Sivilizasiyanın bir addımlığında: Zaqulbada məşhur çimərlik də var, dağıntı da – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sivilizasiyanın bir addımlığında: Zaqulbada məşhur çimərlik də var, dağıntı da – FOTO

11:54 - 28 / 07 / 2022
Sivilizasiyanın bir addımlığında: Zaqulbada məşhur çimərlik də var, dağıntı da – FOTO

Yayın ən qızğın vaxtıdır. Bir çoxları istirahət üçün xarici ölkələrə üz tutur. Amma şəraitə görə ölkə daxilində, o cümlədən Abşeron çimərliklərində istirahət edənlər, Bakı üçün nadir olan sakit günlərdə dəniz kənarında istirahət etməyə üstünlük verənlər də az deyil.

Bəzi çimərliklərdə həftə sonları o qədər insan olur ki, necə deyərlər, iynə atsan yerə düşməz. Ən məşhur çimərliklərdən birinə - Zaqulba çimərliyinə baş çəkən zaman buna əmin olduq. Orda gördüklərimizi sizin də diqqətinizə çatdırmaq istəyirik.

Keçmiş cənnət

Onu da deyim ki, Zaqulbaya çimərlik həvəskarları arasında həmişə böyük tələbat olub. Bir çox bakılılar bura qatarla necə gəldiklərini xatırlayırlar, həftə sonları isə çimərlik adamla dolu olurdu.

Burada SSRİ-nin ən məşhur sanatoriyalarından biri - “Gənclik” yerləşirdi. Keçən əsrin 70-ci illərində populyarlıq qazanan və əsrin sonlarına qədər tələbatda qalan sanatoriya beynəlxalq turizm mərkəzi kimi fəaliyyət göstərirdi.

“Gənclik”in sahilyanı ərazisi bakılıların sevimli istirahət yerlərindən biri idi. Möhtəşəm qızılı qum mənzərəli qayalı sahili olan çimərliyə xüsusi gözəllik verir - hər çimərlik belə zənginliyi ilə öyünə bilməz. Yalnız Pirşağının “Qızıl Qum”u qumun keyfiyyətinə görə “Gənclik”lə müqayisə oluna bilərdi.

Çimərliyə gedənlər təbiətin bu əvəzolunmaz hədiyyəsindən böyük məmnuniyyətlə istifadə edərək, hazırda SPA salonlarında da geniş tətbiq edilən “qum müalicəsi” alırdılar.

Yəni, qum təkcə istirahət üçün deyil, həm də sağlamlıq üçün istifadə olunurdu. İnsanlar nəinki qumun üstündə gəzir, onun üstündə qaçır, uzanır, hətta başlarına qədər özlərini qima basdırırdılar.

Dəhşətli xarabalıqlar

Bir vaxtlar məşhur olan bu “qum cənnətini” çox acınacaqlı vəziyyətdə görəndə təəccübümüzü təsəvvür edin.

Qumun özü heç yerə getməyib. Hələ də əladır:

Lakin çimərliyin yerləşdiyi ərazi acınacaqlı vəziyyətdədir...

Əvvəllər bura təkcə pilləkənlər deyil, həm də “Gəncliy”i çimərliklə birləşdirən kanat yolu aparırdı. Buna görə də, 90-cı illərin sonlarına qədər burada tətil edənlər arasında olduqca populyar olan bir estakada fəaliyyət göstərirdi - siz ona qalxa və hündürlükdən dəniz mənzərəsindən həzz ala bilərdiniz.

Xüsusilə istilərin azaldığı axşamlar estakadaya tələbat daha çox olurdu. İnsanlar burada gün batımını seyr edə-edə çay süfrəsi açırdılar ...

İndi həmin estakadanın ancaq adı qalıb:

Onun altındakı tikililər də son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir - duş otağı, tualet və s.:

Bir sözlə, ərazi çox acınacaqlı vəziyyətdədir:

Hələ də möhtəşəm “Gənclik” qumunun düz ortasında bir qalaq daş yüksəlir!

Zaqulba qəsəbə sakini Xəyalə Əliyevanın sözlərinə görə, ötən il qumun üstündə ümumiyyətlə gəzmək mümkün deyildi. Özünü quma basdırmaqdan isə heç danışmağa dəyməzdi.

“Hər yerə kiçik və iti uclu daşlar səpələndiyi üçün bura gələn zaman estakada olan ərazidə qumun üstündə gəzmirdik. Bu il çimərlik təmizlənib. Hansı idarə və ya təşkilatın səyi ilə olduğunu bilmirik. Gördüyünüz kimi, daşları bir yerə yığıblar. Çimərlik mövsümü başlayandan xeyli vaxt keçib, hələ də daşlar götürülməyib. Belə çıxır ki, işlər yekunlaşmayıb”, - deyə H.Əliyeva 1news.az-ın müxbirinə bildirib.

Qəsəbə sakini onu da qeyd etdi ki, yerli sakinlər bu əraziyə adam az olduğu üçün üstünlük verirlər. Lakin həftə sonları burada o qədər insan olur ki, dənizə girmək belə demək olar ki, mümkün olmur.

“Görünür, insanların çoxu sahil boyu, “Gəncliy”ə getməyə tənbəllik edirlər, gələnlər isə çox güman ki, bütün bu mənzərədən qorxurlar”, deyə, H.Əliyeva sözlərinə əlavə etdi.

Açığını deyim ki, bir vaxtlar yay tətilini burada keçirən bizlər də gördüyümüz xoşagəlməz mənzərədən məyus olduq. Kim xarabalığa biganə qala bilər ki? Ancaq yenə də ən azı bir neçə müsbət cəhət tapmağa çalışdıq.

