“İctimai nəqliyyatdakı problemləri həll etmək əvəzinə deyirlər ki, piyada gəzin” - MÜSAHİBƏ
“Bu yaxınlarada BNA-nın təbliğat xarakterli postunu gördüm. Yazılmışdı ki, “Piyada gəzin, sağlamlığa xeyirdir”. Məncə, BNA bizə sataşır, ələ salır”.
Bu sözləri 1news.az-a müsahibəsində nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Müsahibəni təqdim edirik:
- Yeni tədris ilinin başlaması səbəb ilə Bakı və Bakıətrafı ərazilərdə yollarda bir sıra tıxacalar meydana gəlib. Siz bu problemin həlli yolunu nədə görürsünüz?
- Bəli, yeni mövsümün başlaması səbəbi ilə paytaxt və ətrafındakı ərazilərdə tıxaclar yaranır. Bu məsələnin həlli üçün tətillərdə və ya 6 ay öncədən müəyyən addımlar atmaq olardı. Yeni dərs ili başlayıb, hətta bəzi yollarda hələ də təmir işləri gedir. Daha sonra məktəb qarşısında parklanma yerləri təşkil olunmayıb və ictimai nəqliyyatda vəziyyət heç də ürək açan deyil. Bunlar hamısı ümumilikdə sıxlığa və tıxacların yaranmasına səbəb olur. Təsəvvür edin ki, Bakı şəhərində sıxlıq artıq normal bir proses olaraq sayılır. İri şəhərlərdə hər zaman sıxlıq olur, amma bizim şəhərimizdə bu vəziyyət xroniki bir hal alıb. Əslində bu həll edilə bilər, mərhələli şəkildə bunu həll etmək mümükündür. Bunun üçün ilk növbədə Bakı şəhərində ictimai nəqliyyatı şaxələndirmək lazımdır. Bizdə məsələn, əsasən, metro və avtobuslardan istifadə olunur. Digər nəqliyyat vasitələrindən də istifadə etmək olar, misal üçün sürətli tramvayları deyə bilərəm. Bakı mərkəzində olmasalar da Bakıətrafı zonalarda istifadə edilə bilər. Daha sonra ictimai nəqliyyata buraxılan marşrut xətlərinin sayını artıra da bilərlər.
- Avtobus zolaqları haqqında nə düşünürsünüz, sizcə, məqsədyönlü istifadə edilir?
- Avtobus zolaqları sanki hansısa bir iş görmək xatirinə edilib. Halbuki bu belə olmamalı idi, fundamental olaraq həyata keçirilməli idi. Əgər biz ictimai nəqliyyata yol və ya zolaq ayırırdıqsa, bu peşəkarcasına həyata keçirilməli idi. Görürük zolaq bu yolda var amma digər yolda yoxdur. Heç avtobuslar da bu yollardan istifadə etmir. 40 dəqiqədən bir avtobus gəlir. Bu yarımçıq qırıq-qırıq olan avtobus zolaqları ilə bağlı da bir həll yolu tapmaq lazımdır.
- Yollarda qəzalar baş verdikdə də tıxaclar yaranır. Qəza zamanı nə kimi addımlar atılmalıdır ki, tıxac yaranmasın?
- Mən bildiyimə görə, əgər yolda qəza baş veribsə, insan xəsarət almayıbsa, ziyanın miqdarı elə də çox deyilsə, vətəndaşlar sözləşib yoldan uzaqlaşmalıdırlar ki, yolda tıxac yaranmasın. Bundan sonra sığorta ilə əlaqə saxlayıb problemi həll də edə bilərlər. Lakin bizim bəzi sürücülər avtomobilə ciddi xəsarət dəymədiyi zaman belə yolda dayanıb tıxaca səbəb olurlar.
- Bakıətrafı ərazilərdə yaşayan insanlar var ki, hər gün paytaxt mərkəzinə gələnə kimi saatlarla tıxaclarda qalırlar. Sizcə, sürət qatarları bu mövzuda sakinlərin köməyinə çatar?
- Düşünürəm ki, sürət qatarlarındansa, metrolar şaxələndirilməlidir. Məsələn Bakıətrafı qəsəbələrdə metrostansiyalarının olması daha məqbul olardı.
- Bəzən Universitetlərin Bakının mərkəzindən kənara çıxarılması ilə bağlı təkliflər səsləndirilir. Ancaq universitetlər mərkəzdən kənar ərazilərə köçürülsə, həmin binalar boş qalmayacaq. Həmin binalar başqa qurumlara verilsə yenə də sıxlıq yarana bilər?
- Düşünürəm ki, bu bir problem olmaz, çünki universitetlərə gün ərzində 500-1000 nəfər gəlirsə, iş yerlərinə daha az insan gələcək. Məsələn universitetləri Bakıətrafı ərazilərə köçürsələr həmin yerləri də banklara, sığortalara icarəyə versələr çox yaxşı olar.
- Sizcə, vətəndaşlar gedəcəkləri yerlərə piyada getsələr yaxşıdır ya sıxlıq olan ictimai nəqliyyatla?
- Bu yaxınlarada BNA-nın təbliğat xarakterli postunu gördüm. Yazılmışdı ki, “Piyada gəzin, sağlamlığa xeyirdir”. Məncə, BNA bizə sataşır, ələ salır. İctimai nəqliyyatdakı problemləri həll etmək əvəzinə deyilər ki, piyada gəzin. Sual vermək istəyirəm ki, İnşaatçılarda yaşayan vətəndaş hər gün Xətaiyə piyada olaraq gedə bilərmi?
- Avropanın bir çox ölkələrində velosiped nəqliyyat vasitəsi kimi istifadə olunur. Sizcə, gələcəkdə bizdə də velisoped nəqliyyat vasitəsinə çevrilə bilər?
- Mən velosiped idmanı ilə peşəkar şəkildə məşğul olmuşam. Qeyd edə bilərəm ki, Bakı relyef olaraq velisoped yolları üçün elə də əlverişli deyil. Enişli-yoxuşlu yollar çoxdur. Lakin velisoped Bakı şəhərində həmişə idman növü və əyləncə kimi həmişə populyar olub. Amma nəqliyyat vasitəsi kimi heç bir zaman populyar ola bilməyib. Onun da bir sıra səbəbləri var, bayaq da qeyd etdiyim ki, yolların enişli-yoxuşlu olması, amfiteatr xarakterli olması, relyefi və s. səbəblərini göstərə bilərik. Amma bu o demək deyil ki, Bakının hər yerində vəziyyət belədir. Xeyr. Belə deyil. Ən azından relyefin icazə verdiyi yerlərdə vətəndaşlar, şəxsən mən özüm də velisopeddən ictimai nəqliyyat vasitəsi kimi istifadə edərəm.
Aynurə Xudaverdiyeva