təmin etmək üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən olan kiçik fermerlər üçün ərzaq itkisini əhəmiyyətli dərəcədə azalda biləcək sadə, ucuz saxlama üsulları tətbiq edilməlidir. Bundan əlavə, ədalətsiz ticarət nizamlanmalarına görə bəzi fermerlər yerli əhalini qida ilə təmin edə bilmir. Bu sektor artıq güclü korporasiyalar tərəfindən kommersiyalaşdırılıb və bu faktor, kiçik fermerlərin öz mallarını satmasını çətinləşdirir. Buna görə də, hökumətlər bazarda iştirakın hər kəs üçün bərabər olmasını təmin etmək üçün xüsusi proqramları təkmilləşdirməlidirlər.”
Qeyd edək ki, sessiyada Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid Talbi Alami, Mərakeş Krallığı Məşvərətçilər Şurasının sədri Elnaam Mayara, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin Prezidenti Marqarita Restrepo, eyni zamanda Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın Prezidenti Əhməd bin Məhəmməd Əl Cərvan, Parlamentlər Birliyinin Sədri Duarte Paçeço, eləcə də müxtəlif ölkələrin parlament sədrləri və deputatlar çıxış edib.
Milli Məclisin deputatı Könül Nurullayeva, həmçinin Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq iclasda iştirak edərək çıxış edib. Deputat sessiyanı tolerantlıq və sülh dəyərlərinin təbliği baxımından səmərəli platforma adlandırıb. Qeyd edib ki, hazırda bu dəyərlərin bütün dünyada yayılmasının qarşısını alan maneələr var. Onlardan biri də Rusiya və Ukrayna arasında davam edən müharibədir: “Bu müharibə mülki şəxslərin, xüsusən də qadınların və uşaqların əziyyət çəkməsinə, dünya iqtisadiyyatının çökməsinə səbəb olur. Şuranın nümayəndələri olaraq biz beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla məsələnin diplomatik yollarla həllinə nail olmaq üçün birgə çalışmalıyıq”.
Deputat Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik məsələsinə də diqqət çəkib. Bildirib ki, Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır: “Buna görə də Ermənistanla sülh sazişi imzalamağı qarşıya məqsəd qoyub. Belə ki, Azərbaycan qarşı tərəfə iki ölkə arasında münasibətlərin normallaşması üçün beş əsas prinsip təqdim edib. Bu prinsiplərə bir-birinin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının hüquqi öhdəliyi, bir-birinin təhlükəsizliyini təhdid etməmək, sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması daxildir. Azərbaycanın təklif etdiyi prinsiplər dövlətlərarası münasibətlərin əsas prinsipləridir. Əminəm ki, Şuranın müəyyən etdiyi məqsədlər sayəsində bütün dünyada olduğu kimi yuxarıda qeyd olunan məsələlərdə də tolerantlığın və sülhün təşviqinə öz töhfəmizi verəcəyik. Sülh dünyanı xilas edəcək”.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin 14-16 iyul tarixlərində keçirilən müzakirələrinə Daxla şəhərində yekun vurulacaq.