Repetitor yanına getmədən universitetə qəbul olmaq mümkündür? - ŞƏRHLƏR
İllərdir ki, Azərbaycan təhsilini ağuşuna alan zəhərli bir sarmaşıq var: “Hazırlıqlar”
İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq demək olar ki, müşkül məsələdir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, uşaqlar məktəbə qədəmlərini qoymadan repetitor yanına getməli olurlar. “Mənim uşağım filan müəllimin hazırlığına gedir”, “Deyirlər, filan müəllimin zəif yazan abituriyenti olmayıb”, "Hə, tanıyıram, əvvəllər mənim uşağım da onun yanına gedib...” Yəqin ki, hamının qulağı valideynlərin etdiyi bu söhbətlərə aşinadır. Müəllim axtarışına çıxan valideynlər, “onsuz da hazırlığa gedəcəm” psixologiyası ilə arxayın düşən uşaqlar və pandemiya kimi canına yayılan bu xəstəlikdən qurtula bilməyən təhsilimiz...
Bəs bunun səbəbi nədir? Niyə abituriyentlər repetitor olmadan universitetə qəbul ola bilməyəcəklərini düşünürlər?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov deyib ki, repetitorluq fəaliyyəti normaldır.
“Repetitorluq məsələsi və onun təhsilimizə vurduğu ziyan uzun zamandır müzakirə olunur. Eyni zamanda repetitorluq nəticəsində məktəblərdə, xüsusən də yuxarı siniflərdə nizam-intizamın pozulması, müxtəlif neqativ halların ortaya çıxması müşahidə olunur.
İmtahan bir mübarizədir və bu mübarizədə önə keçmək üçün hər zaman alternativ xidmət, yəni məktəb xaricində də müxtəlif kurs, fərdi müəllim və s. xidməti olur. Çünki dünyada bir təhsil bazarı var və bu təhsil bazarında insanlar özlərini inkişaf etdirmək üçün ödəniş müqabilində müxtəlif kompüter proqramları, dil və s. öyrənir. Repetitorluq fəaliyyəti də normaldır. Bu eyni zamanda bir ticari fəaliyyətdir. Repetitorlar qeydiyyatdan keçərək vergisini ödədikdən sonra leqal şəkildə fəaliyyət göstərirlər. Bu, həm də iqdisadiyyata töhfə verən fəaliyyətdir".
"Amma bir nüans var ki, repetitorluq şagirdin tədris prosesini, məktəbdəki fəaliyyətini pozmamalıdır" - deyə, E.Süleymanov əlavə edib:
"Bir də ki, universitetə qəbul sistemini müəyyən qədər dəyişdirərək repetitorluq fəaliyyətini daha faydalı istiqamətə yönləndirmək mümkün ola bilər. Yəni, repetitorlar daha çox universitetə qəbul imtahanı istiqamətində hazırlıq edirlər və bu da test istiqamətlidir. Bu isə, bilikdən daha çox taktika və çeviklik qazandırır. Abiturentlər universitetə qəbul olduqdan sonra repetitorluq ilə əldə etdiyi bilik və bacarıqların çoxunu unudur. Əslində repetitorluq daha çox dil bacarıqlarının, məntiqi təfəkkürün inkişafı istiqamətində olmalıdır. Amma bu da test sistemi ilə əlaqəlidir. Məsələn, dünyanın aparıcı ölkələrində universitetlər test sistemi ilə qəbul aparmırlar. Universitetlər qəbulu məktəbdəki göstəriciləri, kollec qiyməti, eyni zamanda beynəlxalq səviyyədə tanınmış imtahan nəticlərinə görə aparırlar. Düzdür, IELTS və digər imtahanlara hazırlaşmaq da repetitorluq fəaliyyətidir, amma bu fəaliyyət nəticəsində müəyyən bacarıqlar əldə edilir.
Düşünürəm ki, bu istiqamətdə sistemin dəyişməsi abituriyentlər üçün faydalı ola bilər. Repetitorluq həmişə aktual olacaq. Bunun üçün təhsil sitemindəki qiymətlənmənin forma və məzmunu dəyişdirilərək orta təhsil göstəricisinin qəbul zamanı istifadə edilərsə, neqativ hallar aradan qalxa bilər. Düşünürəm ki, repetitorluq fəaliyyətinin qarşısını kəsmək başqa cür mümkün olmaz. Çünki tələb olduğu zaman təklif, təklif olduğu zaman isə tələb var”.
Heç bir repetitor yanına getmədən qəbul imtahanına hazırlaşan və 635 balla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd tam orta məktəbinin 2016-cı il məzunu Mənsurə İsmayılova repetitor olmadan da tələbə adını qazanmağın mümkün olduğunu sübut edən gənclərimizdən biridir.
M.İsmayılova deyib ki, onun hazırlaşdığı 3-cü qrup riyaziyyatı çıxmaq şərtilə humanitar fənnlərdən ibarət idi:
"Azərbaycan dili, ədəbiyyat, tarix və rus dili. Yəni hamısı oxuyub başa düşüləcək fənnlər idi. Hər şeyi dərsliklərdən öyrənir, əlavə olaraq da dərs vəsaitləri, test topluları alıb onların üzərində çalışırdım. Riyaziyyatı isə məktəbdə öyrənirdim. Düsturları əzbərləyir, məsələ və misallar həll edirdim”.
Magistr və MİQ imtahanlarına da repetitorsuz hazırlaşan M. İsmayılova hazırda Bakı şəhər, Xətai rayonu 254 nömrəli tam orta məktəbdə müəllim işləyir. Gənc müəllim indiki dövrdə repetitor yanına getmədən universitetə hazırlaşmağın çətin olduğunu söyləyib:
“Çünki məktəb proqramı ilə universitetə qəbul proqramı arasında bir az uyğunsuzluq var. Düzdür, aşağı sinifdə keçilənlərlə yuxarı sinifdə keçilənlər arasında inteqrasiya var, amma 5-6-cı sinifdə keçilən dərslər qəbul vaxtı bir az mürəkkəb şəkildə soruşulur.
Bir məsələ də var ki, hər insan iradəli deyil. Həmçinin məsuliyyət də vacibdir. Mən özümə qarşı tələbkar və məsuliyyətli idim. Yadımdadır ki, özüm üçün cədvəl hazırlamışdım. Həftənin hər günü, hətta bazar günü belə özümə istirahət vermirdim. Cədvəlimi elə bölmüşdüm ki, hər gün üç fənnlə məşğul olurdum və heç bir dərs kənarda qalmırdı.
İndi belədir ki, uşaqlar mütləq hazırlığa getməlidirlər, müəllim onlara tapşırıq verməlidir və sonra onlardan dərsi soruşmalıdır ki, özlərində məsuliyyət hiss edib nə isə öyrənsinlər.
Mənim dərs dediyim sinifdə də belədir. Ev tapşırığı verməsəm, evə gedəndə “müəllim onsuz da heç nə verməyib” deyib kitab üzü açmırlar. Mən mütləq ev tağşırığı verməliyəm ki, kitabı açıb oxusunlar. Yəni vəziyyət bu cürdür”.
M. İsmayılova son olaraq qəbul imtahanına özü kimi repetitorsuz hazırlaşan bacısı Fidan İsmayılovadan da danışıb:
“Bacım sadəcə tarix fənnindən repetitor yanına gedib, çünki tarixdən çətinlik çəkirdi. Amma qalan fənnlərə özü hazırlaşırdı. O da məsuliyyətli və özünə qarşı tələbkar idi. Birinci imtahanında 614 bal, ikincidə isə 620 bal topladı”.