İran aksiyalarının pərdəarxası və inqilaba gedən yol - Politoloqdan açıqlama
İran Ermənistan istisna olmaqla bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti, ideoloji və hərbi qarşıdurma göstərir. İraq, Suriya, Yəmən, Livanda terrorun arxasında İranın durması, İranın Yaxın Şərqi qan gölməçəsinə çevirməsindəki məqsədi nə ola bilər?
1news.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Elşad Həsənov İranda molla-fars rejiminə qarşı baş qaldıran iğtişaşların Milli Azadlıq Hərəkatına doğru getdiyini vurğulayıb:
"İran tarixən böyük və güclü dövlət olmaqla yanaşı Azərbaycan dövləti olub. Artıq 100 ilə yaxındır ki, fars rejiminin idarəsindədir. 1979-cu ildən Xamneyinin hakimiyyətə gəlməsi ilə fars molla rejimi bu günə qədər davam edir və düşünürəm ki, son günlərini yaşayır. Onların məqsədi ətraf ölkələrə şiəliyi yayıb özlərinə tərəfdar yığmaqdır. Azərbaycan müstəqillik qazanandan bu günə kimi hər zaman İran bizə qarşı qeyri-adekvat münasibət sərgiləmişdir. Həmçinin ölkəmizdən İrana təhsil üçün gedənlərin hamısını öz tərəflərinə çəkərək Azərbaycanda dini təbliğat aparmaq istəyir. Lakin buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan dünyəvi bir dövlətdir. Həmçinin İraq, Suriya, Yəmən, Livan kimi ölkələrdə də şiəliyi təbliğ etmək və özlərinə tərəfdarlar yığmaq niyətindədir".
Həmçinin E.Həsənov artıq 2 aydır ki, İranda molla-fars rejiminə qarşı baş qaldıran iğtişaşların səbəbinin fonunda insanların bu rejimin tərəfdarı olmadığını da vurğulayıb:
"Qadınlar məcburi çarşabların əlindən beziblər, digər ölkələrin qadınları kimi azad olmaq istəyirlər. Rejimə qarşı baş qaldıran xalqın bu addımları Milli Azadlıq Hərəkatına doğru gedir. Həmçinin son dövrlər İranın Azərbaycan sərhəddində hərbi təlimlər keçməsi və müxtəlif bu kimi məkirli addımları onlar üçün utancverici bir hadisədir. Bu onu göstərir ki, İran necə də cılız siyasətə sahibdir. Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil, 44 günlük Vətən Müharibəsi ilə dünyaya necə gücə sahib olduğumuzu göstərdik. Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibidir. Onu da qeyd edim ki, Azərbaycan Türkiyə ilə hər baxımdan müttəfiqdir. Bu yaxınlarda türk dövlətlərinin birgə təşkilatçılığı ilə tədbir də keçirildi. Bütün bunlardan narahat olan İran “təpiklər” atmağa başladı. Azərbaycan da onu cavabsız qoymayacaq. Həmçinin bu yaxınlarda Azərbaycan vətəndaşlarından İran agentləri DTX tərəfindən müəyyən olundu. Onlar özləri də etiraf etdilər ki, İran tərəfindən xidmət göstərirlər. Bir qismi hətta Suriyada döyüşlərə də göndərilib. Bütün bunların məqsədi ölkəmizdə qarışıqlıq yaratmaqdır. Təbii ki, onlar buna nail ola bilməyəcəklər. Bayaq da qeyd etdiyim ki, Azərbaycan dünyəvi dövlətdir. İran həmin casuslar vasitəsi ilə ölkə ərazisindəki hərbi kommisarlıqların binasının və bir sıra sənaye yerlərinin ərazisini öyrənməyə cəhd edirdi. Bu qonşuluğa yaraşmayan hərəkətdir. Azərbaycan Respublikasının Prezidenti İranın lazimi cavabını həm Şuşada, həm də Səmərqənddə layiqincə verdi. Məncə, İran rəsmiləri buradan özlərinə pay götürüblər. İranın məqsədi müsəlman ölkələrini bir-birinə qatmaqdır. İran bilməlidir ki, bundan sonra Azərbaycana qarşı nəsə etsə, cavabını 10 qat artıqlaması ilə alacaq".
Aynurə Xudaverdiyeva