İlyas Hüseynov: “İranda 35 milyondan çox soydaşımız daim təqiblərə məruz qalır”
“BMT-nin İnsan Hüquqları Şurasında 24 noyabrda “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda sessiya keçiriləcək. Bu sessiyanın əsas təşəbbüskarları İslandiya və Almaniyadır və 44 dövlət bu təşəbbüsdü dəstəkləyib”.
Bu sözləri 1news.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
“Bizim cənubda olan soydaşlarımızın hüquqlarının sistematik şəkildə pozulması xüsusilə vurğulanmalıdır. Soydaşlarımızın assimiliyasiya edilməsi istiqamətində fəalsiyasət aparılır. Eyni zamanda Urmiya gölünün qurudulması və azərbaycanlılara məxsus sərvətlərin talançılığı icra olunur. Urmiya gölünün qurudulmasına qarşı çıxan şəxslər təqib olunur, siyasi repressiyalara məruz qalır, həbs edilir və müxtəlif formalarda cəzalandırılır. Azərbaycanlıların ana dilində oxumaq, yazmaq, təhsil almaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları tam məhdudlaşdırılır.
Regionda müsəlman dövlətləri ilə əhatə olunan və islam dəyərləri üzərində dövlət idarəediciliyi həyata keçirən İran İslam Respublikası yalnız Ermənistanla yaxşı münasibətlərdədir. İraqda, Suriyada, Livanda və Yəməndə müxtəlif terrorçuluq hərəkətlərinin icrasında terror qruplaşmalarının silahlandırılmasında, eləcə də ideoloji müharibənin icrasında İranın qanlı əməlləri var. İran Yaxın Şərqin qan gölməçəsinə çevirilməsində fəal rol oynayır. Bütün bunlara baxmayaraq, İran tərəfi eyni zamanda Rusiyaya pilotsuz uçuş aparatlarının verilməsi ilə bütün dünyada gedən xaosa və anarxiyaya da dəstək olur.
Dünya siyasətində daha da gərginliyin yaranması istiqamətində rəsmi Tehran fəaliyyət göstərir. Yerləşdiyi regionda mənfi addımlar atmasına, insan hüquqlarının pozulmasına rəğmən həm də öz coğrafi bölgəsindən kənarda da destruktiv hərəkətlər icra edir. Buna görə də İnsan Hüquqları Şurasında bu məsələlər gündəliyə qalxmalıdır və bizim İranda olan soydaşlarımızın hüquqları ilə bağlı məsələlər də əsas prioritet təşkil etməlidir. Çünki insan hüquqları İranda kobud şəkildə pozulur və 35 milyondan çox soydaşımız daim təqiblərə məruz qalır. Bu xüsusda məhz BMT-də azərbaycanlıların məsələsi də gündəliyə qalxmalıdır və bu beynəlxalq təşkilat da İranı qınayan qətnamə qəbul etməlidir”.
Ayşən İsmayılova