Sivilizasiyanın əlamətləri

Bu ərazidə xilasedicilər işləyir. Hətta “Gənclik”in çiçəkləndiyi zamanlardan qorunub saxlanılan bir qüllə də var:

Çimərlikdə olduğumuz iki gün ərzində xilasedicilərin özləri qüllədə tapılmadı, lakin onun olması və “təzə” görünüşü infrastrukturun vəziyyətinin saxlanıldığını göstərir.

Xəbərdarlıq nişanları da var:

Qüllənin altındakı zibil torbaları göstərir ki, burada zibil qabı yoxdur.

Nə olursa olsun, bu onsuz da vəhşi çimərliyin ərazisinin hələ də nəzarətdə olduğu hissi var idi.

Yeri gəlmişkən, onu təkcə yerli sakinlər ziyarət etmir. Çox vaxt insanlar çətirlər, stollar və stullar da daxil olmaqla, ehtiyac duyduqları hər şeyi olan maşınlarla buraya gəlir və manqal piknikləri təşkil edirlər.

Üzgüçülük zonasını aydın göstərən xəbərdarlıq nişanına baxmayaraq (sağdadır) insanlar burada dənizə girirlər.

Bu işarə ona görə qoyulub ki, Zaqulbanın hər yerində olduğu kimi burada da suyun dibi qayalıqdır. Ancaq çimərliyə tez-tez gələnlər bu xüsusiyyətdən xəbərdardırlar və bütün “maneələri” təhlükəsiz şəkildə keçirlər. Bir-birindən nəzərəçarpacaq məsafədə yerləşən yalnız iki böyük sualtı qaya saydıq.

Burada əvvəlki görünüşü qorunub saxlanılan yeganə şey möhtəşəm qayalardır:

Dənizdən qəsəbəyə gözəl mənzərə açılır:

Amma etiraf etmək lazımdır ki, ərazinin, xüsusən də çimərliyin gözəlliyi təkcə təbiətlə məhdudlaşmır. Aydındır ki, bir vaxtlar əhali arasında olduqca məşhur olan bu ərazinin abadlaşdırılmasına ehtiyac var. Söhbət ondan gedir ki, müvafiq tədbirləri kim həyata keçirə bilər.

Məsuliyyət sahəsi

Məsələ ilə bağlı Bakının Xəzər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qeyd edək ki, iyunun sonunda bu icra hakimiyyətinin rəhbərliyi geniş ictimaiyyətin və KİV-lərin çoxsaylı şikayətlərinə operativ reaksiya verdi - Zaqulbanın qonşuluğunda yerləşən Buzovna kəndində dənizin sahilində qanunsuz çəkilən hasarlar və tikililər tamamilə söküldü.

Bakı sakinlərinin digər ərazilərdə də “dənizə çıxışın” təmin ediləcəyinə ümidi yaranmışdı.

Xəzər rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Gülbala Qurbanov 1news.az-a bildirdi ki, keçmiş “Gənclik”in çimərlik ərazisi Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil: “Bildiyimə görə, bu ərazi nə vaxtsa özəlləşdirilib, amma necə və kim tərəfindən özəlləşdirildiyi ilə bağlı dəqiq məlumatım yoxdur”.

O, həmçinin qeyd etdi ki, hazırda bu ərazidə çimərlik operatoru (ərazini idarə edən qurum – Red.) yoxdur.

“Çimərlik turizm düşərgəsinə məxsusdur (“Gənclik” – Red.), lakin düşərgənin özü fəaliyyət göstərmir”, - deyə G.Qurbanov sözlərinə əlavə edib.

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinin Zaqulba ərazisinə cavabdeh olan Buzovna kənd nümayəndəliyi ilə də əlaqə saxlamağa çalışdıq. Amma nümayəndəliyin rəhbərliyi ilə danışmaq mümkün olmadı.

“Gənclik” MMC-nin dəqiq kimin balansında olduğunu öyrənmək üçün İqtisadiyyat Nazirliyinə də sorğu göndərdik. Hələlik heç bir cavab verilməyib.

“Gənclik” düşərgəsinin kimə məxsus olub-olmamasından asılı olmayaraq bir məsələ aydındır ki, onun çimərlik ərazisinin daha da abadlaşdırılmasına ehtiyac var. Axı mövcud çatışmazlıqlara baxmayaraq, hələ də bu çimərliyə tələbat var, bu isə o deməkdir ki, burada istirahət üçün normal şərait yaradılmalıdır. Bunu etmək üçün bütün zibilləri və daş yığınını ərazidən çıxarmaq, ən azı bir zibil qutusu quraşdırmaq və mümkünsə dənizin sahil ərazisini daşlardan təmizləmək kifayətdir.

Aydındır ki, “Gənclik”in indiki sahibinin burada abadlaşdırma və ya tikinti işləri aparmaq üçün sadəcə olaraq lazımi vəsaiti olmaya bilər.

Başqa bir seçim də mümkündür: bu cür işlər artıq planlaşdırılıb və aparılacaq, çünki bu yer sadəcə “ikinci nəfəs” almağa sadəcə məhkumdur.

Bəli, bu əfsanəvi çimərliyi hələ də sevənlər üçün yalnız bir şey qalıb - onun ən məşhur istirahət yerlərindən biri kimi əvvəlki şöhrətini qaytaracağına ümid etmək.

Alyona Salayeva

Paylaş:
1225

Son xəbərlər

Bütün xəbərlər